Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunub
Digər xəbərlər

Brüsseldə mədəniyyətlərarası dialoqun qlobal təhlükəsizlikdə rolu müzakirə olunub

Azərbaycanın multikulturalizm modelinin Avropada tətbiqinin vacibliyi vurğulanıb

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü, "New Direction" Avropa islahatlar Fondu, Avropada Din Azadlığı və Təhlükəsizlik İnstitutu və Avropa İslahatı üzrə Yeni İstiqamət Fondunun birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində "Təhlükəsiz dünya naminə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda konfrans keçirilib. Konfrans təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş "Bakı Prosesi"ni davam etdirərək, dinlər və mədəniyyətlər arasında dialoqun inkişafına təkan vermək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, Avropada dözümsüzlüyün artması, dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm və islamofobiya kimi günümüzün qlobal çağırışları sülh, təhlükəsizlik və sosial birliyə ciddi təhlükə yaradır. Belə çağırışlar mədəni müxtəlifliyi, dinlər və sivilizasiyalararası dialoqu və müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanı, eləcə də tolerantlığı gücləndirməyi təşviq etmək məqsədilə dinlər və mədəniyyətlər arasında möhkəm dialoqun qurulması üçün beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi həmişəkindən daha çox tələb olunur.

Konfransda azərbaycanlı və avropalı ekspertlər bir araya gələrək günümüzün belə vacib çağırışlarına birgə cavabları müzakirə ediblər.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək, Azərbaycanın multikulturalizm modelindən danışıb, ölkəmizin dinlər və mədəniyyətlərarası harmoniya, birgəyaşayış tərzi ilə bağlı təcrübəsini bölüşüblər.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin salamları konfrans iştirakçılarına çatdırılıb.

Konfrans çərçivəsində keçirilən "Bugünkü dünyada dinin rolu", "Dinlərarası harmoniya davamlı inkişafın mühüm elementi kimi" və "Dinlərarası dialoq sülhə necə töhfə verə bilər" mövzularında panel iclaslarında bu gün dünyanın, xüsusilə də Avropada antisemitizm, antimüsəlman və digər dini dözümsüzlük və nifrət zəminində cinayətlərlə mübarizəsi məsələləri müzakirə olunub. Avropanın müxtəlif ölkələrindən konfransa qoşulmuş mütəxəssislər multikulturalizm sahəsində Azərbaycan modelini yüksək qiymətləndirib, bunun hər bir ölkə üçün örnək olduğunu vurğulayıblar.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan "Bakı Prosesi"nin əhəmiyyətini vurğulayaraq, onun hər bir ölkədə reallaşdırılmasının əhəmiyyətini qeyd etdilər. Azərbaycan Prezidentinin hələ 2008-ci ildə bugünkü çağırışları aydın gördüyü və onların qarşısının vaxtına alınması üçün çağırış etdiyi bildirilib.

Azərbaycana səfər etmiş din xadimləri ölkəmizdə rastlaşdıqları birgəyaşayış modelindən danışıblar. Bu gün multikulturalizmin Azərbaycan modelini tətbiq etməklə dünyanı bürüyən antisemitizm, antimüsəlman, islamofobiya, ksenofobiya ilə birgə mübarizə aparmağın əhəmiyyəti qeyd olunub. Eyni zamanda, dinlərarası harmoniyanın ən vacib məsələ olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, ayrı-seçkilik halları bir çox cəmiyyətlər üçün problem olaraq qalır və bəzən nifrət nitqindən silahlı münaqişəyə qədər zorakı formalarla ifadə olunur. Bu kontekstdə dinlər və mədəniyyətlərarası dialoq qarşılıqlı qərəzlərə qarşı çıxmaq, onları aradan qaldırmaq üçün mühüm yanaşmadır.

Diqqətə çatdırılıb ki, dinə və ya inanca görə dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasının, sülh və qeyri-zorakı mədəniyyətin təbliğinin vacibliyi qlobal səviyyədə qəbul edilib və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının müvafiq qətnamələrində öz əksini tapıb.

Vurğulanıb ki, Azərbaycan multikulturalizmin sadiq müdafiəçisidir və bu dəyərlərin fəal şəkildə təbliği istiqamətində mühüm səylər göstərir. Multikulturalizm Azərbaycanda əsrlər boyu qorunub saxlanılan həyat tərzi olmaqla yanaşı, dövlət siyasətinin mühüm tərkib hissəsidir.

İştirakçılara məlumat verilib ki, Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dini Liderlərin Ümumdünya Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi bir çox beynəlxalq tədbirlər keçirilib.

Bu konfrans multikulturalizm sahəsində əməkdaşlığın gücləndirilməsi, dinlərarası dialoq perspektivlərinə baxışın paylaşılması, eləcə də təcrübə mübadiləsi üçün əlverişli şərait yaradıb.

Konfransın keçirildiyi binanın foyesində təşkil edilən sərgidə konfrans iştirakçıları multikulturalizmin, dinlərarası harmoniyanın Azərbaycan modeli ilə tanış olmaq imkanı verib. Ölkəmizdə məscid, sinaqoq və kilsələrin fəaliyyət göstərməsi yüksək qiymətləndirilib.

AZƏRTAC