Böyük Qayıdış prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub
Digər xəbərlər

Böyük Qayıdış prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini, bərpa-quruculuq işlərinin sürətlə aparılmasını və məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasını postmüharibə dövründə mühüm vəzifə kimi müəyyənləşdirib. Ermənistan üzərində Qələbədən ötən iki ildə bu vəzifələrin icrası istiqamətində böyük işlər görülüb: yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Qayıdışın səmərəli təşkilinə zəmin yaradılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında bu barədə ətraflı danışılıb. Komitə sədri Rövşən Rzayev qeyd edib ki, dövlətimizin başçısının tapşırıqlarının vaxtında və tələb olunan səviyyədə icra olunması üçün hər bir əməkdaş və struktur bölməsi əzmkarlıqla, böyük məsuliyyətlə çalışmalıdır.

Komitədən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürüləcək əhalinin sayının dəqiqləşdirilməsi, tərkibinin və ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə sorğuların aparılması, məcburi köçkünlərin miqrasiya proseslərinin idarə olunması müzakirə olunub. Həmçinin statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, məcburi köçkünlərin istifadəsindəki dövlət xüsusi mənzil fondunun istismar vəziyyəti və qışa hazırlığı sahəsində görülən tədbirlər, qarşıda duran vəzifələr haqqında struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

AZƏRTAC