BÖYÜK ÜMİDLƏRİ DOĞRULDAN PARTİYA
Siyasət

BÖYÜK ÜMİDLƏRİ DOĞRULDAN PARTİYA

"Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Bu günlər ölkəmizin hər yerində və dünyanın bir çox ölkələrində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi böyük təntənə ilə qeyd edilir.

Hər bir siyasi partiyanın keçdiyi yola diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır".

YAP-ın yarandığı dövrdə Azərbaycan parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkədə gedən ağır siyasi proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vururdu. Belə bir şəraitdə cəmiyyətimizin öndə olan ziyalıları, böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəldilər. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlərə yol açdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, Azərbaycanda çox ciddi siyasi qüvvə, siyasi sistem formalaşacaq.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi həm də ölkədə yeni siyasi mübarizə forması yaratdı, sivil rəqabətin əsasını qoydu. Bu proseslərin təməlində dayanan daha bir mühüm amil YAP-ın müxalifət partiyası olaraq sivil siyasi mübarizə vasitəsini cəmiyyətə təqdim etməsi oldu. Daha dəqiq desək, Yeni Azərbaycan Partiyası demokratik və konstruktiv xarakterli müxalifətçilik modelini təqdim edərək məhz bu siyasi rəqabətin əsaslarını yaratdı, radikalizm və dağıdıcılıq prinsiplərinin dövlətçilik meyarlarına qətiyyən uyğun olmadığını sivil vasitələrlə isbat etdi, iqtidara gəlməsi ilə isə bunu əməli şəkildə sübuta yetirdi.

YAP-ın yaranması və ulu öndər Heydər Əliyevin bu siyasi təşkilata rəhbərlik etməsi bütövlükdə Azərbaycanın düşdüyü ən ağır burulğanlardan çıxmasını şərtləndirdi.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri idi ki, dövlət başçısı funksiyasını ümummilli liderliklə üzvi surətdə birləşdirmişdi. Müasir siyasi-hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, hər bir rəhbər millətə real lider ola bilmir və əksinə, hər lider ölkəyə səmərəli rəhbərlik etməyi bacarmır. Qonşu ölkələrin taleyi bu fikirləri sübut edir. Heydər Əliyevin xalq tərəfindən birmənalı qəbul edilən və yekdilliklə dəstəklənən ümummilli liderlik keyfiyyətləri ilə yüksək dövlətçilik-idarəçilik bacarıqları bir-birini üzvi surətdə tamamlayırdı. Məhz bu xüsusiyyətlərinə görə Heydər Əliyev Azərbaycanda müasir liderlik ənənəsinin banisi hesab edilir.

Ulu öndərin şəxsiyyətinə olan dərin ictimai inam və etimad bir sıra obyektiv qanunauyğunluqlarla şərtlənirdi: əvvəla, hələ keçmiş ittifaq dövründə respublikaya inamla rəhbərlik etmiş Heydər Əliyevin necə böyük strateq, peşəkar siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. Məhz həmin illərdə müstəqil Azərbaycan dövlətinin iqtisadi, siyasi və ideoloji-mənəvi dayaqları formalaşmış, dövlət idarəçiliyinin bütün sahələrində uğurla çalışan intellektual elita formalaşmışdı. İkincisi, 1991-ci ilin iyul ayında Heydər Əliyevin Moskvadan Bakıya, o vaxtkı hakimiyyətin onun Bakıda yaşamasına imkan vermədiyinə görə Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda yeni mərhələ başlanmışdı.

Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusu, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz bir zərurət idi. Həmin vaxt Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, ağır vəziyyətdə yaşayan naxçıvanlılarda böyük nikbinlik yaratmış, muxtar respublika qısa müddətdə üzləşdiyi blokada şəraitində bir çox çətinlikləri dəf edə bilmişdi.

Əlbəttə, gərginliklər içərisində olan respublikada Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan olmadı. Heydər Əliyevin cəmiyyətdə yüksək nüfuzu AXC-Müsavat hakimiyyətini ciddi narahat edirdi. Həmin qüvvələr ulu öndərin ən qısa zamanda ümumxalq dəstəyi ilə yenidən hakimiyyətə qayıdacağından təşvişə düşmüşdü. Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.

Həmin ziyalılar 1992-ci il oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi və getdikcə daha da pisləşməsi ilə bağlı ziyalıların narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev məktubunda yaranmış vəziyyəti təhlil etmiş və çıxış yollarını göstərmişdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC-Müsavat hakimiyyətinin ümummilli liderin Naxçıvandan Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Noyabrın 21-də yaranmasının 30-cu ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması da onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada YAP-ın yubileyi təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdar hadisədir. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının otuzuncu ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur.

YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. Əvvəla, YAP-a Heydər Əliyev kimi dünyaşöhrətli liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. İkincisi, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Üçüncüsü, partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayət, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi. Partiyanın qarşıya qoyduğu məqsədlərin hamısı dövrün reallıqlarını əks etdirdiyindən ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olmuşdu. YAP cəmiyyətdə mövcud olan ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevirməyi qarşısına məqsəd qoymuşdu. Ən başlıcası, ölkənin üzləşdiyi vəziyyət YAP kimi nüfuzlu partiyanın hakimiyyət olimpinə yüksəlişi yolunda bütün baryerləri aradan qaldırırdı.

XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarı olan Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir. Ulu öndər Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının siyasi kursunu uğurla davam etdirən, ideyalarını qətiyyətlə reallaşdıran Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarmışdır.

Təsadüfi deyil ki, xalqımız aparılan düzgün siyasi kursa daim öz dəstəyini verir. 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyevin inamlı qələbə qazanaraq yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilməsi bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi oldu.

Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi, praqmatik siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu uğurların hər birində dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasının da yeri və rolu danılmazdır.

Bu müddətdə uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika, mənəvi dəyərlər nümunəsi gətirdi. Məhz bu novatorluq və modern siyasi idarəçilik əsasları Azərbaycan dövlətinin dünyaya təqdim etdiyi ən mütərəqqi etalondur.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkə həyatında baş verən ən önəmli hadisələrə diqqət çəkərək vurğulayıb: "Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".

Bəli, bu Qələbə, həqiqətən də, bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür. Xalqımız, bəlkə də, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Qarabağlı Azərbaycanımıza qovuşduq. Bu, Böyük Qələbə Prezident İlham Əliyevin xalqına verdiyi sözünə, vədinə sadiq qalan, Ata vəsiyyətini reallaşdıran Lider - dövlət başçısı imicini bir daha təsdiqlədi.

Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı olduğunun bir daha bütün sahələrdə təsdiqlənməsinin təzahürüdür. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Bütün Azərbaycan ziyalıları kimi, mən də inanıram ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar fonunda dövlətin qətiyyətli siyasətinə, xalqın həmrəyliyinə paralel olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə, Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.

Prezident İlham Əliyev partiyamızın siyasi dəyərini belə səciyyələndirmişdir: "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır!".

Misir MƏRDANOV,

AMEA-nın müxbir üzvü, professor.