Böyük Qayıdışın ilk mərhələsi
Siyasət

Böyük Qayıdışın ilk mərhələsi

Ağalıda - "ağıllı kənd"də reallaşacaq

"Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın bölgədə və regionda sülhün, sabitliyin və əmin-amanlığın təmin olunmasına verdiyi mühüm töhfədir. Bu gün əsl quruculuq meydanına çevrilən bu ərazilərin, bütövlükdə Qarabağın dirçəldilməsi nəticəsində keçmiş məcburi köçkünlər öz yurd yerlərinə qayıdacaq və bununla da Böyük Qayıdışa başlanacaq.

Ötən il dövlət başçısı İlham Əliyev tərəfindən Zəngilan rayonunda 110 hektardan çox ərazidə tikinti işləri aparılan ilk "ağıllı kənd" layihəsinin təməli qoyulmuş və bununla da həmin gündən Böyük Qayıdışın reallaşmasında ilk addım atılmışdır. Şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. Birinci "ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir və layihənin icrası, əsasən, 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri üzrə aparılır. İlk olaraq "ağıllı kənd" konsepsiyası əsasında Ağalı kəndində 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisinə, eyni zamanda, kənddə içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanmışdır. Öz doğma yurdlarına qayıdacaq sakinlərin həyat şəraitini hərtərəfli təmin etmək üçün burada müasir şəhərsalma standartları tətbiq olunacaq.

"Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan kənd həm böyüklüyünə, həm də son dərəcə müasirliyinə görə fərqlənəcək. Kəndin yenidən qurulmasında sakinlərin təhlükəsizliyi, rahatlığı, rifah halı, məşğulluğu və bütün bunların fonunda gələcək inkişafı nəzərə alınmışdır.

"Ağıllı kənd" layihəsi kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin "ağıllı kənd təsərrüfatı" sisteminə keçməsində mühüm rol oynamaqla yanaşı, həm də müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin tətbiqidir.

Özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edən "ağıllı kənd təsərrüfatı" kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də "Ağıllı kənd"in komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq.

Zəngilanın coğrafi mövqeyi rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli imkan yaradır. Bu baxımdan, Prezident İlham Əliyev ötən il aprelin 26-da Zəngilan rayonunda bölgənin inkişafında mühüm rol oynayacaq və azad edilmiş torpaqlarda ikinci hava limanı olacaq, bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanının da təməlini qoymuşdu. Bu il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanı Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir: "Digər vacib məsələ məşğulluqla bağlıdır. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun - həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar... Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir".

Zəngilan rayonunda "Dost Aqropark"ın təməli ötən il oktyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur. Dövlət başçıları aqroparkın ərazisində çinar ağacı əkmişlər. Ölkə başçımız Zəngilan rayonunda yaradılan "Dost Aqropark"ın birinci və nümunəvi aqropark olacağını bildirmiş və gələcəkdə belə aqroparkların sayının artılacağını vurğulamışdır.

"Dost Aqropark" layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikilir. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçirilir. Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəni təmin etmək gücündə olan ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi də inşa ediləcək.

Kompleks bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına olan tələbatını da ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Bu gün nəinki Zəngilana, bütövlükdə Qarabağa həyat qayıdır. Bu torpaqların cənnətə çevrilməsi üçün sürətli quruculuq işləri həyata keçirilir.

İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyətinin təşkil edilməsi dövlətin qarşıya qoyduğu ən vacib məsələdir. Bu yerlərə Böyük Qayıdışın təmin edilməsi, erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və müasir iqtisadi, siyasi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyətini yüksək səviyyədə təmin edəcək. Bütün bunlar isə yaxın illərdə Azərbaycanın dilbər guşəsi Qarabağda yeni, müasir "ağıllı" şəhər və kəndlərin salınacağından xəbər verir. Ağalı kəndindəki "ağıllı" kəndlərin nümunəsində...

Mehparə ƏLİYEVA,

"Respublika".