Böyük ümidlərin və işıqlı sabahların partiyası
Digər xəbərlər

Böyük ümidlərin və işıqlı sabahların partiyası

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının tarixdə yerini çox dəqiq müəyyən edərək demişdir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

İndi partiyamızın 30 illik yubileyi günlərində keçdiyimiz yola nəzər salaraq deyə bilərik: YAP-ın dünəni şərəfli, bu günü qürurlu, sabahı isə parlaq və işıqlıdır!

Bu 30 il ərzində YAP şərəfli mübarizə və inkişaf yolu keçmiş, böyümüş, möhtəşəm, monolit siyasi qüvvəyə çevrilmiş, xalqımızın həyatında, dövlətimizin möhkəmlənməsində, azərbaycançılıq ideyasının və milli birliyin təmin edilməsində böyük tarixi missiya yerinə yetirmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi dühasının işığında, onun fədakarlığı, öz xalqının parlaq gələcəyi naminə yorulmaz səyləri nəticəsində, xalqın ulu öndərinə inamının ifadəsi olaraq yaranmış Yeni Azərbaycan Partiyası, həm də Azərbaycanın çətin dövründə dövlətçiliyimizin xilas edilməsi, müstəqilliyimizin qorunub saxlanılması məqsədi ilə siyasi bir qüvvə olaraq ortaya çıxmışdır.

Yeni Azərbaycan Partiyasının inkişaf yolu mübarizələrlə dolu şərəfli və qalibiyyətli zəfər yoludur. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında olduqca mürəkkəb və çətin tarixi şəraitdə təsis edilən Partiyamız bir müxalifət partiyası kimi yaransa da, heç zaman dövlətçiliyə, qanunçuluğa, millətçiliyə, vətənçiliyə müxalifətdə olmamışdır. Yeni Azərbaycan Partiyasının yarandığı dövr olduqca mürəkkəb bir zaman, Azərbaycan dövlətçiliyinin təhlükədə olduğu, ölkənin dərin hərbi, siyasi-iqtisadi böhran içərisində çabaladığı, xalqın sabahına inamının az qala itdiyi günlərə təsadüf edir. Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikasında xarici müdaxilələr və daxili çəkişmələr, ən əsası isə hakimiyyətdə olan və hakimiyyətə iddialı siyasi güclərin səriştəsizliyi və lidersizliyi səbəbindən ağır, çoxvektorlu böhran yaranmışdı.

Belə bir zamanda xalqın yeganə ümidi görkəmli ictimai-siyasi xadim, təcrübəli, uzaqgörən, qətiyyətli rəhbər kimi tanıdığı və sevdiyi Heydər Əliyev idi. Azərbaycanın hər yerindən gündə minlərlə insan o zaman Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyevə müraciət edərək ölkəni böhran vəziyyətindən, xaosdan və anarxiyadan qurtarmaq üçün tədbirlər görməsini xahiş edirdi.  1992-ci ilin 16 oktyabrında "Səs" qəzetində sonralar tarixə "91-lər hərəkatı" kimi düşmüş Azərbaycan ziyalılarının Heydər Əliyevə "Azərbaycan Sizin yolunuzu gözləyir" başlıqlı müraciəti dərc olundu. Müraciətin sonunda deyildiyi kimi, respublikanın müxtəlif bölgələrindən olan ziyalılar həm öz adlarından, həm də təmsil olunduqları bölgənin sadə insanlarının adından yeni yaradılacaq partiyaya rəhbərlik etməyi ulu öndərdən xahiş edirdilər.

