Bu oba,  bu el sizi unutmayacaq
Region

Bu oba,  bu el sizi unutmayacaq

Vətən müharibəsinin şanlı qələbə ilə başa çatmasının ildönümünə sayılı günlər qalıb.  Uzun illər erməni işğalı altında qalan torpaqlarımız azad edilib. Azərbaycan Ermənistanın yaratdığı süni iki yüz illik münaqişəyə son qoyub.  Qeyd edək ki,  ötən il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar,  minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  Dinc sakinlər hədəf alınıb,  onların evlərinə,  əmlaklarına və infrastruktura ciddi ziyan dəyib.  Ordumuz düşmənin hücumlarının qarşısını almaq,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti dağları, dərələri,  keçilməz sədləri aşaraq Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Əsgər və zabitlərimiz düşmənin başını əzərək torpaqlarımıza, o cümlədən  keçmiş  Dağlıq Qarabağa fəlakət,  qətliam və göz yaşından başqa heç nə gətirməyən hərbi caniləri və onların züy tutanlarını  bu yerlərdən qovdular.  Qəhrəman və igid oğullarımız öz canlarını qurban verərək müqəddəs amal uğrunda, haqq,  ədalət yolunda şəhid oldular.  Belə qəhrəman oğullardan biri də Mirrahil Teymurludur.

1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Mahmudlu-1 kəndində anadan olan  Mirrahil həqiqi hərbi xidmətini uğurla başa vuraraq doğmalarının yanına qayıdıb. ANAMA-nın Horadizdəki ofisində minaxtaran kimi işə qəbul edilib.  Bir müddət burada çalışaraq 2018-ci ildə müddətdən artıq hərbi xidmətə başlayıb.  N saylı hərbi hissədə baş mexanik sürücü kimi tank bölüyündə nümunəvi xidməti ilə fərqlənib. Vətən müharibəsinin ilk günündən Mirrahil öz “dəmir atı”ilə ön mövqelərdə döyüşlərdə iştirak edib. Sərrast atəş ilə düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edərək ermənilərə göz açmağa imkan verməyib.

Füzuli uğrunda gedən şiddətli döyüşlərdə Mirrahil idarə etdiyi tankla düşmən mövqelərini güclü atəşə tutaraq döyüşçülərimizin irəliləməsinə şərait yaradıb.  Döyüş meydanında hərbi tapşırığı yerinə yetirərkən qəhrəmanlıqla həlak olub. Bu günlərdə şəhid tankçı Mirrahil Teymurlunun ad günündə xatirəsi anılıb,  şəhidin məzarı ziyarət olunub,  ruhuna dualar oxunub.

Anım mərasimində şəhidin ailəsi ilə yanaşı,  Füzuli Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları,  şəhidin döyüş yoldaşları,  kənd sakinləri və məktəblilər iştirak ediblər. Füzulinin qəhrəman oğlu Mirrahil Teymurlunun qısa, lakin şərəfli ömür yolundan və Vətən müharibəsində göstərdiyi igidlikdən qürur hissi ilə söz açılıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq, tarixin səhifələrinə həkk olunacaq. Sonra məktəblilərin ifasında şəhidlərə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.  

Qalib Ali Baş Komandan,  Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə  Mirrahil Teymurlu ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Vətən uğrunda canını,  qanını əsirgəməyən və torpaq uğrunda şəhid olanlar ölmür,  onlar hər zaman xalqımızın qəlbindədir və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqlar.

                                                  Salman ALIOĞLU,

                                                     “Respublika”.