Böyük mütəfəkkir, yazıçı-dramaturq, jurnalist - Mirzə Cəlil
Tarixi şəxsiyyətlər

Böyük mütəfəkkir, yazıçı-dramaturq, jurnalist - Mirzə Cəlil

O, Azərbaycan ədəbi mühitinin qeybdən doğan günəşi, cəmiyyətin aynası, cəhalətin,  avamlığın, savadsızlığın hakim olduğu bir dövrün güzgüsü idi. Vaxtını  xoruz döyüşdürüb, it boğuşdurmaqla keçirən gəncliyin elmli gələcəyinə açılan pəncərə olmuşdu.  Hərf tanımayan,  elmi yalnız fırıldaqçı mollaların yalançı avazlarında görən gəncliyin mayakına çevrilmişdi. Mirzə Cəlil Azərbaycan reallıqlarını kərpic-kərpic, ovuc-ovuc toplayıb ədəbi mühitə, ədəbiyyata gətirmişdir. Cəmiyyətin yaşadığı faciələri, cəhaləti özlərinə elə özlərinin dili ilə çatdırmışdır. Bəzən ona qarşı olunan təqib və təzyiqlərin fonunda ədəbiyyatda Kefli İsgəndərlər, ölüdirildən Şeyx Nəsrullahlar, Xudayar kimi kəndxudalar,  Məhəmmədhəsən kimi avam və Novruzəli kimi saf, təmiz  tipajlar, obrazlar yaratmışdır.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində dünyaya gəlmişdir. Babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür.  Atası Məhəmmədqulu Məşədi Hüseynqulu oğlu ibtidai səviyyədə savadı olan dindar idi. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir. 1860-cı ildə Sara Babayeva ilə ailə qurmuş, 4 oğul və 1 qız övladı olmuşdur. İki oğlunu gənc yaşlarında itirən Məşədi Məmmədqulu iki oğlu - Ələkbər, Cəlil və qızı Səkinəni böyüdə bilmişdir. Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. Ədib ərəb və fars dillərini mükəmməl bilmişdir. Sonralar o, Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirmişdir. Həmin məktəbdə təhsil rus dilində tədris olunurdu. 3 il həmin məktəbdə oxuması Cəlil Məmmədquluzadənin həyatına, dünyagörüşünə böyük təsir göstərmişdir.

1879-cu ildə çar hökuməti Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdir. Seminariya pansionlu qapalı təhsil ocağı olmaqla kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski 1882-ci ildə Naxçıvana gələrək Cəlil Məmmədquluzadəni və başqa şagirdləri təhsil almaq üçün siyahıya almışdır. Həmin il qəbul imtahanlarını uğurla verən Mirzə Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirərək müəllimlik attestatı alır. Onun həyat və yaradıcılığında, dünyagörüşünün formalaşmasında, bədii zövqünün püxtələşməsində seminariyanın böyük rolu olmuşdur.

Cəlil Məmmədquluzadə seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmış, keçirilən ədəbi, bədii gecələrin ssenarilərini yazmışdır. Bütün bunlar onun dünyaya baxışında, mənəvi aləminin formalaşmasında, cəmiyyətdə baş verən hadisələrə qarşı münasibətində əsaslı dönüş yaratmışdır. Seminariyanı bitirən Cəlil tələbə yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Şuşaya getmişdir. O, burada şairə Xurşidbanu Natəvanla və bir çox yerli ziyalılarla tanış olmuşdur. C.Məmmədquluzadə 1887-1897-ci illərdə İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen və Nehrəm kəndlərində müəllim kimi işləmişdir.

Azərbaycan ədəbiyyatı tarixində öz yeri, çəkisi olan Cəlil Məmmədquluzadə jurnalist, publisist olmaqla bərabər, həm də böyük dramaturq kimi də tanınmışdır.

Cəlil Məmmədquluzadənin yaradıcılığının ilk dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Həmin dövrdə "Çay dəstgahı" adlı alleqorik mənzum dramını, "Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu", "Poçt qutusu" hekayələrini yazmışdır. İlk nəsr əsəri isə 1894-cü ildə yazılmış "Danabaş kəndinin əhvalatları" povestidir. Onun "Poçt qutusu", "Usta Zeynal", "Dəllək", "İranda hürriyyət", "Fatma xala", "Qurbanəli bəy", "Quzu", "Pirverdinin xoruzu" və bir çox hekayələri onu hekayə janrının böyük ustadı kimi tanıtmışdır.

Cəlil Məmmədquluzadəni Azərbaycan ədəbiyyatında, dramaturgiyasında şöhrətləndirən əsərlərindən biri də "Ölülər"dir. Bu əsər dramaturgiyanın inkişafında yeni bir mərhələ olmuşdur. 1909-cu ildə yazılan əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır. Əsərdə cəhalət, gerilik, yalan və bunların nə kimi bəlalar törətdikləri ifşa olunur. Ədib həm də dövrünün bir çox mətbu orqanlarında işləmişdir. 1906-cı il aprelin 7-də ilk nömrəsi çıxan "Molla Nəsrəddin" jurnalının nəşri ilə o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoymuşdur. Və bunun nəticəsi olaraq mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratmışdılar. 1920-ci ildə Təbrizə köçən Cəlil Məmmədquluzadə burada jurnalın 8 nömrəsini çap etdirmişdir. "Molla Nəsrəddin" jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkatın inkişafına böyük təsir göstərmişdir. Cəlil Məmmədquluzadə həm də Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Böyük yazıçı, satirik jurnalistikanın banisi Mirzə Cəlil 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ədib Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".