Cəlilabad: Döyüş  medalları  təqdim  olunub
Region

Cəlilabad: Döyüş  medalları  təqdim  olunub

Cəlilabad Rayon İcra Hakimiyyətinin, Səfərbərlik  və  Hərbi Xidmətə Çağrış üzrə  Dövlət Xidmətinin  Cəlilabad  rayon şöbəsinin birgə  təşkilatçılığı ilə Prezident,  Müzəffər  Ali  Baş  Komandan  İlham Əliyevin müvafiq  sərəncamlarına əsasən  ərazilərin işğaldan azad  olunması uğrunda aparılan  hərbi əməliyyatlarda şücaət  göstərmiş, vəzifə borcunu  ləyaqətlə, döyüş tapşırıqlarını  uğurla  yerinə yetirərək Vətən  müharibəsi zamanı şəhidlik  zirvəsinə yüksəlmiş bir neçə  cəlilabadlı hərbi qulluqçunun  medallarının ailələrinə  təqdimetmə mərasimi  keçirildi.                                                   

Tədbirdə Cəlilabad Rayon  İcra Hakimiyyətinin  başçısı Rafiq Cəlilov, Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Cəlilabad  rayon şöbəsinin rəisi  polkovnik-leytenant Vüsal  Həsənov, Cəlilabad Rayon İcra  Hakimiyyəti  başçısı  aparatının  Vətən  müharibəsi  iştirakçıları və  şəhid  ailələri ilə  işin təşkili  şöbəsinin müdiri Fizuli  Cəfərov  və  təltif  olunan şəhidlərin  ailə  üzvləri  iştirak  etdilər.

 Cəlilabad Rayon İcra  Hakimiyyətinin başçısı Rafiq  Cəlilov şəhidlərimizin döyüş  yoluna nəzər salıb, onların əsl  vətənpərvər,  cəsur  və  yüksək  nizam-intizamlı hərbçi  olduqlarını  bildirdi.  Qeyd  etdi  ki, bu qələbə xalqımızın  qəhrəman övladlarının  canı  və  qanı bahasına əldə olunub.  Vətən uğrunda canlarından  keçən şəhidlərimiz heç vaxt  unudulmayacaq, onların əziz  xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri  Vətənə layiqli oğullar  yetirdiklərinə görə şəhid  ailələrinə, Vətən uğrunda   canlarından keçməyə hazır  olan qazilərimizə  minnətdarlığını bildirdi. R.Cəlilov ölkəmizdə şəhid  ailələrinə, qazilərə göstərilən  diqqət və qayğının dövlət  siyasətinin prioriteti  olduğunu  vurğuladı və qeyd etdi ki, xalqımızın yaddaşında əbədi  yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və  ona rəhbərlik edən Müzəffər  Ali Baş Komandan, Prezident  İlham Əliyevin qətiyyətli  rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni  zamanda dünya  azərbaycanlılarının həmrəyliyi  nəticəsində  qazanıldı.

Tədbirdə kiçik çavuş Əskərov  Şəhriyar İsa oğlu və əsgər  Əkbərov İbarət Faiq oğlunun  təltif olunduqları 3-cü dərəcəli  “Vətənə xidmətə görə” ordeni,  baş  leytenant Hüseyinli  Əmrah  Namiq oğlunun təltif olunduğu  “Qubadlının azad olunmasına  görə” və baş leytenant Kərimov  Asif  Məmməd  oğlunun,  əsgər  Əzizov İbrahim Şaməddin  oğlunun təltif olunduğu “Şuşanın azad olunmasına  görə” medalları RİH başçısı  Rafiq Cəlilov tərəfindən  şəhidlərin ailə üzvlərinə  təqdim olundu.  

Ərəstun ABDULOV,

“Respublika”.