Bu gün Azərbaycanda Gənclər Günüdür
Sosial həyat

Bu gün Azərbaycanda Gənclər Günüdür

Hər bir xalqın xoşbəxt, işıqlı gələcəyi ilk növbədə onun gəncliyinə bağlıdır. Bu mənada sağlam, savadlı nəslin yetişdirilməsi ən vacib məsələlərdən biridir. Nəsillər dəyişsə də, ənənələr, milli dəyərlər dəyişmir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması mənsub olduğu xalqın milli kökünə bağlılığından irəli gəlir. Bu köklər üzərində yetişən Azərbaycan gəncləri sabaha daha inamlı və mətin addımlarla irəliləyir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu öndərin 1997-ci il fevral ayının 2-də imzaladığı sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım ataraq bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Azərbaycan gənclərinin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ölkə başçısı İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini, diqqət və qayğısını öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan  şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsidir. Sadalanan bütün qərarlar ümumilikdə Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının təzahürüdür. Bu gün ölkə gəncliyi böyük ümid və inamla müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Bütün dövrlərdə gənclik cəmiyyətdə gedən proseslərdə öz sözünü demiş, öndə gedən qüvvələrdən olmuşdur. Azərbaycan gəncliyinin ən şərəfli və taleyüklü sınaqlarından biri 2020-ci il sentyabr ayının 27-də başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində gənclərimiz görünməmiş qəhrəmanlıq, şücaət nümayiş etdirərək şanlı-şərəfli qələbəmizi qazandılar. Məhz gənclərin rəşadəti sayəsində əldə olunan şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü  bərpa etdi. Mübariz gənclərimiz təkcə döyüşlərdə deyil, həm də arxa cəbhədə fəal iştirak etdilər.

Azərbaycan gəncləri bu gün də mərdlik, qəhrəmanlıq göstərirlər. Qarabağda Ermənistanın təbii sərvətlərimizi “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını talayıb, istismar etməsinə etiraz olaraq ötən ilin dekabr ayının 12-dən Xankəndi-Laçın yolunda dinc aksiyaya başlayıblar. Qışın sərt, qarlı-şaxtalı havasında gecə-gündüz bilmədən 53 gündür öz etiraz aksiyalarını dinc, sivil şəkildə davam etdirən Azərbaycan gəncliyi öz əzmini, iradəsini  nümayiş etdirir.

Gənclərin təmsil olunduğu bütün sahələr bu gün inkişafın uğurlu mərhələsindədir. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət verilir. Prezident İlham Əliyevin böyük diqqəti nəticəsində bu gün Azərbaycan dünya da həm də idman ölkəsi kimi tanınır. Ölkəmizin beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları bunu bir daha sübut edir. Əlbəttə ki, beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onları yeni-yeni uğurlara, qələbələrə ruhlandırır. Gənclərimizin potensialının, fəallığının, ölkədə gedən proseslərə yeni, fərqli baxışlarının cəmiyyət üçün vacib olduğunu nəzərə alan Prezident İlham Əliyev 2019-cu il dekabr ayının 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzalamışdır.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsi də dövlətin diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan gənc nəslin gələcəyinin etibarlı təminatıdır.

Bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün lazımi tədbirlər həyata keçirilir. İşıqlı sabaha, xoş gələcəyə yol həm də Azərbaycan gəncliyinin təfəkkür və zəkasından keçir. Bu yolda onlara ən böyük dayaq olan ölkə başçısı Prezident İlham Əliyev gənclər haqqında demişdir: “Mənim gənclərə xüsusi münasibətim var,  mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Ramidə YAQUBQIZI,

“Respublika”.