Brüssel görüşləri regionda sülhün təmin olunacağına ümidləri artırır
Siyasət

Brüssel görüşləri regionda sülhün təmin olunacağına ümidləri artırır

Ölkələrin ərazi bütövlüyünün tanınması, qarşılıqlı şəkildə hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması - 5 baza prinsipi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qalibiyyətindən sonra məğlub Ermənistana təklif etdiyi sülh müqaviləsinin əsasını təşkil edir.

Regionda sülhə, təhlükəsizliyə, ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına, xalqların birgəyaşayışının təmin edilməsinə ciddi səy göstərən Azərbaycan Ermənistanla da qonşuluq əlaqələri qurmaq istəyi ilə bölgədə sabitliyin bərqərar olmasına çalışır. Azərbaycanın bu səyləri avqust ayının 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən 4-cü görüşdə bir daha öz təsdiqini tapdı.

Ötən il dekabrın 14-də, bu il aprel ayının 6-sı və may ayının 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə verilən qərarlara müsbət reaksiya verməyən Ermənistan iki il ərzində qeyri-konstruktiv mövqe nümayiş etdirərək sülh sazişini imzalamaqdan boyun qaçırmışdı. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına, hər iki ölkənin və onların xalqlarının rifahına çalışan Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən 3 görüşdə bu istiqamətdə müəyyən addımlar atılsa da, Azərbaycanın 5 baza prinsipi əsasında sülh təklifinin reallaşmasında Ermənistan tərəfi maraqlı olmamışdır.

Bu il avqust ayının 31-də Brüsseldə baş tutan dördüncü görüş isə Azərbaycanın mənafelərinə tam uyğun şəkildə keçirilmişdir. Ermənistanın nəhayət ki, sülh müqaviləsinin mətni üzərində işləmək üçün işçi qrupunun yaradılmasına razılıq verməsi artıq indiyədək keçirilən və heç bir irəliləyişlə nəticələnməyən 3 görüşdən fərqli olaraq dördüncü görüşdən olan gözləntiləri daha ümidli edir. Üçtərəfli görüşdə yaxın bir ay ərzində məğlub ölkənin xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində işlənməsi üçün öhdəlik götürməsi, Azərbaycanın daxili məsələsi olan Qarabağın müzakirə mövzusu olmaması, ümumiyyətlə prosesin Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində inkişaf etməsi ölkəmizin haqlı mövqeyinin təsdiqi və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir. Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və dəvəti ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş iki ildir ki, Ermənistan tərəfindən yersiz olaraq uzadılan və hələ də reallaşmayan uğurlu sülh sazişindən xəbər verir.

Qeyd edək ki, dördüncü Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında bu formatda artıq üçüncü dəfə keçirilən görüşdə əsas diqqətin Qafqazdakı vəziyyətə və Azərbaycanla Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına yönəldiyini qeyd edərək, ümumilikdə müzakirələrin səmərəli keçdiyini bildirmişdir. Aİ Prezidenti budəfəki görüşdə dövlətlərarası sərhəddə yaxın günlərdə sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağına və iki ölkə arasında sərhədlərin delimitasiyası və ümumilikdə regionda sabitliyin bərqərar olması üçün bütün məsələlərə toxunulmasına nail olunduğunu bildirmişdir. Həmçinin, tərəflərin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldikləri də qeyd olunmuşdur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında Azərbaycan ilə Ermənistan arasında əsasən beynəlxalq daşımalar sahəsində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəlindiyini və yaxın günlərdə baş nazirlərin müavinləri səviyyəsində bu işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Şarl Mişel əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də hər iki ölkənin və onların xalqlarının davamlı sülh şəraitində yaşamağa hazırlanması üçün Aİ-nin öz dəstəyini əsirgəməyəcəyini və bu məqsədə xidmət edən İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirmişdir.

Təkcə regionda deyil, bütün dünyada sülhün, əmin-amanlığın olmasını istəyən və buna töhfələr verən ölkəmiz də, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışan və heç bir qərəzli, ikitərəfli münasibət sərgiləməyən Avropa İttifaqı da Brüsseldə baş tutan əvvəlki görüşlərdəki kimi, avqustun son günündə keçirilən dördüncü görüşdə də eyni mövqe nümayiş etdirmişlər. Belə ki, Azərbaycan tərəfi həmişəki kimi, sülh sazişinin onun təklif etdiyi 5 baza prinsipi əsasında imzalanmasını irəli sürmüş, Avropa İttifaqı isə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. Dəyişən isə yalnız Ermənistanın mövqeyi olmuşdur. Görünür, artıq onlar sülh sazişini imzalamaqdan başqa bir yolun olmadığını dərk etmişlər.

Avqust ayının 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə 5 saat davam edən görüşdə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməməsi, əsasən sülh razılaşması kontekstində kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə də bağlı geniş fikir mübadiləsinin aparılması Azərbaycanın sülh təklifinin tezliklə reallaşacağını deməyə əsas verir.

Beləliklə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi üçün razılığa gəlinməsi və xarici işlər nazirlərinə bir ay ərzində layihə mətnlərini hazırlamaq üçün vaxt verilməsi, minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılması və Avropa İttifaqının bu sahədə köməyini əsirgəməyəcəyini bildirməsi, ölkələrin sərhədlərinin delimitasiyasının təmin olunması və Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması şərtlərinin müzakirəsi, Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğunu bəyan etməsi bir daha bu ilin noyabrında bu formatda keçiriləcək növbəti görüşün uğurlu olacağını vəd edir.

Mehparə ƏLİYEVA,

"Respublika".