Brüssel görüşlərinin konstruktivliyi və əldə olunan nəticələr
Siyasət

Brüssel görüşlərinin konstruktivliyi və əldə olunan nəticələr

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən dördüncü üçtərəfli görüş baş tutdu. Ümumiyyətlə, bu görüşlərin davamlılığı və Avropa İttifaqının sülh prosesinin mühüm hissəsinə çevrilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən görüşlərdə keçmiş "Dağlıq Qarabağ" probleminə istinad edilməməsi, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi bir daha Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən xarici siyasətin və diplomatiya fəaliyyətinin böyük uğurudur. Görüşdə müzakirə olunan əsas məsələlər hazırda dövlətimiz üçün əhəmiyyətlidir. Bura azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi kimi mühüm məsələlər daxildir.

Bununla bərabər, qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra erməni hərbçiləri dəfələrlə terrora cəhdlər etmiş, Azərbaycan tərəfindən də adekvat tədbirlər görülərək onlar zərərsizləşdirilmişdilər. Qarşı tərəf həmin terrorçuları əsir kimi qiymətləndirib beynəlxalq rəyi istədikləri istiqamətdə yönəltməyə çalışırdı. Lakin bu görüşdə onlar rəsmi Bakının təqdim etdiyi kimi "saxlanılan ermənilər" adlandırıldılar. Yəni Ermənistan hakimiyyətinin beynəlxalq təşkilatlarda onları "müharibə əsirləri" kimi təqdim etmək cəhdi uğursuzluqla nəticələndi. Bu görüşdə də Zəngəzur dəhlizi ilə əlaqədar çağırış edilib, nəqliyyat əlaqələrilə bağlı blokların aradan qaldırılması istiqamətində əldə edilən nəticələr müzakirə olunub. Ən əsası isə sülh sazişinin yekunlaşması ilə bağlı ciddi mövqe ortaya qoyuldu və bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Həmçinin sərhədlərin delimitasiyası barədə növbəti görüşün noyabr ayında Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub. Bu isə daha konkret nəticələrin meydana çıxmasına əminlik yaradır.

Məlum olduğu kimi, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı çərçivəsində sonuncu görüş bu il may ayının 22-də keçirilmişdi. May ayındakı görüş zamanı Ermənistan, kifayət qədər ciddi öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı prosesə ilkin olaraq start da verilmişdi. Məsələn, Xarici İşlər nazirləri Tbilisidə görüşün keçirilməsi, Baş nazirlərin müavinləri səviyyəsində delimitasiya komissiyasının görüşünün baş tutması, eyni zamanda iyun ayına qədər qanunsuz erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılması kimi məsələlər gündəliyə gətirilmişdi və ciddi ümidverici nəticələr gözlənilirdi. Təəssüf ki, Ermənistan tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımların atılmaması, əksinə bölgədə təxribat xarakterli həm Ermənistan-Azərbaycan sərhədində, həm də Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərində separatçılar tərəfindən təxribatların törədilməsi 22 may görüşünün nəticələrini ciddi sual altında qoymuşdu. Hətta avqustun 3-də Azərbaycan ordusuna qarşı törədilən təxribatlar nəticəsində əsgərimiz şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan sürətli "Qisas" əməliyyatı keçirmişdi. Məhz bu əməliyyatdan sonra Ermənistan tərəfinin yenidən hadisələrə reallıqlar prizmasından baxma imkanları yaranmışdı.

Brüsseldə baş tutmuş hər bir görüş qarşıya qoyulan hədəfə doğru atılan bir addımdır. Burada aparılan danışıqların konstruktivliyi göz qabağındadır. Təsadüfi deyil ki, dövlətimiz bu formata müsbət yanaşır. Eyni zamanda, bir məqamı da unutmayaq. Atılan hər bir addımın necə effekt verəcəyi həmin görüşün mahiyyəti və onun təşəbbüsçüsünün hansı məqsəd naminə məsələnin çözülməsində maraqlı olması ilə sıx bağlıdır. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun ötən 30 ilə yaxın dövrdə keçirdiyi görüşləri bu silsilədən hesab edə bilmərik. Çünki həmin görüşlər, sadəcə təcavüzkar Ermənistana vaxt qazandırmaq məqsədi güdən və imitasiya naminə aparılan danışıqlar idi. Bunu Azərbaycan tərəfi çox yaxşı bilirdi. Lakin ötən 30 ilə yaxın müddətdə kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dərsi keçməyə adətkar olub, özləri bu prinsiplərin mahiyyətindən xəbərsiz olan bəzi dünya güclərindən yenə də ikili standartlara əsaslanan siyasətlərinə son qoyub ədalətli yanaşma nümayiş etdirəcəklərini gözlədik. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onların siyasətində haqqın və ədalətin yanında olmaq prioritet istiqamət təşkil etməlidir. Bu məqamı hər zaman təkrar-təkrar xatırlamağı özümüzə borc bilməliyik ki, həmin dövlətlər qeyd etdiyimiz qətnamələrin layihəsinin hazırlanmasında və qəbulunda iştirak ediblər. Həmsədrlər bir qayda olaraq sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, erməni silahlı birləşmələrinin bu ərazilərimizi qeyd-şərtsiz tərk etmələrinin vacibliyini əks etdirdikləri halda, vasitəçilik missiyasını yerinə yetirən zaman Ermənistanı ərköyün uşaq kimi əzizlədilər.

Şübhəsiz, 4-cü Brüssel formatının aktuallaşmasını həm də "Qisas" əməliyyatından sonra formalaşan geosiyasi, hərbi mühit zəruri edirdi. Beləliklə, məhz Laçın şəhərindən yeni alternativ yolun çəkilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması ilə bağlı qısa müddət ərzində ciddi addımların atılması və Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, görüş xatirinə görüş deyil, nəticələr əldə edilməsi mümkün olan görüşün keçirilməsi istiqamətində Ermənistan tərəfindən də addımların atılması, bu istiqamətdə konkret işlərin aparılması növbəti - 31 avqust görüşünü labüd etdi.

Son görüş çox ciddi nəticələrlə yadda qalıb. Tam əminliklə deyə bilərik ki, görüş zamanı əldə olunan nəticələrin real sahədə əməli addımlarını müşahidə edə biləcəyik. Bu, daha çox Ermənistan və Azərbaycan arasındakı müxtəlif istiqamətli münasibətlərin qurulması ilə əlaqədar sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun fəaliyyətinin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində xüsusilə də Azərbaycan tərəfindən əsas işləri, demək olar ki, yekunlaşmaq üzrə olan Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində real addımların, praktiki işlərin başlanması yönündə olacaq.

Beləliklə, 31 avqust Brüssel görüşü Azərbaycanın, region xalqlarının maraqlarına cavab verən, sülhün təmin edilməsi istiqamətində uğurlu bir görüş və nəticəyönümlü proses oldu. Bu da onu deməyə əsas verir ki, sözügedən görüş Azərbaycan üçün daha bir qələbə, Ermənistan üçün isə növbəti uğursuzluq, məğlubiyyət deməkdir.

Emin QASIMOV,

"Respublika".