Cəbrayılda erməni vandalizminin şahidi olan xarici jurnalistlər heyrətə gəliblər
Digər xəbərlər

Cəbrayılda erməni vandalizminin şahidi olan xarici jurnalistlər heyrətə gəliblər

Cənubi Amerikadan olan jurnalistlər işğaldan azad edilən ərazilərə səfəri çərçivəsində Füzuli rayonundan sonra Cəbrayıla gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.

Xarici jurnalistlər qəbiristanlıqlardan birinə baş çəkib, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olublar. Cənubi amerikalı media nümayəndələri çox təsirləndiklərini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıblar. Onlar gördükləri mənzərədən heyrətə gəldiklərini bildiriblər.

Qonaqları səfər boyu Xarici İşlər Nazirliyinin əməkdaşı Emin Ələsgərov müşayiət edib.

Cənubi Amerikadan gələn media qrupuna Meksikanın ən nüfuzlu KİV-lərindən olan “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malik “İmpacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər portallarından “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, Perudan olan siyasi şərhçi, ölkənin aparıcı jurnalistlərinin bir arada cəmləşdiyi “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun nüfuzlu “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa, Kosta-Rikadan isə “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman daxildir.

AZƏRTAC