Böyük şairin adını daşıyan park yenidən qurulur
Region

Böyük şairin adını daşıyan park yenidən qurulur

Altmışıncı illərin sonu, yetmişinci illərin əvvəlində o vaxtkı Əli Bayramlının “Təzə şəhər” adlanan hissəsində salınmış mədəniyyət və istirahət parkı yaşlı adamların xatirindədir. Məşhur Venesiyanı xatırladan irihəcmli göl, gölün ətrafında müxtəlif əyləncə qurğuları, iaşə obyektləri, rəqs meydançaları, karusellər o vaxt istirahətə gələnlərin ixtiyarında idi. Bura ətraf rayonlardan da qonaqlar təşrif buyururdu. Qaynar istirahət saatları var idi. Göldən balıq tutanlar, qayıqla gəzənlər, çayxana və kafelərdə əyləşənlər, karusellərdə əylənən balacalar öz  vaxtlarını səmərəli keçirirdilər. Təəssüf ki, sonralar şəhərə müxtəlif vaxtlarda təyin olunan rəhbər işçilər əvvəlkilərə qısqanclıq göstərib parkı gözdən saldılar. Gölün suyu qurudu, ərazini qamış, kol-kos basdı. İstirahət parkı gözəlliyə yox, gözdağına çevrildi. Bütün bunlara baxmayaraq, şəhər sakinləri bu illər ərzində ruhdan düşmədilər. Güman var idi ki, nə vaxtsa, hansısa rəhbərin diqqətini cəlb edəcək, parka yeni həyat bəxş olunacaq.

Budur, artıq iki ilə yaxındır ki, şəhər rəhbərliyinin təşəbbüsü və yaxından iştirakı ilə  Məhəmməd Füzulinin şərəfinə böyük şairimizin adını daşıyan Şirvan Şəhər Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı, əsaslı yenidənqurma işləri görülür. Parkın mərkəzi hissəsində yerləşən göl yenidən qurulmuş, gölün üzərində iki ədəd körpü tikilmişdir. Gölün  su təminatı və vaxtaşırı təmizlənməsi məqsədilə burada nasosxana inşa edilmişdir. Gölə yeni su xətti çəkilmişdir. Gölün yamacına dekorativ çay daşlarının düzülüşü başa çatdırılmaq üzrədir. Şəlalənin və su gəzintisi üçün nəzərdə tutulan dayanacaqda beton işləri başa çatdırılmışdır. Artıq 4 ədəd atraksion quraşdırılmış, qalanında işlər davam etdirilir. Əraziyə beton tavalar, beton bordürlər düzülmüş, ətraf ərazidə yaşıllıqlar salınmışdır. Park ərazisində yeni inşa edilən qeyri-yaşayış binalarında, inzibati binada müasir memarlıq üslubunda inşaat işləri görülür, binaların tikintisində keyfiyyətli  materiallardan istifadə olunur.

Park iki xiyabandan ibarətdir. Hər iki xiyabanda işıqlandırma və suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır. İkinci xiyabanda Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbənin şərəfinə “Zəfər abidəsi” inşa olunur. Abidə kompleksində  Zəfər Qələbəmizə və Qarabağ döyüşlərinə həsr olunmuş və qaya daşlarından hörülmüş xüsusi kompozisiya hazırlanır.

Müasir üslubda, yeni layihə əsasında qurulan mədəniyyət və istirahət parkında işlər demək olar ki, fasiləsiz davam etdirilir. Ərazidə piyada səkiləri, yaşıllıq zolaqları salınır, dekorativ bordürlər, gəzinti meydançaları inşa olunur. Gözə dəyən nə varsa, hər şey parka xüsusi yaraşıq verir.

Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı Şirvan sakinlərinə son illərin ən gözəl hədiyyəsi olacaq.

Tofiq HÜSEYN,

“Respublika”.