Bu ailələri ziyarət borcumuzdur
Sosial həyat

Bu ailələri ziyarət borcumuzdur

YAP Hacıqabul rayon təşkilatının və Hacıqabul Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP fəalları və rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri rayonun Padar qəsəbəsində şəhid Ağayev Mənsur Ağa oğlunun doğum günündə ailəsini ziyarət edib qayğıları ilə maraqlandılar. Şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxudular. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim edildi.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını bildirdi. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini qeyd edən YAP rayon təşkilatının sədri bildirdi ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, xüsusi təqaüd və müavinətlər ödənilir.

Şəhid atası Ağa Ağayev ailəyə göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdi.

Tofiq HÜSEYN,

“Respublika”.