Ziyalıların müraciətinə Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixdə "Səs" qəzetində dərc edilmiş "Yeni, müstəqil Azərbaycan uğrunda" başlıqlı məktubla cavab verdi. Heydər Əliyev kimi dahi siyasi xadimin qələmindən çıxmış bu yazı əslində o dövrdə Azərbaycanı düşdüyü böhran vəziyyətindən çıxarmağın lakonik konsepsiyası, Yeni Azərbaycan Partiyasının proqramının əsas müddəaları idi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin 21 noyabr tarixində qədim Naxçıvan torpağında təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində təşkilatlandı, tanındı və nüfuzlu siyasi qüvvəyə çevrildi. Bu illərdə ümummilli lider Heydər Əliyevin çox dəqiq ifadə etdiyi kimi, partiyamızın sıralarına qoşulan hər kəs könüllü şəkildə öz arzu və inamına uyğun olaraq saf və təmiz niyyət ilə bu yola qədəm qoyurdu. Bu yol isə müstəqil dövlətçilik yolu, milli birlik yolu, inkişaf yolu, haqq yolu, xalqımızı böyük zəfərlərə və işıqlı gələcəyə aparan ulu öndər Heydər Əliyevin yolu idi.

Yeni Azərbaycan Partiyası bəlkə də dünya siyasi sistemində azsaylı siyasi təşkilatlardandır ki, yarandığı vaxtdan qısa müddət ərzində əvvəl lideri, sonra isə partiya özü hakimiyyətə gəlmiş və iştirak etdiyi bütün seçkilərdə xalqın böyük dəstəyini qazanaraq qalib mövqeyini qoruyub saxlamışdır. Məhz 1993-cü ilin böhranlı iyun günlərində Azərbaycan xalqı ümid və inam yeri kimi YAP sədri Heydər Əliyevə müraciət edərək, xalqı üzləşdiyi vətəndaş müharibəsindən, qardaş qırğınından, dövlətin parçalanıb məhv olmaq təhlükəsindən xilas etmək üçün hakimiyyətə dəvət etdi. Ümummilli lider Heydər Əliyev böyük siyasi təcrübəsi, şəxsi cəsarəti və qəhrəmanlığı, fədakarlığı sayəsində dövlətçiliyimizi xilas etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, ictimai asayişin qorunmasının təmin edilməsinə nail oldu.

Yeni Azərbaycan Partiyası 90-cı illərin birinci yarısında ölkədə ictimai-siyasi sabitliyin bərpa olunmasında, milli həmrəyliyin yaranmasında, vətənpərvər qüvvələrin Azərbaycan dövlətinin və milli lider Heydər Əliyevin ətrafında sıx birləşməsində böyük xidmətlər göstərmiş oldu. Ötən əsrin 90-cı illərini tam məsuliyyətlə, Yeni Azərbaycan Partiyasının təşkilatlanması, böyüməsi və mütəşəkkil siyasi qüvvəyə çevrilməsi dövrü adlandıra bilərik.

Partiyanın təsis konfransında qəbul edilmiş Nizamnamə və Proqram sənədlərində nəzərdə tutulan əsas ideyalar və siyasi vəzifələr öz həllini tapmış oldu.

Artıq zaman Partiyamızın qarşısında yeni tələblər və vəzifələr qoyurdu. Məhz bu vəzifələrin icrası və yeni hədəflərin müəyyən edilməsi, iyirmi birinci əsrdə və üçüncü minillikdə partiyamızın inkişaf perspektivləri YAP-ın 1999-cu il 20-21 dekabrında keçirilən I Qurultayında qəbul olunmuş yenilənmiş proqram və nizamnamədə öz əksini tapdı.  Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin siyasi tarixində ilk partiya olaraq Azərbaycançılıq, vətənçilik, sosial ədalət, vətəndaş həmrəyliyi, varislik və yaradıcı təkamül kimi mütərəqqi ideyaları özünün proqram və nizamnaməsində təsbit edərək yarandığı ilk gündən bu ideyalara sadiqliyini sübut etdi. Partiyanın I Qurultayı həm də təşkilati məsələlər, o cümlədən yeni təsisatın yaradılması ilə əlamətdar oldu, Siyasi Şuranın, İdarə Heyətinin üzvləri seçildi və İcra katibliyi yaradıldı. YAP-ın I Qurultayında millət vəkili İlham Əliyevin YAP sədrinin müavini seçilməsi bir tərəfdən ölkənin, o cümlədən YAP-ın ictimai-siyasi inkişafının dialektikasından irəli gələn mühüm siyasi hadisə idisə, digər tərəfdən də YAP-ın gələcək siyasi perspektivlərini müəyyən edirdi. Partiya gənc siyasətçi cənab İlham Əliyevin rəhbərliyə gətirilməsi ilə öz mövqelərini bir qədər də möhkəmləndirdi, bitərəf elektorat üçün daha da cazibədar oldu.

