Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar
Elm və təhsil

Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar

UNEC-də “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə konfransı keçirilir. UNEC, İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı və Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin elm və təhsil sahəsi üzrə nümayəndələri, tanınmış alimlər iştirak ediblər.

Türkiyənin Bilkent Universitetinin professoru Tanses Gürsoy konfransın Bakıda, UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. O, beynəlxalq konfrans barədə ətraflı məlumat verərək, konfransın şəbəkəsinin ildən-ilə genişləndiyini, dünyanın bir çox nüfuzlu jurnalları tərəfindən dəstəkləndiyini deyib.

UNEC-in prorektoru professor Sakit Yaqubov qlobal dünyanın texnologiyalar və sosial kommunikasiyalardakı böyük çağırışlarla üz-üzə dayandığını qloballaşma nəticəsində ölkələrdə maddi və virtual dünya arasında qarşılıqlı asılılığın daha da artdığını, informasiya və biliklərin mübadiləsinin qlobal sisteminin formalaşdığını diqqətə çatdırıb. O, cəmiyyətlərin strateji, sosial və iqtisadi çağırışlarına uyğun olaraq, rəqəmsal iqtisadiyyatın önə çıxdığını bildirib. S.Yaqubov UNEC-in elmi və beynəlxalq reytinqdə əldə etdiyi nailiyyətlərdən də danışıb.

Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, konfransın sədri professor Lütfihak Alpkan konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıraraq dünyanın müxtəlif ölkələrinin alim və mütəxəssislərinin apardığı müzakirələrdən əldə olunacaq nəticələrin konfransa böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.

Konfransın həmsədri, Gebze Universitetinin professoru Oya Erdil beynəlxalq konfransa 15 ölkədən 63-ə yaxın məruzənin təqdim olunduğunu, onlardan 33-nün təsdiqləndiyini deyib. Məruzələrin müxtəlif sahələr üzrə aktual mövzulara həsr olunduğunu vurğulayan O.Erdil konfransın müzakirə üçün önəmli platforma rolunu oynadığını bildirib.

Konfrans Yıldız Texniki Universitetinin professoru, konfransın həmsədri  professor Cemal Zehirin çıxışı ilə davam edib. Ölkələrin iqtisadi-sosial dayanıqlığının təmin olunmasında innovasiyaların tətbiqinin zəruriliyindən danışan həmsədr, IV sənaye inqilabı, kibertəhlükəsizlik, rəqəmsallaşma, süni intellekt və 5.0 konsepsiyasının mahiyyəti barədə məlumat verib.

Beynəlxalq konfransa Yaponiyadan qoşulan dünyanın tanınmış alimi, Tokionun Texnologiya İnstitutunun professoru Çihiro Vatanabi sosial, iqtisadi və ekoloji problemlər üçün yeni idarəetmə perspektivi və davamlı inkişaf məqsədləri üçün maraqlı tərəflərin kapitallaşdırılmasından əldə olunan təcrübələr barədə geniş təqdimatla çıxış edib. Alim risklərin transformasiyasının innovasiyalarla bağlılığını, risklərin idarə edilməsini, tədqiqat və inkişaf şirkətlərinin transformasiyalara təsirini, dayanıqlı inkişaf məqsədlərini təhlil edib.

Maraqla qarşılanan təqdimatdan sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. Konfrans oktyabrın 30-dək strateji idarəetmə, davamlılıq və sosial məsuliyyətlər, qeyri-hökumət təşkilatlarında, dövlət idarəçiliyində, xidmət sektorunda strateji idarəetmə, strateji nəzarət və audit, korporativ strategiya, logistika və təchizat zəncirinin idarə edilməsi və digər aktual mövzulara həsr olunan bölmə iclasları ilə davam edəcək.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.

Mehparə ƏLİYEVA,

“Respublika”.