Bulaq suyu kimi şəffaf ömür...
Region

Bulaq suyu kimi şəffaf ömür...

Lənkəran rayonunun Veravul kəndində anadan olmuş, Sərhəd Qoşunlarının polkovniki, şəhid Emil Nəzir oğlu Nəzirov Vətəninə, xalqına layiq, şərəfli bir ömür yaşadı. İndi hər bir azərbaycanlı üçün doğmadır, əzizdir Emilin adı. Xalqımız tərəfindən unudulmur. Bu günlər doğma kəndində xatirəsinə inşa olunan abidə kompleksinin açılışı oldu.

Hər iki Qarabağ müharibəsinin iştirakçısı polkovnik Emil Nəzir oğlu 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən "Qara heybət" aviasiya poliqonunda təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub. Polkovnikin uyuduğu yer II Şəhidlər xiyabanıdır. O, sağlığında I, II, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" və III, II, I, dərəcəli "Qüsursuz xidmətə görə", Silahlı Qüvvələrin 90, 95 illik yubileyi, Sərhəd Mühafizəsinin 90, 95, 100 illik yubileyi, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı", "Vətən uğrunda" medallarına layiq görülübdür.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, hərbçilərin, şəhidin ailə üzvlərinin, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim Dövlət Himninin oxunması, Vətən torpaqları uğrunda canını qurban verən qəhrəman oğulları bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Çıxışlarda bildirildi ki, Lənkəran elinin qəhrəman oğlu Emil Vətənini yaşatmaq üçün bu dünyaya gəlmişdi. Azərbaycanın hər qarışını canından artıq sevirdi. Onun mərdliyi, qəhrəmanlığı hamıya örnəkdir. Odur ki, belə Vətən sevdalıların xatirəsini yaşatmaq üçün görülən işlər və təşəbbüslər həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna əhəmiyyət daşıyır.

"Sağ olsun dövlətimiz, xalqımız ki, şəhidlərin xatirəsi həmişə əziz tutulur. Qazi və şəhid ailələrinə göstərilən diqqət, qayğı da ölkəmizdə yüksək səviyyədədir". Bu fikirləri isə şəhid Emilin qardaşı Abbas söylədi.

Mərasim kənd tam orta məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda səslənən şeirlərlə tamamlandı.

Zəfər ORUCOĞLU.