Bu yerlərə yolun düşsə...
Region

Bu yerlərə yolun düşsə...

Onun gəzməli, görməli yerlərinə baş çəkməyi, tarixi abidələri, istirahət guşələri ilə tanış olmağı, milli adət-ənənələrindən bəhrələnməyi, Zaqatala süfrələrinin qonağı olmağı, maraqlı adamları, qayğıkeş məmurları ilə söhbətə qoşulmağı da unutma. Gəzdikcə, gördükcə, bəhrələndikcə Zaqatalanın Avropanın ən gözəl şəhərlərindən heç də geridə qalmadığının şahidinə çevrilərsən. Qədim Qəbizdərənin ailəvi istirahət məkanları, dağlar qoynunda yerləşən Car kəndinin ərazisindəki istirahət mərkəzləri Zaqatalaya gələn turistlərin qəlbində dərin iz buraxır.

Zaqatalanın möhtəşəm görüntüləri, ecazkarlığı ilə ürəkləri riqqətə gətirən gölləri, şəlalələri də var. “Ümid”, “Xalaxı”, “Sarı göl” göllərinin gəzintisi, bura gələnlərə bir də gəl-gəl deyir, unudulmaz xoş təəssüratlar yaradır. Dağların, qayaların hörüklərinə bənzəyən həzin şırıltıları, ürəklərə həzinlik, əsəblərə sakitlik gətirən ən gur sulu Katex və Zaqatala şəlalələrinin heyranedici mənzərəsi də səndə xoş hisslər yaradacaq.

Zaqatalaya gəlib, onun Meşlesinə də getməyə bilməzsən. Çünki çox az sayda sakini olan bu kəndin sakinlərinin vətənə, torpağa, ocağa sədaqətləri səni elə heyrətləndirəcək ki... Ona görə də yerli və xarici turistlər bu ünvandan da həmişə gözəl təəssüratlarla ayrılırlar. Meşlesi qonşu Yuxarı Tala ilə birləşdirən altı aşırımlı körpünü keçmək, dağ çayının dəlisovluğunun seyrinə çıxmaq da səndə dağ kəndinin dağ vüqarına tam əminlik yaradır.

Əsrlərin, bəlkə də qərinələrin şahidi, yaşıdı olan tarixi abidələr Zaqatalada da çoxdur. O, tarixlərin səhifələrini vərəqləmək də çox maraqlı olar. Yuxarı Çardaxlardakı qayalarda qurulan "Pəri qalası" bu tarixi abidələrin ən möhtəşəmidir. Deyirlər, o vaxt bu cür qalalar dağlarda, qayalarda tikilərdi. "Pəri qalası" isə tikilməyib, qalanın içində ovma aparmaqla ərsəyə gətirilib. İndi ora getmək, məlum səbəblərdən mümkün olmasa da haqqında çox zəngin məlumatlar ala bilərsən. Qırx otaqdan ibarət "Pəri qalası" ən möhtəşəm abidədir.

Zaqatala şəhərinin özündə məşhur məkanlar var. "Qala düzü" də onlardan biridir. 189 il əvvəl inşa olunan "Qala düzü" bu gün ən möhtəşəm məkan kimi rayonun vizit kartı sayılır. 12 hektar ərazini əhatə edir. Möhtəşəm tarixi hadisələrin şahididir "Qala düzü". "Yenilməz batalyon" adlı Azərbaycan filminin də bir çox səhnələri məhz bu "Qala düzü"ndə lentə alınıb.

Zaqatala pilləkənləri də şəhərin ən möhtəşəm məkanlarındandır. 117 pillədən ibarət olan bu pilləkənlər şəhərin iki tanınan küçəsini "Qala düzü" ilə birləşdirir.

