Bostan  sahələrindən  məhsuldarlıq  artıb
Region

Bostan  sahələrindən  məhsuldarlıq  artıb

Bostançılıq Azərbaycanın  ənənəvi  kənd   təsərrüfatı  sahəsidir. Qarpız, yemiş, boranı  və  s. ölkənin  bir çox bölgələrində   əkilə  və yetişdirilə   bilir. İnsan   sağlamlığı  üçün vacib  qida sayıldığına görə əkildiyi  ərazilər   ildən-ilə   genişləndirilir. Məsələn, 2020-ci  ildə  onun   əkin  sahəsi  19,9 min   hektar  idisə, növbəti    il   həmin  ərazilər  250   hektar   artıb, bu  il   isə  20 ,2  min   hektar    olub.

Əkin  sahələrinin   genişləndirilməsinə   səbəb  həm  də  əhali   arasında  bu  məhsula   tələbatın   yüksək   olması   ilə  bağlıdır. Məlumat  üçün   bildirək   ki,   respublikamızda bostan   məhsullarına  olan  adambaşına    illik  tələbat 19  kiloqramdır.

Aran  regionu  bostan  məhsullarınınn  ən  çox   əkildiyi geniş   bölgədir. Dövlət  Statistika  Komitəsi   bildirir ki, bu  il  oktyabrın 1-dək  bütün   bölgələrdə  məhsul   yığımı  başa  çatıb. Ölkə  üzrə  466,5 min ton  məhsul   toplanıb   ki, bu  da  əvvəlki   ilin   eyni   dövründəki göstəricidən  13   min   ton  artıqdır. Ölkə   üzrə  hər   hektardan   məhsuldarlıq  da  müvafiq  olaraq  5   sentner  artaraq  232   sentnerə  çatıb.

4  min   hektardan  artıq sahədə   əkin   aparan   Sabirabad   rayonu   bu   işdə   liderdir. 146   min   tona   yaxın   məhsul   istehsal   edən   rayon hər   hektardan  356   sentnerə  -- ən  yüksək   göstəriciyə   nail   olub. Ölkə   üzrə  ikinci   sırada  Saatlı rayonu   dayanır - 82  min  tona  yaxın. Bu   rayonda  da  məhsuldarlıq   yaxşıdır, hər   hektardan   334 sentner. Yuxarıda  adıçəkilən   hər  iki  rayon   Mil-Muğan   iqtisadi   rayonuna daxildir.

Aranın  digər  rayonu   olan  Kürdəmir   də  böyük   potensialı   olan  bostançılıq  rayonudur. Geniş  ərazidə -- 2.2  min  hektar sahədə   bostan   əkilməsinə   rəğmən,  cəmi 43 min ton məhsul toplanılıb. Bu  da  başa düşüləndir, axı Kürdəmir  torpaqlarında   duz  çoxdur. Şoran  torpaqlar  isə  məhsuldarlığa  mənfi   təsir   göstərir.

Qarabağ   iqtisadi  rayonuna  daxil  Bərdə  də  böyük  potensiala  malik rayondur. 1.5  min  hektar  bostan   əkini  sahəsinə   rəğmən  bu  il   oktyabrın  1-dək 45   min   ton   qarpız, boranı  və   yemiş   əldə   edilib. Burada  hər   hektardan   303   sentner   məhsul   toplanıb.

Göründüyü kimi, ölkənin  bostan  əkini  sahələrindən  hər  il yüksək  məhsuldarlıq   əldə   olunur.

Nəriman  CAVADOV,

“Respublika”