Bura Vətəndir, bura Azərbaycandır
Siyasət

Bura Vətəndir, bura Azərbaycandır

"Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır". Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib. Dövlət başçısı indi tarixi zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərimizlə yüksəlməkdə olan Azərbaycanın dünyanın ən uğurlu ölkələrindən biri olacağına əminliyini vurğulayıb.

Vətən müharibəsində Müzəffər sərkərdə İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu 44 günlük müharibədəki zəfəri ilə yeni şanlı tarix yazdı, dövlətçiliyimizi, mənəvi irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə daha da zənginləşdirdi. 30 il həsrət qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu Qələbə xalqımızın mübariz ruhunu, sarsılmaz birliyini, vətənpərvərliyini, öz hüquqları uğrunda mübarizə aparmaq əzmini dünyaya nümayiş etdirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da, rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana geri qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

İşğal zamanı xalqımız ciddi humanitar böhrandan əziyyət çəkmiş, Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda yaşayan 1 milyondan artıq azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qalmışdır. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri işğaldan azad olunmuş ərazilərə gələrək ermənilərin törətdiyi əməlləri öz gözləri ilə görürlər. Erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, bu yerlərdə insanlar heyrətlərini bildirirlər.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin zəfər yürüşü idi. Bu paradın xüsusi önəmini vurğulayan Prezident İlham Əliyev demişdir: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir". Zəfər paradının möhtəşəm, qürurlu, tarixi anlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bu da böyük siyasi və rəmzi məna daşıyırdı. Türkiyə dövləti müharibənin ilk günündən Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bununla Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. "Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk". Bu fikirləri Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirmişdir.

Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin keçidi olmuş, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmiş, döyüş təyyarələrinin və helikopterlərin uçuşu baş tutmuşdur. Zəfər paradında nümayiş etdirilən texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı modern döyüş texnikaları və yeni hərbi taktikalardan uğurla istifadə etmişdir. Ordumuz tərəfindən ələ keçirilmiş Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursatın Zəfər paradında nümayiş etdirilməsi bu tədbirin əhəmiyyətini daha da artırırdı. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ" markalı avtomobilin qoşqusunda D-30, "Ural" markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA", "OSA-1T", "KUB" zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot", "UAZ Hunter" minik, "ZİL-131", "Ural", "KamAZ" markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad" qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqi idi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Çox qısa zamanda açıq səma altında park salındı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə, düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə mövqelərini tərk etdilər. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar götürülmüş qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri - Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Bu gün qalib ölkəmiz xoş çağırışlar mərhələsindədir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövlətimizin qarşıya qoyduğu ən ümdə vəzifədir. Cari ilin mayında Zəngilanda ilk kənd qurulub və ilk məcburi köçkünlər artıq öz yurdlarına qayıdıblar. Azərbaycan Prezidenti, müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyev qürurla və əminliklə deyib: "İndi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq".

Mustafa KAMAL,

"Respublika".