Bütün dünya erməni vəhşiliyinin bir daha şahidi oldu
Digər xəbərlər

Bütün dünya erməni vəhşiliyinin bir daha şahidi oldu

Edillidə tapılan kütləvi məzarlıq Türkiyə mediasının diqqət mərkəzindədir

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkar edilən kütləvi məzarlıq vandal ermənilərin vəhşiliyini bir daha təsdiq etdi. Bununla bağlı məlumatlar artıq bir neçə gündür ki, dünya mətbuatının diqqət mərkəzindədir. Kütləvi informasiya vasitələrində Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatlar geniş işıqlandırılıb. Müxtəlif agentlik və portallarda verilən yazılarda Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid edilən kütləvi məzarlığın aşkar olunduğu bildirilir. Onu da qeyd edək ki, qardaş Türkiyə Respublikasının kütləvi informasiya vasitələri də məlumatın işıqlandırılmasına geniş yer ayırıb.

Türkiyənin TGRT televiziya kanalının yaydığı məlumatda Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 12 azərbaycanlı əsgərin kütləvi məzarlığının aşkar edildiyi bildirilir. Həmçinin tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən 12 azərbaycanlıya aid olduğu qeyd edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul işçisi Namiq Əfəndiyevin verdiyi məlumata əsaslanaraq yayılan xəbərdə taleyi bu günədək bəlli olmayan vətəndaşların axtarışı istiqamətində fevralın 14-dən etibarən başlanılan araşdırmalar zamanı 25 nəfərin qalıqlarının aşkarlandığı deyilir. Onların kütləvi şəkildə dəfn olunduğu və bu istiqamətdə işlərin davam etdirildiyi bildirilir. O da qeyd edilir ki, bundan əvvəl də daha 2 kütləvi məzarlıq aşkar olunub.

HABER16-nın yaydığı məlumatda isə deyilir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul işçisi bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların tapılması üçün görülən işlər və şahid ifadələri əsasında aşkarlanan kütləvi məzarlıq bu il fevralın 14-dən etibarən başlanan axtarışların nəticəsidir. Axtarışlar davam edir.

Türkiyənin "Milliyyət" qəzeti də kütləvi məzarlıqda aşkar edilən 25 nəfərin qalıqlarının Azərbaycan vətəndaşlarına aid olduğu və onların ermənilər tərəfindən Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirildiyi, axtarışların davam etdirildiyi barədə məlumat yayıb. Xəbərdə həmçinin yeni cəsədlərin tapılmasının ehtimal edildiyi barədə də qeyd olunub.

TRT AVAZ da Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən əsir götürülərək qətlə yetirilən azərbaycanlı əsgərlərə aid edilən kütləvi məzarlığın aşkar edilməsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, üzərlərindəki geyim və əşyalara əsasən cəsədlərin azərbaycanlı əsgərlərə aid olduğu anlaşılır. Kəllə sümüklərindəki güllə yerləri isə onların yaxın məsafədən qətlə yetirildiklərini bəlli edir.

TRT AVAZ televiziya kanalına müsahibəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul işçisi Namiq Əfəndiyev deyib: "Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların axtarışına 2022-ci ilin fevralında başlanılıb və bu məqsədlə ərazidə qazıntılar aparılıb. Bu günədək Edillidə 25 nəfərin qalıqları tapılıb. Sentyabrın 26-da 12 nəfərə aid qalıqlar aşkar edilib. Onların ermənilər tərəfindən qətlə yetirilən Azərbaycan əsgərlərinə aid olduğu təxmin edilir".

Yayımlanan xəbərdə həmçinin 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsində 3 890 nəfərin itkin düşdüyü bildirilir. Azərbaycan Ermənistandan bu şəxslərin taleyi barədə məlumat verməyi tələb edir.

Bəli, dünya ermənilərin vəhşiliyinin bir daha şahidi oldu. Bütün bunlara görə isə Ermənistan ədalət məhkəməsi qarşısında cavab verməlidir.

Zümrüd QURBANQIZI,

"Respublika".