Çağırışçılar ruh yüksəkliyi ilə ordu sıralarına yollandılar
Region

Çağırışçılar ruh yüksəkliyi ilə ordu sıralarına yollandılar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il tarixli sərəncamı ilə ölkə ərazisində çağırışçıların ordu sıralarına qoşulması, xidmət müddəti bitmiş hərbi qulluqçuların tərxis olunması davam etdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti hərbi çağırışa  Bərdə rayonu üzrə vətəndaşların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirildi.

Tədbirdən öncə  çağırışçılar rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Çağırışçıların hərbi xidmətə yolasalınma mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı V.İsayev, YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının  rəhbərləri, valideynlər, KİV və ictimaiyyət nümayəndələri  iştirak edirdilər. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı V.İsayev çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibətilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı.

Eyni zamanda qeyd etdi ki, Vətən savaşında Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistan ordusunu  darmadağın etdi. 1083 nəfər bərdəli Vətən müharibəsi zamanı silaha sarıldı, düşmənə qarşı döyüşə atıldı. Onlar böyük igidliklər göstərdilər. Bərdə rayonundan 50 nəfər Vətən uğrunda şəhid, 270 nəfər qazi oldu. Və bu igidlərin hər biri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə orden və medallara layiq görüldülər.  Bugünkü çağırışçılarımız Vətən borcunu ödəməyi ən böyük amal olaraq qəbul edir. Biz onlara uğurlu yol arzulayırıq.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltifə layiq görülmüş Vətən müharibəsi şəhidi Əsgərov Asəf İlqar oğlunun “Qarabağ” ordeni ailəsinə təqdim edildi. Şəhidin atası Asəf Əsgərov çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildirdi və çağırışçılara uğurlu yol arzuladı.

Tədbir Bərdə Regional  Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı və çağırışçılar xüsusi avtobuslarla hərbi xidmətə yola salındılar.

Vəli VƏLİYEV,

“Respublika”.