YAP hansı qüvvənin hesabına qarsısına qoyduğu məqsədə çatdı, partiyanın gücü nədə idi? Bu suala ən sərrast və lakonik cavabı YAP-ın I Qurultayındakı çıxışında cənab İlham Əliyev vermişdir: "YAP-ın gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdədir. Bizim partiyanın yeritdiyi siyasət xalqın mənafeyinə uyğundur. YAP-ın gücü ondadır ki, o nizamnamə və məramnaməsində duran prinsipləri əməli surətdə həyata keçirir".

Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayı da partiyanın tarixində ən əlamətdar hadisələrdən biri kimi xatırlanır. Qurultaydakı çıxışında ulu öndərimiz Heydər Əliyev partiyada demokratiyanın təkmilləşdirilməsi, gənclərə, qadınlara daim qayğı göstərilməsi, təbliğat işinin müasir metodlarla qurulması, keyfiyyət və professionallıq səviyyəsinə görə digərlərindən fərqlənən kadrların hazırlanmasını YAP qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir. İctimai-siyasi, sosial-iqtisadi həyatımızda baş verən hadisələr, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, partiya üzvlərinin sayının sürətlə artması, yeni üzvlər arasında gənclərin əksəriyyət təşkil etməsi təşkilatın yeni taktika və fəaliyyət strategiyasının hazırlanmasını zərurətə çevirmişdir. Qurultayda YAP-ın nizamnaməsinə müəyyən dəyişikliklərin edilməsi qərara alınmışdır. Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş və bu mühüm posta Heydər Əliyev siyasi məktəbinin ən layiqli nümayəndəsi, onun dövlətçilik siyasətinin həyata keçirilməsinə böyük xidmət göstərən cənab İlham Əliyev seçilmişdir.

Partiyamızın proqramında elan etdiyi təməl prinsiplərə sadiqliyi dövlətçiliyimizin qorunması və inkişafı tarixində çox mühüm rol oynamışdır. 2003-cü ildə keçirilən Prezident seçkilərində səhhəti ilə əlaqədar olaraq namizədliyini geri götürən ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciətində deyilən fikirlər siyasi varislik konsepsiyasının tarixi təsdiqi kimi çox əhəmiyyətlidir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, sizi qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə YAP-ın və müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi ümummilli lider Heydər Əliyevin inandığı qədər inandığını və güvəndiyini sübut etdi, yekdilliklə YAP sədrinin birinci müavinini Prezident seçdi. Cənab İlham Əliyevin Prezident seçilməsi bir tərəfdən xalqın Heydər Əliyev siyasi kursuna dəstək verməsinin ifadəsi idisə, digər tərəfdən də YAP-ın siyasi varislik prinsipinin tarixi təntənəsi idi.

Yeni Azərbaycan Partiyası özünün və yeni əsrin yeni lideri Prezident cənab İlham Əliyevin rəhbərliyi altında sıralarını daha da genişləndirdi. Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişafı sahələrində böyük uğurlara imza atdı.

YAP-ın 2005-ci il martın 26-da keçirilən III Qurultayında Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti, YAP sədrinin birinci müavini möhtərəm İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Bu seçim ulu öndərin siyasi xəttinin Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq həm də partiyanın siyasi varislik prinsipinin təsdiqi kimi tarixi əhəmiyyət daşıyırdı.

Partiyamızın sıralarının genişlənməsində və ictimai nüfuzunun artmasında YAP sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük təsiri və xidmətləri olmuşdur.

Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasında fəaliyyəti xalq arasında partiyamızın nüfuzunun artmasına, gənclərin və qadınların partiya sıralarında təmsilçiliyinin yüksəlməsinə böyük stimul vermişdir. Mehriban xanım 2005-ci ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavini, 2021-ci ildən isə partiya sədrinin birinci müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12%, 94,49%, 2015-ci ildə isə 96,7% səs toplayaraq millət vəkili seçilmişdir. Öz seçicilərini parlamentdə ləyaqətlə təmsil edən millət vəkili Mehriban Əliyevanın qanun yaradıcılığı sahəsində fəaliyyəti də səmərəli və faydalı olmuşdur. O gender bərabərliyi, insan haqları, sosial müdafiə və səhiyyə sahəsində bir çox gərəkli layihələrin müəllifi olmaqla yanaşı, parlamentarizm tarixinə Amnistiya aktı haqqında qanun layihəsi təqdim edən ilk deputat kimi düşmüşdür.

Partiyanın keçdiyi yola baxanda olduqca şərəfli bir mübarizə və inkişaf yolu görürük. YAP-ın istər təsis konfransı zamanı yazılan və I Qurultayda əlavə və dəyişikliklərlə qəbul olunan, istərsə də VII Qurultayda yenilənən nizamnamə və proqramında bəşəri ideyalar ortaya qoyulub. Bunlar dövlətçilik, milli birlik, humanizm, ədalət və siyasi qüvvələrin vəhdətidir. Dünyada belə ideyalar demək olar ki, bütün mütərəqqi qüvvələrin nizamnamə və proqramlarında öz əksini tapır. Amma heç də bütün təşkilatlar nizamnamə və proqramlarında irəli sürülən ideyaları həyata keçirə bilmirlər. YAP-ın böyük uğuru və xoşbəxtliyi ondan ibarətdir ki, partiyanın sədri cənab Prezident İlham Əliyevin dediyi kimi, "Bizim siyasətimiz bizim işimizdir".

Öz əməli fəaliyyəti ilə xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevirilən YAP təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən sanballı partiyasıdır. Partiyanın ölkənin inkişafında rolu şəksiz və şəriksizdir. Ötən 30 ilin təcrübəsi göstərdi ki, hansı partiya əməli işlə məşğul olursa, xalqın istək və arzularını öz fəaliyyətində həyata keçirirsə, öz ideya və prinsiplərinə sadiq qalırsa - xalqın dəstəyini qazanır, müvəffəqiyyət əldə edir. Bu gün Azərbaycanın siyasi səhnəsində Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək, güc göstərə biləcək ikinci bir siyasi təşkilat yoxdur, sabah da olmayacaq. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. YAP-ın arxalandığı yeganə güc Azərbaycan xalqıdır. YAP-ın məramı xalqa xidmət etmək, ölkəni daha zəngin, daha qüdrətli Azərbaycana çevirməkdir.

Heç şübhəsiz ki, dövlət quruculuğunda, dövlətin inkişafında, onun iqtisadi, sosial problemlərinin həllində əhalinin bütün hissəsi iştirak edir, iqtidar partiyası isə bu prosesdə flaqman rolunu oynayır. YAP-ın rəhbərliyi altında Azərbaycan qısa müddət ərzində tarixi bir yol keçmiş və ədalətli, hüquqi, güclü iqtisadiyyata malik sosial dövlətə çevrilmişdir. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda öz layiqli yerini tutmuş, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, bir çox regional layihələrin təşkilatçısı və iştirakçısı olmuşdur.

Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın qarşısında dayanan ən böyük tarixi missiya 2020-ci ildə şərəflə yerinə yetirildi: 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçı ordusu darmadağın edildi, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. 2020-ci ilin 10 noyabr tarixindən müstəqil, bütöv Azərbaycan dövlətinin tarixində yeni dövr başlamış, daha yüksək hədəflər qarşıya qoyulmuşdur.

YAP Sədri, Prezident İlham Əliyevin "Müasir, qüdrətli və zəngin Azərbaycan naminə" çağırışında səslənən bu hədəflər özünün real təsdiqini ölkəmizin hərtərəfli və davamlı inkişafında tapmışdır. Bu hədəflərə nail olmaq üçün siyasi, hüquqi, iqtisadi və sosial islahatların daha da dərinləşməsi, postmüharibə və postpandemiya dövrü üçün regionda və dünyada baş verəcək yeni çağırışlara hazır olmaq zərurəti Partiyamızın 5 mart 2021-ci il tarixdə keçirilən VII Qurultayında ətraflı müzakirə olunmuşdur. YAP-ın VII Qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələr qoymuşdur.

Qurultaydakı giriş nitqində Partiyanın sədri cənab İlham Əliyev çox doğru olaraq vurğulamışdır: "Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır".

VII Qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malikdir. Bu isə partiyanın məqsəd və vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəyini şərtləndirir. Məhz yeni dövrün və yaxın gələcəyin tələblərini nəzərə alaraq qurultayda partiyanın Yeni Proqramının hazırlanması qərara alındı, işçi qrupu yaradıldı, geniş təhlil, müzakirə və fikir mübadiləsi əsasında hazırlanan bu siyasi sənəd YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.

Yeni Azərbaycan Partiyasının Proqramında bütün taleyüklü məsələlər, vəzifələr və hədəflər mükəmməl şəkildə öz əksini tapmışdır. Bu məqsədlərin içərisində sosial ədalət, sosial rifah, insan kapitalının inkişafı, hamı üçün layiqli həyat səviyyəsinin təmin olunması məsələləri Partiyanın əsas siyasi prinsipləri kimi təsbit edilmişdir.

Cənab Prezident İlham Əliyevin "Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaqdır", - çağırışı Partiyamızın Proqramında öz əksini tapmış sosial siyasət prinsipinin əsas leytmotivini təşkil edir.  Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Partiyamızın I Qurultayda qarşıya qoyduğu məsələlərdən biri olan ölkəmizdə sosial dövlət quruculuğu prosesini sürətləndirmək vəzifəsi artıq yerinə yetirilmiş, sosial ədalətə əsaslanan sosial rifahın daim yüksəlməsini hədəfləyən güclü və çevik sosial müdafiə sistemi bərqərar olmuşdur.

Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə iqtisadi sahədə başlanan islahatların davamı olaraq 2019-cu ildə dərin sosial, idarəetmə və struktur islahatları aparılmışdır. Cənab Prezidentin 30-a yaxın Fərman və Sərəncamını əhatə edən maliyyə tutumu 6 milyard manatdan çox olan 3 sosial islahatlar zərfi 4,2 milyon vətəndaşımızın sosial rifah halının ciddi şəkildə yaxşılaşmasına maddi təminat yaratmışdır.

Ölkəmizin sosial dövlət olmasını təsdiq edən mühüm indikatorlardan biri də BMT-nin İnsan İnkişafı İndeksi göstəricisidir. Bu göstəriciyə görə, Azərbaycan Respublikasında insan inkişafı indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək göstərici sayılır. Azərbaycan təhsil, səhiyyə, orta ömür uzunluğu və sosial təminat səviyyəsinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında lider yerlərdən birini tutur.

Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna keçmişdir. Bir çox sosial inkişaf indikatorlarına görə Azərbaycan son 10 ildə böyük irəliləyişlər əldə etmişdir. BMT üzv dövlətləri arasında 2010-cu illə müqayisədə 2020-ci ildə rifah indeksi üzrə 17 pillə irəliləyərək 78-ci, sağlamlıq indeksinə görə 57-ci, təhsilalma imkanlarına görə 73-cü, məişət şəraitinə görə 68-ci, xoşbəxtlik indeksinə görə 90-cı yerdə qərarlaşmışıq.

Sosial dövlətin qurulmasının əsas şərtlərindən biri də həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının Proqramında əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür.