Dədə Qorqud meydanı şəhərin ən səfalı guşəsi, uşaq və böyüklərin lazımi qaydada istirahəti üçün hər cür şəraiti olan məkanıdır. On-on beş il bundan əvvəl olmuşduq bu meydanda. İndi qonağı olsan, indi görsən, xidmətindən istifadə etsən istər-istəməz müqayisəyəgəlməz fərqlə qarşılaşarsan. Əlbəttə, yaxşılığa doğru. Deyirlər burada 750 yaşlı Çinar ağacı olub. Amma indi həmin çinar yoxdur, əvəzində füsunkarlığına, qədd-qamətinə görə hamının diqqətini çəkən 250 yaşlı Çinar ağacı var. Bu yerlərdən yolun düşsə ora baş çəkməyi də unutma. Bir şeyi də unutma ki, Zaqatalanın bugünkü möhtəşəmliyini, əzəmətini, gözəlliyini, füsunkarlığını özündə daha çox əks etdirən bir ünvan da var. Bu da ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev parkıdır.

Bax, belədir dünəninin etibarlı bünövrəsindən güc alıb daha işıqlı sabaha inamla addımlayan Zaqatalanın bugünkü sosial-iqtisadi həyatı.

2021-ci ilin birinci yarısında rayonda "Aqrarqo" MMC tərəfindən yeni fındıq emalı zavodunun, yaş baramanın qurudulması üçün yığım məntəqəsinin, anbar binalarının tikintisi başa çatdırılmışdır. Şəhərin Azərbaycan prospektindəki 5 mərtəbəli çox mənzilli yaşayış binasının, Qazangül yaşayış sahəsi ərazisində Pitstop istirahət məntəqəsinin tikintisi davam etdirilmiş, Xalça evinin tikintisi ilə əlaqədar hazırlıq işləri aparılmışdır. "Şəhidlər ölməz, Vətən bölünməz" devizini əsas tutan zaqatalalılar daha bir xeyirxah işə də - şəhidlər üçün möhtəşəm abidə-kompleksinin yaradılmasına start vermişlər. Zaqatala İstehsal Təmir sahəsinin direktoru Məmməd Şitayev deyir ki, onun rəhbərlik etdiyi kollektivə həvalə olunan bu xeyirxah iş bütün zaqatalalılar, eyni zamanda bütöv Azərbaycan üçün şərəfdir. Çünki bu iş torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda ötən il sentyabrın 27-də başlayıb cəmi 44 günə Rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli iradəsinin və dəmir yumruğunun gücü sayəsində qələbə ilə başa çatan Vətən müharibəsində canlarını fəda edib şəhidlik zirvəsinə ucalan Zaqatala igidlərinin şərəfinə görülür. Şəhərin F.Əmirov küçəsinin ən görməli yerində II Qarabağ müharibəsi şəhidlərinə xatirə kompleksi tikilir. Yolun bu yerlərdən düşsə, yəqin sənin də ilk olaraq ziyarətinə gələcəyin, ehtiramını bildirəcəyin ünvan bura olacaqdır.

Amerika Birləşmiş Ştatları Şərq-Qərb İdarəçilik İnstitutunun qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirilən layihələr əsasında rayonun Yuxarı Çardaxlar kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması, Danaçı kəndində bələdiyyənin dəstəyi ilə uşaqlar üçün əyləncə parkının salınması, şəhərdəki 12 nömrəli körpələr evi-uşaq bağçasının təmiri, rayonda 43 ədəd fərdi yaşayış evinin tikilməsi, sahibkarlar tərəfindən 4,3 milyon manat həcmində yeni ticarət, xidmət, turizim və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi də təbiətcə gözəl Zaqatalaya yeni yaraşıq gətirir. Ayrı-ayrı küçə və prospektlərdə, meydan və parklarda, yaşayış binalarının həyətlərində, magistral və yerli əhəmiyyətli yollarda aparılan tikinti, abadlıq, quruculuq işlərini də 2021-ci ilin ötən dövrünün uğurlarının üstünə gəlsək, Zaqatalada həyatın yenə qaynadığını aydın görərik.

Yolun Azərbaycanın bu dilbər guşəsindən düşsə sadaladığımız bu ünvanlara baş çəksən, Zaqatalanın timsalında bütün Azərbaycanımızda yeni uğurların gündən-günə artdığının canlı şahidi olarsan. Bəri başdan yolunun uğurlu, təəssüratlarının zəngin olmasını arzulayırıq.

Rasim AMANOV,

"Respublika".