Bütün qazanxanalar işlək vəziyyətdədir
Region

Bütün qazanxanalar işlək vəziyyətdədir

2022-2023-cü ilin qış mövsümü ilə əlaqədar İsmayıllı rayonunda idarə və təşkilatlar tərəfindən görülən tədbirlər davam etdirilir. Bu məqsədlə müvafiq təşkilatlar qarşısında konkret vəzifələr durur. Rayon icra hakimiyyətindən verilən məlumata görə, elektrik şəbəkəsinin xidməti ərazilərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə şəbəkənin xidməti ərazisində olan 110/35/10 kV-luq İsmayıllı, 110/10 kV-luq "Qubaxəlilli", 110/35/10 kV-luq "Topçu", 35/10 kV-luq İvanovka, Girdimançay, Talış və Zərgəran yarımstansiyalarında yoxlama-sınaq işləri aparılmış və avadanlıqlar qış rejiminə uyğun vəziyyətə gətirilmişdir.

 "Təmiz qaz" QSC tərəfindən təqdim edilmiş 4240 sızma halların 4051-i ləğv edilmişdir. Daxili imkanlar hesabına təxminən 500 metr qaz xətti təmir edilmiş, 240 fərdi ev qazlaşdırılmışdır. Hazırda Ağbulaq və Qoşakənd kəndində "Azəriqaz" İstehsalat Birliyinin Təmir-tikinti idarəsi tərəfindən qazlaşdırma işləri aparılır.

"Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional filialının İsmayıllı şöbəsi tərəfindən şəhər və kənd telefon şəbəkəsində cari təmir işləri aparılmış, abunəçi qutuları, paylayıcı şkaflar, kabel-kanalizasiya qurğuları əsaslı təmir edilmiş və ya dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən qışa hazırlıqla əlaqədar poliqon meydançaları genişləndirilərək məişət tullantılarının, xəzəl və qarışıq zibillərin maşınlarla daşınması və DT-75 buldozeri ilə toplanaraq torpaqlanması təmin olunur. Maşınların rahat gediş-gəlişi üçün poliqonun yolu hamarlanmış, iyul, avqust aylarında çınqıl daşınıb yayılmışdır.

Rayonda 8 çoxmərtəbəli binada yerləşən 283 mənzil istisna olmaqla qalan bütün mənzillərdə isitmə təbii qaz və bəzi hallarda isə elekrtik qızdırıcı cihazları vasitəsilə həyata keçirilir. Bundan əlavə, mənzillərin tüstü bacaları və nəfəsliklərinin qışa hazır vəziyyətə gətirilməsi təmin edilib.

"Azəristiliktəchizat" ASC-nin İsmayıllı İstilik Sistemləri İstismarı Sahəsinin balansında olan 5 qazanxana rayon Mərkəzi Xəstəxanasına və 7 çoxmənzilli yaşayış binasında 235 mənzilin istilik enerjisi ilə təchizatına xidmət göstərir. Məlumat üçün bildirək ki, mövsümə hazırlıqla əlaqədar bütün qazanxanalar işlək vəziyyətə gətirilmişdir.

M.NƏRİMANOĞLU,

"Respublika".