YAP-ın Proqramında sosial müdafiə sahəsində qarşıya qoyulan əsas vəzifələrdən biri də inklüziv cəmiyyətin yaradılması, ədalətli sosial təminat və insan kapitalının inkişafına nail olunmasıdır. İnklüziv cəmiyyət ədalətli cəmiyyətdir, dövlətin qanunları və xalqın tarixən formalaşan humanist ənənələrinin üst-üstə düşdüyü, hər kəsə bərabər hüquqlar verildiyi və imkanlar yaradıldığı cəmiyyətdir. İnklüziv cəmiyyət sosial müdafiəyə və qayğıya daha çox ehtiyacı olan şəxslərə bu haqqı tanıyan və uyğun şərait və imkanlar yaradan bir cəmiyyətdir. Bu məsələni daim diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, "Şəhid ailələri, müharibə əlilləri üçün də genişmiqyaslı proqram icra edilir. Mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, amma o da həqiqətdir ki, şəxsən mən bilmirəm hansı ölkələrdə buna oxşar proqram icra edilir. Çünki əfsuslar olsun ki, dünyada müharibələrdən, qanlı toqquşmalardan, münaqişələrdən çıxmış bir çox ölkələr var, amma bu ölkələrdə buna oxşar proqram yoxdur. Mən Ermənistanı demirəm, orada ümumiyyətlə, əlilliyi olan şəxslər cəmiyyətdən kənarlaşdırılıb və müharibədə əlil olan şəxslər də heç bir qayğı ilə əhatə olunmur. Mən bütövlükdə deyirəm. Mən bilmirəm, bu sahədə Azərbaycan qədər bu işləri görən ikinci ölkə var, yoxsa yox. Amma yenə də müqayisə üçün yox, sadəcə olaraq, bizim siyasətimiz bundan ibarətdir".

YAP daim inkişafda olan, özünü təkmilləşdirən, dünyada gedən proseslərə adekvat reaksiya verməyi bacaran və yeniliklərə açıq bir partiyadır. Partiyamızın proqramında qeyd edildiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır. Səmərəlilik, rasionallıq, çeviklik, müasirlik və aktuallıqla səciyyələnən kreativ yanaşma siyasi münasibətlərə də sirayət edir.

Sosial bərabərliyin təmin edilməsi də bu sıraya daxil edilməlidir. Bu paradiqma heç də sosializmdəki məcburi bərabərliyi deyil, sosial ədaləti təmin edəcək hüquq və imkan bərabərliyini nəzərdə tutur. Azərbaycanda biznesin liberallaşdırılması sahəsində aparılan islahatlar hər bir şəxsə öz bacarığı və istəyi çərçivəsində fəaliyyət göstərməyə, iş qurmağa, vəzifə tutmağa imkan yaradır. Bir çox dövlət qulluğuna və digər vəzifələrə qəbulun test vasitəsilə aparılması, gender bərabərliyinin ön plana çəkilməsi, gəlirdən vergitutmaların diferensiallaşdırılması və s. tədbirlər sosial bərabərliyin yaranmasına, ziddiyyətlərin yumşalmasına, sosial qütbləşmənin zəifləməsinə xidmət edir. İqtisadi liberallaşma tədbirlərinin uğurlu nəticələrindən biri olaraq, Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 37-ci, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür.

Sosial dövləti xarakterizə edən parametrlərdən biri də sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsidir. Azərbaycan dövləti tərəfindən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir, əməkhaqqı, pensiya, müavinət (yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə, şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir.

Sosial dövlət vətəndaş-cəmiyyət-dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır. Bu baxımdan, Azərbaycan dövləti sosial dövlət olaraq öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır, sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yeni münasibətlərin yaranmasına səy göstərir və buna nail olur.

