Cəlil Səfərov
Sosial həyat

Cəlil Səfərov

Vətən torpaqlarının erməni işğalçılarından azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəxsi igidliyə, şücaətə və vəzifə borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı  adına  layiq  görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənc nəsil üçün nümunə olan Milli qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə şəklini alıb.

Haqqında söz açacağımız növbəti Milli Qəhrəmanımız Cəlil Əziz oğlu Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Sonralar ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969-1977-ci illərdə Sumqayıtdakı 10 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olmuş, təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra respublikamıza qayıtmış və Azərbaycan Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir.

Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir.

15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilir. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli  fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı.  

Cəlil Səfərovun torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da, əziz xatirəsi  xalqımızın qəlbində əbədi qalacaqdır.

Cəlilin şəhidlik zirvəsinə yüksəldiyi torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı.

 Bu gün Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə  azadlığına qovuşan torpaqlarımız  yenidən bərpa edilir, dirçəldilir. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır.

Müşfiq MİRZƏ,

“Respublika”.