Braziliya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Braziliya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasianın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsini anıblar.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC