BTC layihəsini reallaşdırmaq o vaxt üçün çox çətin məsələ idi
Siyasət

BTC layihəsini reallaşdırmaq o vaxt üçün çox çətin məsələ idi

2004-cü il fevralın 3-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanma mərasimi keçirilib

Hər bir ölkənin iqtisadiyyatını inkişaf etdirmək və təbii sərvətlərinin taleyini xalqın ümumi mənafeyi naminə həll etmək üçün ilk öncə müstəqil olmaq və siyasi sabitliyi qorumaq əsas amildir. Dövlətimiz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ilk illər ölkədə hökm sürən xaos nəticəsində iqtisadiyyatı inkişaf etdirmək mümkün deyildi. Hətta həmin illərdə neft hasilatının həcmi 10 milyon tona, qaz hasilatının həcmi isə 6 milyard kubmetrə düşmüşdü.

Xalqımızın yekdil çağırışı ilə zəngin dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi ilə bağlı son dərəcə böyük işlər görüldü və ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasına uyğun olaraq dünyanın aparıcı beynəlxalq təşkilatları və inkişaf etmiş ölkələri ilə əməkdaşlıq ön plana çəkildi. Bununla da, iri neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Müqavilənin imzalanma mərasimində çıxış edən ümummilli lider demişdir: "Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır".

Bu iqtisadi uğurların müəllifi olan Heydər Əliyev bütün vasitələrdən istifadə edərək neftin boru kəməri vasitəsilə ixracının həyata keçirilməsinə də nail oldu. Bununla da 1999-cu ilin noyabr ayında İstanbulda keçirilən ATƏT-in zirvə görüşündə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan rəhbərləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma sənədi imzaladılar. Bundan əlavə, üç ölkə rəhbəri bəyanat qəbul etdi və Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton bəyanata imza atdı.

BTC layihəsini reallaşdırmaq o vaxt üçün heç də asan məsələ deyildi. Günki Azərbaycan neftinin dünya bazarına Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ixrac edilməsinə qarşı çıxanlar da vardı. Ancaq bütün bu və digər çətinliklərə xalqımız Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində qalib gələrək istəyinə nail oldu.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin neft strategiyasına uyğun olaraq dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar apararaq bunu həll etdi. Beləliklə də 2004-cü il yanvarın 30-da Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətinin Direktorlar Şurası Londonda keçirilən yekun iclasında BTC-nin tikintisi layihəsinin maliyyə paketini təsdiqlədi. 2004-cü il fevralın 3-də isə "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanma mərasimi keçirildi.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasının 10 illiyinə həsr olunmuş tədbirdə bu tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: "Əsrin müqaviləsi"ndə Azərbaycanın iqtisadi maraqları tam təmin olunub. Bununla yanaşı, xarici investorlar üçün də olduqca məqbul şərait yaradılmışdır. Əks təqdirdə belə həcmdə investisiyaları Azərbaycana gətirmək mümkün olmazdı. Bizim xarici investorlar əmindirlər ki, Azərbaycana qoyulmuş hər bir manat, hər bir dollar ölkə qanunvericiliyi ilə lazımi səviyyədə qorunur".

"Əsrin müqaviləsi"nin uğurla həyata keçirilməsi və BTC-nin reallaşması bir daha göstərdi ki, Azərbaycan beynəlxalq aləmdə münbit investisiya mühiti yaratmaqla kommersiya risklərini minimuma endirməyi bacaran ölkə olaraq təbii ehtiyatlarndan xalqın ümumi mənafeyi naminə faydalanmağı bacarır.

Ulu öndərin neft strategiyasının ən böyük uğurlarından biri sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini gücləndirməklə, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. BTC beynəlxalq aləmdə mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.

M.NƏRİMANOĞLU,

"Respublika".