Böyük Qayıdışın ikinci mərhələsi çox da uzaqda deyil
MÜSAHİBƏLƏR

Böyük Qayıdışın ikinci mərhələsi çox da uzaqda deyil

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşündə vurğulayıb ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərmişdir. Ancaq buna baxmayaraq soydaşlarımız tarixin müxtəlif dövrlərində deportasiyaya məruz qalmış, doğma torpaqlarından məhrum edilmişdir.

Ölkə başçısının dekabr ayının 24-də, ad günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşünün çox böyük rəmzi mənası var. Bu, sadəcə bir görüş deyildi, bu, həm də böyük qayıdışın ikinci mərhələsinin bəzi tezisləri üzərində Qərbi Azərbaycandan olan tanınmış ziyalılarla fikir mübadiləsi aparmaq, onları dinləmək və tapşırıqlarını vermək idi. Ali Baş Komandan qürur hissi ilə dedi: "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu ədalətdir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq". Öz əməli fəaliyyətlərində Ali Baş Komandana inanan, onun hər tapşırıq və tövsiyələrinə canla, başla həmişə hazır olan biz Qərbi azərbaycanlılar inanır ki, Prezidentin rəhbərliyi, qətiyyətli, dönməz və möhkəm iradəsi sayəsində mütləq Göyçəyə, Dərələyəzə, ən başlıcası Qərbi Zəngəzur və bütövlükdə əzəli, qədim dədə-baba yurdlarımıza qayıdacağıq və 30 illik torpaqlarımızdan ayrılıq nisgilinə son qoyulacaq.

Bu möhtəşəm görüşdəki proqram xarakterli çıxışında Prezident İlham Əliyev Qərbi azərbaycanlıların qarşısında da mühüm vəzifələr qoydu: "Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik". Bəli, xalqımızın başına gətirilmiş zülmləri, genosidi və soyqırımlarını yazmalıyıq. Bu təkcə özümüz üçün deyil. Biz bütün dünya ictimaiyyətinə müxtəlif dillərlə çatdırmalıyıq ki, ermənilər öz havadarlarının köməyi və dəstəyi ilə son 200 il ərzində millətimizin başına hansı işgəncələri və fəlakətləri gətirib. Artıq buna susmaq, nəyisə gözləmək vaxtı deyil.

Onu da vurğulayım ki, qeyd olunduğu kimi, Qərbi Azərbaycan İcmasının yerləşdiyi bina Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib və Prezident ikinci dəfə idi ki, burada iştirak edirdi. Birinci dəfə on iki il bundan əvvəl binanın açılış mərasimində iştirak edərək onu uzaqgörənliklə Qarabağdan olan məcburi köçkünlərə bağışladı. Şanlı Zəfərimizdən sonra artıq soydaşlarımız öz doğma Vətəni - Qarabağa qayıdır. Artıq burada Qərbi Azərbaycan İcması yerləşib. Mətləb aydındır. Mənim ancaq bir sözüm var. Gözünüz aydın olsun, Vətən övladları! Böyük Qayıdışın ikinci mərhələsi başladı.

Qərbi Azərbaycandan 1988-ci ildə 300 min azərbaycanlı soydaşlarımız didərgin edildi, ancaq bu, orada rəsmi qeydiyyatda olan insanların siyahısıdır. Əslində, 300 mindən çox qohum-əqrəbaları ayrı-ayrı ölkələrdə müxtəlif şəhərlərdə yaşayırdılar. Artıq bu barədə də fikirləşmək, dəqiq siyahı tutmaq lazımdır ki, heç kim yaddan çıxarılmasın. Elə bu görüşdə Prezident vurğuladı ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün önəmlidir. Ali Baş Komandan onu da dedi ki, Qarabağ münaqişəsi həll olunandan sonra artıq bizim qarşımızda duran əsas məsələ budur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Bunun üçün bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. Hər birimiz yurd yerlərimizi yaxşı tanıyırıq. Mənfur ermənilər bizi dədə-baba yurdlarımızdan didərgin salsa da, onlar o yerlərin hamısında məskunlaşa bilməyiblər. Yurd yerlərimizi xarabazara çeviriblər. Bu barədə Prezidentin söylədiyi fikirlər, sözlər ürəyimizdən xəbər verdi: "Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpaqlarımızdır". Əlbəttə, Qərbi Azərbaycan Konsepsiyasının hazırlanmasında, mühüm və vacib məsələdə Qərbi azərbaycanlıların görməli işləri çoxdur. Hər birimiz öz sahəmizdə bu müqəddəs işə töhfəmizi verməliyik. Səylərimizi birləşdirərək təkliflərimizi hazırlamalı, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları uyğun şəkildə öz hüquqlarımızı tələb etməklə yanaşı, bir yumruq kimi birləşərək doğma yurdumuza qayıtmaq üçün əzmlə, durmadan çalışmalı, Prezidentin bütün tapşırıq və tövsiyələrini yerinə yetirməliyik. Hamımız dəmir yumruq kimi birləşərək birgə addımlamalı, Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, ədaləti bərpa etməyə, dünya miqyasında daha bir nümunə göstərməyi yenidən nümayiş etdirməliyik.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqində dediyi: "Gün gələcək, biz Qərbi Azərbaycanda da belə bir gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq" sözləri hər birimizin qəlbində elə bir inam, ümid məşəli yandırdı ki, gözlərimizin önündə Vətənə dönən yolların sıxlığı canlandı. Əgər bu gün biz Şuşaya dönə bilmişiksə, Laçında tikinti-quruculuq, abadlıq işləri həyata keçiririksə, Kəlbəcərdə çiçəklərin balından dadırıqsa, Zəngilan rayonunun Ağalı kəndində balalarımız məktəbə qədəm qoyursa, Cəbrayılda, Qubadlıda, Füzulidə, Ağdamda... gəzə biliriksə, deməli, Qərbi Azərbaycana da dönəcəyimiz o gün çox da uzaqda deyil!   

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist.