Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
Region

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr aylarında bələdiyyə mülkiyyətinə aid 62 hektar torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi və dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 4070 manat məbləğində vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində bələdiyyə büdcəsinə ümumilikdə 6310 manat məbləğində ziyan vurulmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC