Cəmil Niftəliyev 
Sosial həyat

Cəmil Niftəliyev 

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”. Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri.   Hər iki müharibədə igid oğullarımızın qəhrəmanlıq  və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilib. Doğma yurd yerlərimiz uğrunda yüzlərlə  vətənpərvər gənclərimiz canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəliblər. Belə qəhrəmanlardan biridir Cəmil Niftəliyev. 

Cəmil Səmədxan oğlu Niftəliyev 5 oktyabr  1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının  Lökbatan  qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbi bitirmişdir. 1986-cı il  oktyabrın 11-də  hərbi xidmətə çağırılmışdır.  Cəmil Özbəkistanda  snayperlik kursunu bitirdikdən sonra  Əfqanıstan  müharibəsinə göndərilir. Atıcı batalyo­nunda xidmət edir. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edilir. Cəmil 1989-cu ildə ordudan tərxis edilir və Vətənə dönərək  Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur.

Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bu ərəfələrdə cəbhədən gələn acı xəbərlər ona yaman təsir etmişdi. Vətənin dar günləri idi... Bir peşəkar hərbçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başlayır. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyur. Ağdamda  rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanır. O,1992-ci il  martın 29-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın adını daşıyır.

Cəmilin vaxtilə mübarizə apardığı və qəhrəmancasına həlak olduğu müqəddəs torpaqlarımız bu gün öz sahibinə qayıdıb.  Uzun illər bir ovuc torpağına həsrət qalan ağdamlılar indi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bütün Ağdama sahibdirlər. Bu torpaq­da uyuyanların da ruhuna bir rahatlıq gəlib. İndi bütün Ağdam şəhidlərinin ruhu sevinir. Ağdamın uğrunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların yolunda şəhid olduqları bu torpaq artıq xilas olunmuşdur. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb.

Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Şəhidlərin qanı yerdə qalmadı!

44 günlük Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Cəmilin  azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır. 

                                                                                             M.MİRZƏ,

                                                                                          “Respublika”.