Partiyamızın 5 mart 2021-ci il tarixdə keçirilən VII Qurultayı siyasi, iqtisadi, sosial sahələrdə qarşıya qoyulan yeni hədəfləri bəyan etməklə yanaşı, bu hədəflərə çatmaq üçün ideoloji platformanı da müəyyən etmişdir. Bu platformanın əsasında milli birlik, bütün siyasi qüvvələrin ölkənin ictimai həyatında fəal mövqe tutması, vətəndaş həmrəyliyinə töhfə verməsidir. Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultaydakı nitqində bu məsələləri cəmiyyətin diqqətinə çatdıraraq demişdir:  "Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun".

YAP-ın VII Qurultayında partiya Sədrinin tapşırığına əsasən Partiyanın yeni Proqramının hazırlanması üçün işçi qrupu yaradılmış və işçi qrupunun hazırladığı yeni Proqram layihəsi ətraflı müzakirələrdən sonra YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın 5 fəsildən ibarət yeni Proqramında Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunmuşdur: Heydər Əliyev yolu; müstəqillik; azərbaycançılıq; dövlətçilik; qanunun aliliyi; varislik və təkamül; konstruktiv əməkdaşlıq və dialoq; sosial ədalət və insan amili; multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı.

44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması ilə bərabər, həm də bölgədə yeni reallıqlar yaratmışdır. Bölgənin ən mütəşəkkil və qüdrətli siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının böyük qələbədən sonra keçirilən VII Qurultayında regionda yaranan yeni reallıqlar müzakirə olunmuş və qarşıda duran vəzifələr partiyanın Proqramında öz əksini tapmışdır.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün  bərpa olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışı  sahəsində YAP-ın hədəfləri Partiyanın Proqramının 4-cü fəslində öz əksini tapmışdır. Bu hədəflər Qarabağda və Şərqi Zəngəzurda layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması, bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi, bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması, regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının hazırlanması və həyata keçirilməsi kimi mühüm taleyüklü və tarixi əhəmiyyətli məsələləri əhatə edir.

Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən qısa zaman kəsiyində partiyamızın və dövlətimizin rəhbəri, xalqımızın lideri cənab İlham Əliyevin rəhbərliyi ilə olduqca böyük nailiyyətlər əldə olunub: "Şuşa Bəyannaməsi" imzalanmış və qüvvəyə minmiş, Füzuli və Zəngilan aeroportları tikilmiş və istifadəyə verilmiş, Şuşa, Ağdam, Füzuli və digər şəhərlərin Baş planları təsdiq olunmuşdur. İşğaldan azad edilmiş bölgələrimizdə geniş quruculuq-abadlıq layihələri həyata keçirilməkdədir, Şuşaya "Zəfər yolu" çəkilmişdir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elektrik enerjisi və su təminatı həyata keçirilmişdir, Murovdağının üzərindən Kəlbəcərə müasir yol tikintisi uğurla davam edir, Zəngilanın Ağalı kəndində "ağıllı kənd" pilot layihəsi tamamlanmış, məcburi köçkün soydaşlarımızın 30 illik həsrətinə son qoyulmuşdur. Gələn il Qarabağda və Şərqi Zəngəzurda daha bir neçə yaşayış məntəqəsinə geri dönüş təmin ediləcəkdir.

Yeni Azərbaycan Partiyası həm də qarşısına böyük hədəflər qoymuş gələcəyin partiyasıdır. Ölkədə yaradılmış möhkəm ictimai-siyasi sabitlik və həmrəylik mühiti, düzgün idarəetmə, neft kapitalının insan kapitalına çevrilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, innovativ metodların və texnologiyaların tətbiqi son on ildə iqtisadi gücümüzün xeyli artmasına, qüdrətli və peşəkar ordumuzun yaranmasına, etibarlı sosial təminat sisteminin formalaşmasına, yeni daha böyük hədəflərə çatmaq, ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxartmaq üçün möhkəm zəmin yaratmışdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi dövlətçilik tariximizin şanlı bir səhifəsi, xalqımız və dövlətimiz üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur. Artıq Azərbaycan bütün transregional layihələrdə əsas söz sahibidir.

