Cəbrayıl: İnfrastruktur qısa müddətdə bərpa ediləcək
Region

Cəbrayıl: İnfrastruktur qısa müddətdə bərpa ediləcək

Bölgələrdə, o cümlədən Cəbrayıl rayonunda dədə-babadan əkin-biçin işi, heyvandarlıq sahəsi əsas məşğuliyyət, çörək-ruzi mənbəyi olmuşdur. Bu yazını qələmə almazdan bir qədər əvvəl Cəbrayıl Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi”medallı təcrübəli mühəndis Cəlil Əliyevlə əlaqə saxladıq. Cəlil müəllim işğaldan azad olunmuş rayon ərazisində mütəxəssislərlə birlikdə su ehtiyatlarının yaxın gələcəkdə perspektivləri, əsas su mənbəyi Araz çayında,  Xudafərin su anbarında,  mövcud vəziyyətin hansı səviyyədə olması barədə müzakirələr aparıldığını dedi. Rəis onu da əlavə etdi ki, hazırda Biləsuvar rayonunun ərazisində müvəqqəti məskunlaşan cəbrayıllılar onlar üçün ayrılmış torpaq sahələrində əkin-biçin işlərini müvəffəqiyyətlə aparır, fermerlər suvarma suyu sarıdan korluq çəkmirlər. Yola salınan 2020-ci ildə əkinlərdən əldə olunan məhsuldarlıq qaneedici olmuşdur. Rəis əlavə etdi:

-  Cəbrayıl Suvarma Sistemləri İdarəsi ümumilikdə, 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir. 4 ədəd nasos stansiyası Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 ədəd qəsəbədə tikilərək 4112 hektar sahəni, 1 ədəd nasos stansiyası isə rayonun Cocuq Mərcanlı kəndində tikilmiş və kəndin  417 hektar, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir.

2021-ci il 1800 hektar taxıl, 20 hektar pambıq, 10 hektar şəkər çuğunduru, 2007 hektar yem bitkiləri, 27 hektar tut bağları və 665 hektar həyətyanı sahələrin və 1001 hektar təkrar qarğıdalı və 14 hektar darı və sorqo bitkilərinin suvarılmasını təmin etmişik. Sahələrdən yüksək məhsuldarlıq gözlənilir. Sudan qənaətlə istifadə edilməsi, fermerlərə məxsus təsərrüfatdaxili arxların vaxtında təmizlənməsi, növbəlilik prinsipinə əməl olunması ilə əlaqədar fermerlərlə mütəmadi söhbətlər aparılır, təbii ki, bu da öz müsbət nəticəsini verir.

Vegetasiya suvarma mövsümünün daha da keyfiyyətli aparılması  üçün bütün nasos stansiyalarında  nasos aqreqatlarının işçi hissələri  yenisi ilə əvəz olunmuş və cari təmir işləri aparılmışdır. 2020-ci ildə 2 saylı nasos stansiyasının 1650 metr təzyiqli dəmir boru xətti polietilen borularla əvəz olunmuşdur. Kanal və kollektorlar lildən təmizlənir, təmirə ehtiyacı olan hidrotexniki qurğular cari təmir olunur. Hazırda bütün aqreqatlar, maşın və mexanizmlər saz və işlək vəziyyətdədir.

Artıq işğaldan azad olunmuş ərazilərdə aidiyyəti təşkilatlar iş görməyə başlayıblar. Ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi Cəbrayıl rayonunun Daşkəsən kəndindəki subartezian quyusunda təmir işi apararaq quyunu bərpa edib. Erməni faşistləri tərəfindən yararsız hala salınan subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusunda kabel, nasos, boru, elektrik və mühafizə şiti qurulub. Qeyd edim ki, subartezian quyusu təxminən 3-4 hektar ərazidə yerləşən binaları su ilə təmin edir.

Cəbrayıl rayonunda 12.509 hektar suvarılan sahə vardır ki, bu sahələr kanallar, onlar üzərindəki nasos stansiyaları, kəhrizlər və subartezian quyuları vasitəsilə suvarılırdı. Suvarılan sahələrin 5751 hektarı yem bitkiləri, 5294 hektarı çoxillik əkmələr (4392 hektar üzümlüklər, 902 hektar tut bağları), 18 hektarı biçənəklər, 856 hektarı örüş-otlaq və 590 hektarı həyətyanı sahələr idi.

Ümumilikdə, əvvəllər mövcud olan 13 ədəd nasos stansiyası tamamilə dağıdılıb və qarət olunmuşdur. 41 ədəd müxtəlif məhsuldarlığa və gücə malik nasos, mühərriklər və avadanlıqlarla birlikdə, həmçinin, 26 ədəd vakuum nasoslar, 400, 500, 600, 800 və 1020 millimetr diametrli 73 kilometr uzunluğunda metal borular yerin altından qazılıb çıxarılaraq aparılmışdır. Nasos stansiyalarının binaları, yardımçı binalar və digər tikililər barbarcasına tamamilə dağıdılaraq məhv edilmişdir. Kanallar üzərindəki 117 ədəd hidrotexniki qurğular sökülərək qarət edilmişdir.

Rəis öz acı təəssüratını bu sözlərlə davam etdirir:

- Bəli, düşmənin doğma yurdumuza vurduğu ziyan dəhşətli və ölçüyəgəlməzdir. Lakin varlı-qüdrətli ölkəmiz təkcə regionda deyil, dünyada öz güclü iqtisadiyyatı ilə tanınır. Dağıdılıb oğurlanmış, qarət edilmiş infrastruktur qısa müddətdə bərpa ediləcək. Artıq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən rayon ərazisindəki kanalların təmir-bərpa işlərini görmək üçün tədbirlər planı hazırlanıb, ərazilər minadan təmizlənən kimi işlərə başlanılacaq və daha müasir suvarma qurğuları yaradılacaqdır.

Cəlil müəllim daha sonra qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Biz suyun hər bir damcısının qədrini bilməliyik”.  Bu sözlər meliorasiya və su təsərrüfatı işçilərinin məsuliyyətini daha da artırır, səfərbər edir və biz də, üzərimizə  düşən  vəzifənin  məsuliyyətini  dərk  edərək, çalışacağıq  ki,  2021-ci il suvarma mövsümü  daha  keyfiyyətli, səmərəli və  məhsuldar olsun.

                                                  Tofiq HÜSEYN,

                                                 “Respublika”.