Bu günün şagirdi sabahın qurucusu
Sosial həyat

Bu günün şagirdi sabahın qurucusu

"Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır". Ulu öndər Heydər Əliyevin müəllimlər haqqında söylədiyi müdrik kəlamlarından birində belə deyilir.

XIX əsrin sonu XX əsrin əvvəllərində təhsilli, müəyyən qədər zəngin olan insanlar bütün səylərini maarifçilik fəaliyyətində cəmləşdirir, ilk növbədə, azərbaycanlı qızların təhsil almasına imkan yaratmağa çalışırdılar. Bu qayğıkeş və eyni zamanda çox səmərəli yanaşmada böyük Azərbaycan maarifçiləri -  M.F.Axundov, H.B.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Hadi və digər mütəfəkkirlərin bilavasitə təsiri daha aydın görünür. O dövrü tədqiq edən alimlərin fikrincə, Azərbaycan maarifçiliyi Avropa maarifçiliyindən fərqli olaraq, daha romantik, daha inqilabi ruhda köklənmişdi. Zaman-zaman adları tarixin yaddaşına qızıl hərflərlə yazılan ziyalılarımız xalqın maariflənməsi üçün böyük xidmət göstərmiş və məhz həmin şəxsiyyətlərin səyi ilə milləti cahilliyin məngənəsindən xilas etmək mümkün olmuşdu. Sonrakı dövrlərdə də təhsilin inkişafı yolunda xidmət göstərən şəxsiyyətlər az olmayıb. Təhsilimiz isə zamanın şərtləri daxilində inkişaf edib, yeniləşib.

Ulu öndər Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə milli təhsilimizin yenidən qurulması istiqamətində "Təhsil islahatları proqramı"nın icrasına başlanıldı: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır. Təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması ulu öndərin respublikaya rəhbərliyinin hər iki dönəmində dövlətin prioritet sahələrindən biri olub.

Dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdi.

Azərbaycanda yeni əsrin çağırışlarına cavab verə biləcək savadlı insanların yetişməsi, bu sahədə əlverişli şəraitin yaradılması və s. dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri olmuşdur: "Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyildir. Bu, həm insanlar üçün, həm də ölkə üçün çox çətindir", - deyən dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş məsələlər uğurla yerinə yetirilib. Qəbul olunmuş Dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarında da öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib.

Son 19 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sistemi tətbiq edilən məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Təhsilin insan həyatında, cəmiyyətin inkişafında rolunu nəzərə alan Heydər Əliyev Fondu da əsas fəaliyyət istiqamətlərindən biri kimi məhz təhsil sferasını seçib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət kəsb edir. Bu proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının icrasına istiqamətlənmişdir.

Ölkəmizdə aparılan yenidənqurma işləri, iqtisadi, mədəni və sosial sahələrdə həyata keçirilən islahatlar təhsilin inkişafına birbaşa təsirini göstərir. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələsini yaşayır. Müasir gənclik Azərbaycanın gələcək inkişafı üçün potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiyasını təmin edir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilir. Ulu öndərin maarifçilik ideyalarını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əzmlə həyata keçirir.

Bu gün Azərbaycanda işinə, vəzifəsinə vicdanla, məsuliyyətlə yanaşan böyük müəllimlər ordusu yetişib. Cəmiyyətin dərin hörmətini qazanan müəllimlər hər il oktyabrın 5-də öz peşə bayramlarını qeyd edirlər. Ölkəmizdə Müəllimlər Gününün keçirilməsi ilə bağlı Sərəncamı da ulu öndər Heydər Əliyev imzalayıb. Ümumiyyətlə, Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsi ilə bağlı UNESCO 1966-cı il oktyabrın 5-də qərar verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Bu gün oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı günü kimi qəbul edir.

Mustafa Kamal Atatürk deyirdi: "Müəllimlər! Yeni nəsli, cümhuriyyətin fədakar müəllimlərini siz yetişdirəcəksiniz və yeni nəsil sizin əsəriniz olacaq".

Vaxtilə ulu Sabirin "Ey dərbədər gəzib ürəyi qan olan cocuq. Bir loğma nan üçün gözü giryan olan cocuq" çağırışına zamanın cavabı kimi Azərbaycanda açılan məktəblər XX əsrin parlaq simalarını yetişdirdi, müstəqil Azərbaycan dövlətinin sarsılmaz təməlini formalaşdırdı. Bu dövləti qoruyub daha da inkişaf etdirmək, Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək bu gün dövlətimizin qurub-yaratdığı məktəblərdə pöhrələnən Azərbaycan balalarının qismətidir. Sabahın qurucularını isə bu günün müəllimləri yetişdirir.

Zümrüd QURBANQIZI,

"Respublika".