Cavad kəndində səyyar qəbul
Region

Cavad kəndində səyyar qəbul

Kür və Araz çaylarının qovuşuğunda yerləşən və Sabirabad rayonunda ən iri yaşayış məkanlarından olan Cavad kəndi son illər bir sıra problemlərlə üzləşmişdir. Ən başlıcası, Cavad və ona yaxın Əlicanlı, Zəngənə, Həsənli kəndlərində yol infrastrukturunun bərbad hala düşməsi əhali arasında haqlı narazılıq yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Sabirabad rayonunda vətəndaş qəbulları keçirilir. Rayonun Cavad kəndində sakinlərlə keçirilən növbəti qəbulda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak etdilər.

Cavad kəndində həmin kənd inzibati ərazi dairəsinə daxil olan Cavad, Əlicanlı, Həsənli və Zəngənə kənd sakinləri ilə səyyar görüş-qəbulda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkəmizdə aparılan sosial islahatlardan və quruculuq işlərindən ətraflı bəhs etdi. Qəbulda rayonun kəndlərində olan problemlərin, xüsusilə yol probleminin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlanacağını vurğulayan RİH başçısı Sabirabadda həyata keçirilən infrastruktur layihələri barəsində də məlumat verdi.

Çıxış edən sakinlərdən Kamal Ağayev, Asim İsmayılov, Hakim Burfanov və başqaları bir sıra məsələlərin həllində köməklik göstərilməsini xahiş etdilər.

T.YADULLAOĞLU,

"Respublika".