CƏLİLABAD: Xatirə   bulağı        
Region

CƏLİLABAD: Xatirə   bulağı        

Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq   Cəlilov  hüquq- mühafizə  orqanları,  şəhidin  ailə  üzvləri  və  ictimaiyyət  nümayəndələrinin  iştirakı  ilə  44  günlük  Vətən  müharibəsində  şəhidlik  zirvəsinə  ucalan   kapitan   Elçin  Ağayevin   doğum  günündə  adına  inşa  edilən  xatirə  bulağının  açılış  mərasimi  keçirilib.  Ağayev   Elçin   Zakir  oğlu  1993-cü  il  iyulun  7-də   Cəlilabadın  Günəşli   kəndində  anadan  olub.  2015  -ci   ildə  Heydər  Əliyev  adına  Ali  Hərbi  Məktəbi  uğurla  başa  vuraraq,  öz  istəyi  ilə  təyinatını  cəbhə  bölgəsinə  almışdı.  

Elçin   Ağayev   Vətən  müharibəsi  zamanı  Tərtər  rayonunun Suqovuşan qəsəbəsinin azadlığı  uğrunda  gedən  döyüşlərdə  2020-ci il oktyabrın  6-da  qəhrəmancasına şəhidlik  zirvəsinə  ucalmışdır.   Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq   sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət nümayiş  etdirdiyinə  görə  Elçin Zakir  oğlu  Ağayev  ölümündən  sonra "Vətən uğrunda", "İgidliyə görə", “Laçının azad olunmasına görə”,  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, üç övlad yadigarı var. Kiçik qızı 2021-ci il yanvarın  24-də dünyaya  gəlib, ona Şuşa adı verilib.

Vətən  müharibəsi  şəhidi  Elçin Ağayevin  vəfatının ildönümü  münasibətilə  ailə üzvləri  ziyarət  olunub.  Doğulduğu  Günəşli  kəndində onun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. İcra başçısı şəhid ailəsinə başsağlığı vermiş, Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailəyə səbir diləmişdir. Bulağın açılışında çıxış edən   R.Cəlilov  44 günlük  müharibə  kimi  tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30  ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi  ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin  gənclərə  nümunə olan qısa, lakin şərəfli  ömür  yolundan danışıb.

Ərəstun ABDULOV, 

“Respublika”.