Böyük Mərcanlı kəndinin fəxri
Region

Böyük Mərcanlı kəndinin fəxri

Milli Qəhrəman Kazım Məmmədovun adı Cəbrayıl rayonunda hörmətlə çəkilir. Buna səbəb onun keçmiş olduğu həyat yoludur.  Kazım Ərşad oğlu Məmmədov 1969-cu il oktyabr ayının 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1976-86-cı illərdə 1 saylı Böyük Mərcanlı kənd orta məktəbində təhsil almışdır. Kazım 1988-1990-cı illərdə Çelyabinsk  şəhərində hərbi xidmət keçmişdir. Erməni işğalçılarının doğma torpaqlarımıza hücumu və vətənə olan sevgisi gənc Kazımı 1991-ci ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsinə gətirib çıxarır. Polis nəfəri kimi xidmətlə onun cəbhə həyatı başlayır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən  döyüşlərdə Kazım Məmmədov şücaətlə vuruşur. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Zamur kəndinə hücum edir. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edir, azğınlaşmış ermənilər binaya od vururlar, kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidentinin Fərmanı ilə Məmmədov Kazım Ərşad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Böyük Mərcanlı kəndinin fəxri Kazım Məmmədov doğma kənddə torpağa tapşırılmışdır. Oxuduğu 1 saylı Böyük Mərcanlı orta məktəbi qəhrəmanın adını daşıyır.

Tofiq HÜSEYN,

“Respublika”.