Caved Bava: Ağdamı görəndə onu atom bombasının atıldığı Xirosima ilə müqayisə etdim
MÜSAHİBƏLƏR

Caved Bava: Ağdamı görəndə onu atom bombasının atıldığı Xirosima ilə müqayisə etdim

Azərbaycana gəlməmişdən və Qarabağa getməmişdən əvvəl orada məni nələrin gözlədiyindən xəbərsiz idim. Ağdamı görəndən sonra ilk olaraq oranı atom bombasının atıldığı Xirosima ilə müqayisə etdim. Ağdamı görəndə ağlıma gələn ilk söz "müharibə cinayətləri" oldu - bəşəriyyətə, mədəniyyətə və ibadət yerlərinə qarşı törədilən müharibə cinayəti. Bu, tamamilə qəbuledilməz haldır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Los-Anceles İnqlvud İslam Mərkəzinin prezidenti Caved Bava Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması" mövzusunda keçirilmiş dəyirmi masadan sonra jurnalistlərə müsahibəsində səsləndirib.

Cavid Bava vurğulayıb: "Mən, sadəcə, şahidi olduqlarımı təsvir edirəm. Biz Şuşaya səfər edəndə daxilimdə sanki nəsə qırıldı. Şahidi oldum ki, ermənilər məscidlərdə heyvan saxlayıblar. Qəhrəman Azərbaycan hərbçiləri həyatlarını Şuşanın azadlığı uğrunda fəda ediblər. Onlar Şuşadakı məscidləri, kilsələri Azərbaycana qaytararaq, erməni zülmündən xilas etdilər. Onlara təşəkkür edirəm. Mən ABŞ-a qayıtdıqdan sonra Ağdamda, Şuşada, Gəncədə gördüklərimi dövlət rəsmilərinə, lazımi yerlərə çatdıracağam. Həmçinin dünyada ən sülhsevər xalqlardan biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında da danışacağam".

AZƏRTAC