Cəbrayıl: Bütün sahələrdə irəliləyiş var
Region

Cəbrayıl: Bütün sahələrdə irəliləyiş var

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun döyüş qabiliyyəti sayəsində 30 il müddətinə işğal altında qalan torpaqlarımız, o cümlədən Cəbrayıl rayonu və onun kəndlərinin azad olunması ölkənin əllidən artıq regionunda məcburi köçkün həyatı yaşayan rayon sakinlərinə böyük ruh yüksəkliyi bəxş etmişdir.  44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sevinci bu rayonda yaxşı işləyib məhsul bolluğu yaratmaq, doğma torpaqlara mümkün qədər tez qayıdıb orada firavan ömür sürmək arzusunu reallaşdırmaq üçün möhkəm stimul yaratmışdır. Rayon Statistika İdarəsinin rəisi Sahib Süleymanovdan aldığımız məlumata əsasən,  bu ilin altı ayında rayonda bütün sahələr üzrə yüksək göstəricilər əldə olunmuşdur:

-Rayonda iqtisadiyyatın əsas sahələri-sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə  üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2, 9 faiz artmışdır. Bu artım əsasən sənaye və tikinti sahələrinin hesabına olmuşdur. İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali cari ilin iyul ayının 1-nə 40. 592 nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli rayon əhalisinin 76, 8 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 92, 3 faiz olmuşdur. Cari ilin yanvar-iyun aylarında 23 daimi iş yeri açılmışdır. Bu müddətdə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 496, 1 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1, 5 faiz artım deməkdir.  

Rayonda 3 sənaye müəssisəsi fəaliyyət göstərmişdir; bunlar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl filialı, Cəbrayıl rayon kənd içməli su təchizatı müəssisəsi,  Cəbrayıl rayon elektrik şəbəkəsidir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunmuş mallar, iş və xidmətlər 2, 4 faiz artmışdır.

Rayon üzrə tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 21549 manat olmuşdur. Tikinti işlərinin əvvəlki ilə nisbətən kəskin artmasının əsas səbəbi Cəbrayıl Yol İstismar İdarəsinin işğaldan azad edilmiş ərazilərdə  yeni salınan yolların hesabınadır. Razılıq hissi ilə deməliyəm ki, idarə bu işləri hazırda da davam etdirməkdədir.  Burada bir faktı da nəzərə çatdırım ki, tikinti təşkilatlarına işləmək üçün 98 nəfər işçi cəlb olunmuşdur ki, bu da əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərmişdir.

Cəbrayıl kənd təsərrüfatı rayonudur.  Hər il olduğu kimi, cari ildə də rayonun fermerləri bol məhsul uğrunda çalışmışlar.  Keçən il 3494 hektarda əkin aparıldığı halda,  bu il həmin rəqəm 7076 hektardan artıqdır. Əkin sahələrinin 3286 hektarı ailə kəndli təsərrüfatlarının, 3790 hektarı özəl sektorun payına düşür, 4500 hektarını buğda, 1090 hektarını arpa təşkil edir. Qalan sahələrdə şəkər çuğunduru, kartof, tərəvəz, bostan məhsulları, çoxillik ot, və sair bitkilər yetişdirilir. Cari ildə barama istehsalçıları xüsusilə fərqlənmişlər. Belə ki, bu il 5607 kiloqram yaş barama istehsal olunmuşdur ki,  bu da keçən ildəkindən 3840 kiloqram artıqdır. Kümçülər ailə büdcəsinə gələn vəsaitin məbləğindən razılıq edirlər.

Heyvandarlıq sahəsində vəziyyət qənaətbəxşdir. Rayonun fermerləri bütün kateqoriyalar üzrə öz təsərrüfatlarında 10. 987 baş iribuynuzlu, 100 min başdan çox davar bəsləyirlər. Bunun hesabına rayonda bu il ət, süd, yun, yumurta istehsalı keçən illə müqayisədə xeyli artmışdır.

Sahib Süleymanov əlavə edir:

-Rayonun iqtisadi göstəriciləri artan xətlə davam edir. Əsas hədəfimiz doğma torpaqlara tezliklə qayıtmaqdır. Dövlət başçımız, cənab Ali Baş Komandan işğaldan azad olunmuş torpaqlarda yeni “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi,  infrastrukturların yaradılması məqsədi ilə mühüm sərəncamlar imzalayır, görülən işləri daima nəzarətdə saxlayır, cənnət Qarabağın öz əvvəlki həyat ritminə qayıtması, işğaldan əvvəlki şöhrətini bərpa etməsi üçün yorulmadan çalışır.  Başqa bölgələrin sakinləri kimi,  biz cəbrayıllılar da bu gedişatı ürəkdən alqışlayır, yurd-yuvamıza qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Tofiq HÜSEYN,  

“Respublika”.