Cəbrayıldan gələn hər xoş xəbər bayram ovqatı yaradır
Region

Cəbrayıldan gələn hər xoş xəbər bayram ovqatı yaradır

1993-cü ildə erməni vandalları tərəfindən işğala məruz qalan Cəbrayıl rayonunun sakinləri respublikamızın 50-dən artıq kənd və şəhərində müvəqqəti məskunlaşmalı oldular. Onlardan bir qismi Bakı şəhərində yaşayır. Bu günlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən rayonun Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirdi. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak etdilər.

Kamal Həsənov bildirdi ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Cəbrayıl Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə keçirilən səyyar qəbul-görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirdi.

Səyyar qəbul keçmiş məcburi köçkünlərin müraciətlərinin dinlənilməsi ilə davam etdirildi. Həmin  müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək icrası nəzarətə götürüldü. 

Qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirdilər. Onlar işğaldan azad olunandan sonra rayonda aparılan nəhəng quruculuq işlərini böyük razılıqla qarşıladıqlarını, Cəbrayıldan gələn hər xoş xəbərin xoş ovqat yaratdığını bildirdilər.

                                              Tofiq HÜSEYN,

                                             “Respublika”.