YAP-ın siyasi rəhbərliyi ilə əldə olunan beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf strategiyasının formalaşmasına böyük töhfə verəcəkdir. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin.

Qürurla deyə bilərik ki, artıq Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Ölkəmizin və partiyamızın qarşısında növbəti on illikdə həm beynəlxalq, həm də milli səviyyədə yeni hədəflər, yeni məqsədlər dayanır. Yaxın 10 ildə minimum hədəflərə çatmaq üçün ölkəmiz beynəlxalq səviyyədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir. Milli səviyyədə isə maksimum hədəflərə nail olmaq üçün "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunmuşdur. BMT-nin Dayanıqlı inkişaf məqsədləri Minilliyin İnkişaf Məqsədləri adlanan sənədin davamı olaraq hazırlanmış, dünyada 2030-cu ilədək yoxsulluğun aradan qaldırılmasını hədəfləyən 17 Davamlı İnkişaf Məqsədi özündə əks etdirən layihədir.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini uğurla həyata keçirən ölkələrdən biri kimi bölgədə ilk olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatı hazırlayıb təqdim etmişdir.

Yaxın 10 ildə qarşıya qoyduğumuz milli hədəflərə çatmaq məqsədi ilə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunmuş və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanmışdır.

Oktyabrın 5-də Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda cənab Prezident İlham Əliyev demişdir: "Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik!".

Biz fəxr edirik ki, ulu öndərin siyasi kursunu böyük uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev kimi qüdrətli Liderimiz var! Fəxr edirik ki, Yeni Azərbaycan uğrunda mübarizə aparan və qalib gələn xalqın nümayəndəsiyik. Fəxr edirik ki, belə gözəl Vətənimiz var!

Zaman dəyişdikcə yeni çağırışlar, yeni hədəflər meydana gəlir. Partiyamızın qüdrəti həm də onun siyasi çevikliyində, çağırışlara anında və milli maraqlara uyğun reaksiya vermək bacarığındadır. Partiyamızın Sədri, dünya azərbaycanlılarının lideri cənab İlham Əliyevin yaxından dəstəyi ilə Türk Dövlətləri Təşkilatının yaranması yeni milli birlik konfiqurasiyasının formalaşmasını, əməkdaşlığımızın çevrəsinin daha da genişlənməsini, türk dövlətlərini təmsil edən siyasi qüvvələrlə təmasların artırılmasını diktə edir. Bu baxımdan, YAP-ın Türkiyənin iqtidar partiyası olan AKP ilə münasibətlərinin qardaşlıq səviyyəsinə yüksəlməsi hər birimizdə qürur hissi doğurur. Fikrimcə, digər türk dövlətlərinin partiyaları ilə də bu müstəvidə münasibətlərin qurulması hər birimiz üçün faydalı olacaqdır.

Partiyamızın Sədri, Prezident İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı olduqca aktual milli kimlik və birlik probleminə toxunaraq demişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".

Bu, olduqca ciddi bir çağırışdır və hər birimizin üzərinə həm partiya üzvü kimi, həm də vətəndaş olaraq böyük vəzifələr qoyur. Qarşıda isə bizi daha böyük vəzifələr və nailiyyətlər gözləyir. Bu vəzifələrə çatmaq üçün bütün Azərbaycan vətəndaşlarının arzularının və maraqlarının ifadəçisi olan Yeni Azərbaycan Partiyası hələ uzun illər dövlətimizin qüdrətlənməsində və xalqımızın rifahının güclənməsində öz təşəbbüskar, birləşdirici, flaqman vəzifəsini uğurla həyata keçirəcəkdir. İnanırıq ki, qüdrətli liderimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının öndərliyi, xalqımızın zəkası və əməyi ilə daha böyük uğurlara imza atacaq, gözəl vətənimiz Azərbaycanı dünyanın cənnətinə çevirəcəyik!

Musa QULİYEV,

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü.