Cəbhədən-cəbhəyə
Siyasət

Cəbhədən-cəbhəyə

Xalqımız Qarabağın inkişaf dastanını yazır

arixdə baş vermiş müharibələrin xronikasını nəzərdən keçirsək, görərik ki, bu silahlı toqquşmalar müddət baxımından deyil, nəticə etibarilə həmişə diqqəti daha çox cəlb edib. 44 günlük Vətən müharibəsi də müasir dünya hərb tarixinin ən şanlı səhifəsi oldu. Ən qısa zamanda 30 illik münaqişəyə son qoyan Azərbaycan Ordusu XXI əsrin modern döyüş texnikasını nümayiş etdirdi. Otuz illik işğalla barışmayan Azərbaycan xalqı öz müdrik Lideri ətrafında yumruq kimi birləşməyi bacardı, torpaqlarını işğalçılardan təmizlədi. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 22-də Zəngilan şəhərlərini işğalçılardan azad etməklə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələrini özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxarılmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələri də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirildi.

Azərbaycan bununla müasir dövrümüzün qəhrəmanlıq dastanını yazdı... Bu dastanın baş qəhrəmanı Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəmanları isə Azərbaycan əsgər və zabitləri oldu.

İşğal altında olan torpaqların həm hərbi, həm də diplomatik yolla azad edilməsi Azərbaycanın döyüş meydanında və diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Buna paralel olaraq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Vətən müharibəsi qələbə ilə başa çatandan dərhal sonra başlanılan bərpa-quruculuq, yenidənqurma işlərinin həcmi isə bu gün hər kəsdə heyrət doğurur.

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında deyib: "Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir".

Bəli, bu gün Azərbaycan xalqı yeni bir dastan yazır. İndi yolumuz Böyük Qayıdışadır... Və xalqımız öz liderinin rəhbərliyilə bu yolda inamla addımlayır. Qarabağda həyata keçirilən quruculuq işlərini dünya heyranlıqla izləyir...

Görülən işlər göz qabağındadır: ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub, bu il oktyabrın 20-də Qarabağın ikinci beynəlxaq hava limanının qırmızı lenti kəsilib. Laçında üçüncü hava limanının tikintisinə hazırlıq gedir.

Ötən il Zəfər yolunun tikintisi başa çatdırıldı. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yol çəkilib, telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili istiqamətində işlər də sürətlə davam edir. Həmin ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən müddət ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması, bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli iş görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.

Bu gün Qarabağda işlər planauyğun şəkildə aparılır. Prezident hələ 2020-ci ilin noyabr ayında bu məqsədlə Əlaqələndirmə Qərargahı yaradılması barədə Sərəncam imzalamışdır və onun nəzdindəki İdarələrarası Mərkəz 10-dan çox işçi qrupunu birləşdirir. İşçi qrupun üzvləri vaxtaşırı yerlərdə olur, yenidənqurma və bərpasına ehtiyac duyulan sahələrə baxış keçirir, konturları müəyyənləşdirir, konkret tədbirlərin icra qrafiklərini tutur. İşğaldan azad edilmiş ərazilərdə hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİSD) bazasında "Azərsky" və dron çəkilişləri əsasında elektron xəritəsinin yaradılması, həmin ərazilərin rayonlarının ümumi və baş planlarının hazırlanması, şəhərsalma və infrastruktur yenilənməsi layihələrinin sürətlə və planlı şəkildə aparılması, həmçinin bərpası və qorunması üzrə atılan mühüm addımlar, təhsillə bağlı icraatda olan tədbirlərə nəzarət, turizm imkanlarının perspektivləri barədə əməli tədbirlər sistemli fəaliyyətin nəticələridir.

Azad edilmiş ərazilərdə yolların çəkilişi də həyati zərurətə çevrilib. Belə ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 11 istiqamətdə yol layihələri reallaşdırılır. Bunlar Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, həmçinin Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam və Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarıdır. Bizi arzularımıza qovuşduracaq, həsrətimizə son qoyacaq bu yolların ümumi uzunluğu isə 607,8 kilometrdir.

Xəyalları gerçəkləşdirən Zəfər yolu Füzulinin Əhmədbəyli kəndindən başlayaraq Şuşaya qədər uzanır. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın baş planının hazırlanması, görkəmli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə oradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Ağdam şəhərində də inşaat işləri "ağıllı şəhər" konsepsiyasına uyğun şəkildə aparılır. Burada 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində genişzolaqlı yollar salınacaq, bütün beynəlxalq standartlara cavab verən 15 min nəfərlik stadion tikiləcək. Zəngilan rayonunda isə "ağıllı kənd" konsepsiyası əsasında ilk layihə uğurla başa çatdırılıb. Ağalı kəndinin 41 ailəsi doğma yerlərinə qayıdıb.

Tarixi qələbə qarşıda bir çox yeni vəzifələr qoyub. Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində işğal olunan torpaqlarımızın azad edilməsi Zəngəzur dəhlizinin açılması məsələsinə zərurət yaradır. Zəngəzur dəhlizinin açılışı vaxtilə istifadə edilən və böyük əhəmiyyətə malik digər dəhlizlərin, kommunikasiya xətlərinin də açılışı üçün geniş imkanlar yaradacaq.

Qarabağda yeni, modern infrastruktur yaradılır. Burada yüksək idarəetmə modeli tətbiq olunacaq. Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri yüksək dəqiqliklə düşünülmüş böyük bir proqram çərçivəsində qurur. Azərbaycan Prezidenti bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bununla bağlı demişdir: "Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın qeyd etdiyiniz kimi, özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk".

Azərbaycan dövlətinin ən böyük məqsədi keçmiş məcburi köçkünləri qısa zamanda doğma torpaqlarına qaytarmaqdan ibarətdir. Bu məqsədlə görülən işlərin fonunda həm də Qarabağın inkişaf dastanı yazılır...

Zümrüd QURBANQIZI,

"Respublika".