Bostançılıq: Kənd təsərrüfatının ənənəvi və geniş yayılmış sahələri
İQTİSADİYYAT

Bostançılıq: Kənd təsərrüfatının ənənəvi və geniş yayılmış sahələri

Bostançılıq Azərbaycanın aqrar sektoru üçün yeni sahə deyil. Bostan məhsullarının (qarpız, yemiş) əkilməsi və yetişdirilməsi sahəsində xalqımızın zəngin əmək təcrübəsi var. Xiyar, soğan, badımcan əslində tərəvəz bitkiləri sayılsa da, bəzən onları da şifahi nitqdə bostan məhsulları adlandırırlar. Bu sahədə ənənəvi əkin təcrübəsi əsrlərdir ki, davam edir.

Lakin əhalinin tələbatına uyğun onun əkin sahələrinin həcmi dəyişir və dövrün elmi-texniki texnologiyasına əsaslanan toxum sortları tədricən  yenilənir. Məsələn, respublikamız müstəqilliyini bərpa etdikdən sonra, 2000-ci illərin əvvəllərində əhalinin təxminən 150 min ton bostan məhsullarına ehtiyacı, tələbatı vardı. Azərbaycanda bostan məhsullarının adambaşına illik istehlak norması 19 kiloqramdır. Bu məqsədlə təxminən 10-12 min hektar sahədə məhsul yetişdirmək kifayət idi. Azərbaycan da daxili tələbatı artıqlaması ilə ödəyirdi.

Amma indi əhali sayı 10 milyon nəfəri ötüb və bu tələbata uyğun əkin sahələri də genişlənib. Dövlət Statistika Komitəsi məlumat verir ki, 2020-ci ildə ölkədə 20 min, ötən il isə 20,2 min hektar sahədə bostan məhsulları əkilib. Ötən ilin sonunda biz həmin sahələrdən 460 min tona yaxın məhsul əldə etdik. Bu, hər hektardan 228 sentner bostan məhsulu deməkdir. Xatırladaq ki, məhsul həcmi ondan əvvəlki ilə nisbətən 12 min ton, hər hektardan məhsuldarlıq isə 4 sentner artıb.

Ölkə üzrə bostan əkini sahələrinin genişləndirilməsində Kürdəmir rayonunun xüsusi çəkisi var. Belə ki, respublikada ötən il əkilən 20,3 min hektar bostan sahəsinin 10 faizdən çoxu -2,5 min hektarı bu rayonun payına düşüb. Amma torpaqda duzluluq (belə yerlərə şoran torpaqlar deyirlər) çox olduğuna görə məhsuldarlıq yüksək deyil. Məsələn, cəmi 1120 hektarda toxum əkən Bərdə 34 min tona yaxın məhsul əldə edib, Kürdəmir isə 2,5 min hektardan cəmi 49 min ton qarpız və yemiş götürüb. Mərkəzi Aranın digər rayonları olan Sabirabad (ölkənin ən böyük bostan məhsulları istehsalçısı) 141 min tondan, Saatlı isə 83 min tondan artıq məhsul istehsal ediblər. Bu rayonlarda hər hektardan məhsuldarlıq müvafiq olaraq 355 və 329 sentnerdən artıq olub.

Nəriman CAVADOV,

“Respublika”.