Bütün separatçı birləşmələr Qarabağı tərk etməlidir
Digər xəbərlər

Bütün separatçı birləşmələr Qarabağı tərk etməlidir

Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatın 4-cü bəndində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...

Ermənistan əsassız ərazi iddialarını həyata keçirmək üçün 1991-ci ilin sonu 1992-ci ilin əvvəlində Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlamış, bunun nəticəsində torpaqlarımızın 20 faizini işğal etmişdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri  və ATƏT-in müvafiq sənədləri işğal altındakı torpaqların qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutsa da, Ermənistan o tələbləri yerinə yetirmirdi.

Qəbul olunan qətnamələrə baxmayaraq, işğalçı dövlət işğala son qoymur, əksinə Azərbaycanın suveren ərazilərinə Yaxın Şərqdən ermənilər köçürməklə bu əraziləri mənimsəyirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" fikrini səsləndirməsi danışıqlar prosesinə ciddi zərbə vurmuşdu. Əslində, işğal dövründə, regionda təhlükəsizliyi təhdid edən bu dövlətə beynəlxalq təşkilatlar sanksiyalar tətbiq etməli, ermənilərin Azərbaycan Respublikası ərazilərində qanunsuz yerləşdirilməsinə və separatçı fəaliyyətinə son qoyulmalı idi. Bir növ arxayınlaşan Ermənistan mütəmadi olaraq atəşkəs rejimini pozur, yeni müharibəyə can atırdı. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu ağır artilleriya və iriçaplı silahlardan istifadə edərək yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutmaqla təxribat törətdi. Əks-hücum əməliyyatlarına başlayan Azərbaycan ordusu qısa zamanda bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi erməni separatçılarından geri alındı və noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan müharibədə məğlubiyyətə uğradı. Üzərinə düşən öhdəliyi yerinə yetirməli olan məğlub ölkə törətdiyi təxribatlarla yeni müharibə riskini artırır. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan dövləti qarşı tərəfə 5 baza prinsipindən ibarət sülh paketi təqdim edib. Bu sənəd qonşuluq əlaqələrinin bərpasını, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmasını özündə ehtiva edir. Ermənistan tərəfi sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaqla regionu yenidən müharibə təhdidində saxlayır. Müharibə başa çatsa da, azad olunmuş ərazilərdə dəfələrlə  erməni separatçılarına qarşı antiterror əməliyyatları keçirilib. İlk öncə Hadrut meşələrində gizlənən ermənilər zərərsizləşdirildi. 2022-ci ilin avqust ayında sülhməramlı kontingentin yerləşdiyi ərazilərdə terror, təxribat törədən erməni hərbçilərinə qarşı "Qisas" əməliyyatı başladı. Keçirilən antiterror əməliyyatı nəticəsində qanunsuz fəaliyyət göstərən separatçılar zərərsizləşdirildi, bir neçə yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçdi. Ermənilərin ən son genişmiqyaslı təxribatı 2022-ci ilin sentyabr ayında olub. Daşkəsən, Laçın, Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanması və terror əməllərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən görülən tədbirlər silahlı münaqişə ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus istiqamətindən, Azərbaycan ordusunun Kəlbəcər, Laçın, Daşkəsən rayonlarındakı mövqelərinə, ölkəmizin ərazisinə və suverenliyinə qarşı törədilən təxribatına qarşı adekvat cavab verildi. Ermənilər Avropa İttifaqı və Rusiyanın vasitəçiliyilə hər iki ölkə arasında aparılan sülh prosesinə bu kimi əməllərlə böyük zərbə vurdu. Brüssel və Moskva görüşlərində əldə olunmuş razılıqlara məhəl qoymayan Ermənistan revanşist qüvvələrin təsiri altında sülhə gəlmək istəmir. Cənubi Qafqazda separatizmi dəstəkləyən, bu qanunsuzluqlara yol verən təkcə Ermənistan deyil, burada onları maliyyələşdirən, silahlandıran dövlətlərin də böyük marağı var. Xüsusilə, Fransa dövləti qondarma respublikaya parlament səviyyəsində müstəqillik verir və daha sonra bu ərazilərə Azərbaycan dövlətindən icazəsiz  səfərlər edir. Rusiyalı iş adamlarının sanksiyaların hədəfi olduğu bir dövrdə, bu sanksiyalardan kənarda qalmaq üçün Rusiya vətəndaşlığından imtina edib Şərqi Zəngəzurun Xankəndi şəhərində yerləşən milyarder Ruben Vardanyan separatçı törəmədə “nazir” vəzifəsini icra edir. Yerli erməni sakinlərinin belə sevmədiyi bu şəxsin Qarabağla ümumiyyətlə heç bir bağı yoxdur. Onun xarici dövlətlərin marağında olan bu ərazilərə məqsədli şəkildə göndərilməsi bəlli məsələdir. Azərbaycan sərvətlərini talayan, bununla maliyyə imkanlarını təmin edən separatçıların fəaliyyəti barədə beynəlxalq ictimaiyyət məlumatlandırılsa da, bütün bunların qarşısı alınmır. Təbii ki, separatçıların dəstəklənməsinə səbəb azərbaycanofobiya, antiislam, antitürkçülük siyasətləridir. Avropa Şurası kimi bir regional təşkilatın terrorçulara dəstək verməsi də bunun sübutudur.

2022-ci il dekabrın 15-də sülhməramlı kontingentin yerləşdirildiyi ərazilərdə qeyri-qanuni erməni birləşmələrinin ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutması, törətdikləri digər təxribatlar sülhməramlı kontingentin də fəaliyyətinə kölgə salır. Separatçılar başa düşməlidir ki, sülhməramlı kontingent bu əraziləri tərk edəndən sonra onları heç kim himayə edə bilməyəcək. Ona görə də Qarabağı tərk etməlidirlər. Nə qədər ki, gec deyil...

Musa BAĞIRLI,

"Respublika".