Böyük zəfərə aparan tarix
Tarix

Böyük zəfərə aparan tarix

Azərbaycan xalqı son iki yüz ildə   dəfələrlə erməni daşnakları və onların havadarları tərəfindən  misli görülməmiş soyqırıma, təcavüzə məruz qalmış, torpaqları dəfələrlə  işğal olunmuşdu. Ərazi bütövlüyü  pozulmuş, mədəni, tarixi abidələri məhv edilmiş, şəhərləri, kəndləri yer üzündən silinmiş Azərbaycan dövləti bütün bunlara səbirlə yanaşmış, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışmışdı.  Xalqımızım sülhsevər, xoşniyyətli olmasından sui-istifadə edən mənfur düşmən 2020-ci ilin 27 sentyabrında layiqli cavabını aldı.              

O səhər Azərbaycan xalqı Böyük Vətən müharibəsinin başlaması xəbəri ilə oyandı. Sanki o gün millətə bayram müjdəsi verilmişdi. Bütün Azərbaycan xalqı həmin gün səfərbər oldu. Millət bir yumuruq olub öz Ali Baş Komandanının, Şanlı Ordusunun  ətrafında birləşdi. Azərbaycanın igid oğulları Vətən çağırır deyib cəbhəyə yollanmaq üçün, çağırış məntəqələrinə axın etdi.Hər kəs bu ölkənin vətəndaşı və  Türk olmağının qürurunu yaşadı o günlər...

İlk gündən cəbhədən sevindirici xəbərlər gəlirdi. Başqa cür də ola bilməzdi. Çünki o gün meydana artıq qələbə üçün atılmışdıq. İlk müjdə Cəbrayılın alınması və ölkə başçısının 4 oktyabrda bu münasibətlə xalqa müraciətilə gəldi. Ali Baş Komandan məhz o gün etdiyi o müraciəti ilə, qəlblərdə qalibiyyət məşəlini yandırmış oldu.     
Bəli, bu döyüşü həm masada, həm də sahədə aparacaq bir lider var idi - Ali Baş Komandan  cənab İlham Əliyev. 44 günlük müharibə dövründə O, Ali Baş Komandan olaraq unikal siyasi, diplomatik və komandanlıq keyfiyyətlərini ortaya qoydu.

Bu günlərdə Azərbaycan Prezidrenti İlham Əliyevdən müsahibə götürən Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkov deyir: “Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün milyonlarla rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Siz öz çıxışlarınızda müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz”.

Həmin müsahibədə cənab İlham Əliyev bir detala da toxundu: “Müharibənin gedişatından az keçmiş, oktyabrın 7-də Vladimir Vladimiroviç   Putinin doğum günündə, onunla telefon əlaqəsində oldum. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik.

Mənim  təkliflərim vardı və Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi.  Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər.

Nəhayət, biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi sizin təklifləri yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. 

Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi və sonda bütün reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. 

Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın  həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil”. Bəli, budur diplomatiya.
Müharibənin gedişində və həmin vaxtdan bir il ötməsinə rəğmən, hələdə qalibiyyətimizi həzm edə bilməyən dövlətlər göz qabağında. Qərb dövlətlərini sadalamıram, qonşumuz, “dindaşımız” İran partlamaq həddinə gəlib. Bu gün onların bizə qarşı düşmənçiliyi də, ermənilər qədərdir.

Amma gecdir. Artıq Azərbaycan öz sözünü deyib və dünya da bununla razılaşıb və razılaşmağa da məcburdur. Çünki Azərbaycanın işi haqq işidir və dünyanın qəbul etdiyi beynəlxalq qanun və normalara zidd deyildir.   İkincisi isə Azərbaycan artıq 33 il öncəki Azərbaycan da deyil. 50 milyonluq Azərbaycanın güclü tərəfdaşları və güclü ordusu var.     
44 günlük Zəfər sevincini bu xalqa yaşadan başda Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan Ordusuna, xüsusən də xüsusi təyinatlılara  və   tərəfdaş ölkələrdən bu müharibədə yanımızda olan, başda qardaş Türkiyə  olmaqla hər birinə öz təşəkkürümüzü bildiririk. Bu 44 günlük müharibədə Ali Baş Komandana, Orduya dəstək olan bütün Azərbaycan xalqının qarşısında baş əyirik.

Ən əsası isə bu müharibədə şəhadət şərbətini içib, bütün cəbhə boyu və Şuşanın qayalarında qanları ilə dastan yazan vətən övladlarına Allahdan rəhmət diləyir və müqəddəs  ruhları qarşısında  baş əyirik.

Cəmşid DƏRƏLƏYƏZLİ.