CƏNUB BÖLGƏSİNİN MƏTBƏX MƏDƏNİYYƏTİ TƏBLİĞ OLUNMALIDIR
Region

CƏNUB BÖLGƏSİNİN MƏTBƏX MƏDƏNİYYƏTİ TƏBLİĞ OLUNMALIDIR

Ölkəmizin cənub bölgəsinin mətbəxi zənginliyi, rəngarəngliyi ilə seçilir. Cənub bölgəsinin insanları  Azərbaycanın mətbəx ənənələrini bu gün də layiqincə yaşadırlar.

Lənkəran Regional Mədəniyyət İdarəsinin həyətində əsl bayram ovqatı, insanlarda xoş, gözəl əhvali-ruhiyyə hiss olunurdu.

Lənkəran peşə liseyinin məzunlarının toxuduğu suvenir xalçalar, şagirdlərin hazırladıqları çay dəstgahı, Lənkəran rayonunun Haftonu qəsəbə və Astara rayonunun Kakalos kənd sənətkarlıq klublarının qədim məişət əşyalarından və yerli sənətkarların əl işlərindən ibarət sərgiləri, Lənkəran uşaq rəssamlıq məktəbinin şagirdlərinin “Lənkəran mətbəxi uşaqların gözü ilə” mövzusunda rəsm əsərləri tamaşaçıların marağına səbəb olmuşdu. İlk dəfə Lənkəranda "Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti” festivalı və bu mövzuda respublika elmi-praktik konfransı keçirilirdi.

Konfrans Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilmişdi. Konfrans iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdilər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə konfransı giriş sözü ilə açaraq cənub bölgəsinin zəngin mətbəx mədəniyyətinə malik olduğunu, bölgədə milli mətbəximizin ənənələrinin layiqincə qorunub yaşadıldığını bildirdi. Gözəl, füsunkar təbiəti ilə seçilən, turizm diyarı kimi tanınan Lənkəranın mətbəx mədəniyyətinin elmi cəhətdən öyrənilməsinin və təbliğ olunmasının əhəmiyyətini vurğulayaraq konfransın işinə uğurlar arzuladı.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov 44 günlük müharibədə aşpazların cəbhədə döyüşçülərin yanında olduqlarını, onları isti yeməklə təmin etdiklərini, müharibədə 6 nəfər aşpazın şəhid olduğunu söylədi.

İndiyə kimi Azərbaycanda 4 mindən çox xörək növü haqqında məlumat əldə olunub. Bu mövzuda 33 kitab nəşr edilib, onların 4-ü bölgə mətbəxi haqqındadır. Cənub bölgəsinin mətbəxini elmi əsaslarla araşdırmaq, Lənkəranda cənub mətbəxi muzeyi yaratmaq lazımdır, - deyə Tahir Əmiraslanov bildirdi.

Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nicat Şərifov konfransın vacib və əhəmiyyətli bir məsələyə həsr olunduğunu, ölkəmizdə mətbəx mədəniyyətinin inkişafı sahəsində qarşıda mühüm vəzifələrin durduğunu diqqətə çatdırdı.

Lənkəran Dövlət Universitetinin rektor müşaviri, texnika üzrə elmlər doktoru Mikayıl Məhərrəmov cənub bölgəsinin mətbəx mədəniyyətinin zənginliyindən söhbət açdı. LDU-da bölgənin ərzaq təhlükəsizliyinin elmi cəhətdən öyrənildiyini, universitetdə qida təhlükəsizliyi laboratoriyasının yaradıldığını, bu sahədə bakalavr və magistr pilləsi üzrə kadrların hazırlandığını qeyd etdi.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov cənub mətbəxinin ölkəmizin ən qədim, zəngin, dadlı mətbəxlərindən biri olduğunu bildirərək dedi:  “Mətbəx mədəniyyəti bu bölgənin tarixini, adət-ənənələrini, qonaqpərvərliyini özündə əks etdirir. Cənub mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyası və üsulları deyil, həm də Azərbaycanın maddi mədəniyyətinin bir hissəsidir. Cənub mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çox gözəl və əhəmiyyətli olardı”.

Tədbirdə cənub mətbəxini böyük həvəslə, yüksək peşəkarlıqla yaşadan qabaqcıl aşpazlara, mətbəx mədəniyyətinə töhfə verən iş adamlarına, sahibkarlara diplom və sertifikatlar təqdim edildi.

Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin iclas zalında respublika

elmi-praktik konfrans keçirildi.  Konfransda  Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, AMEA-nın və digər elmi müəssisələrin alimlərinin bölgənin mətbəx brendləri, cənub mətbəxinin tarixi, coğrafiyası, dəyərləri və səciyyəvi xüsusiyyətləri, bölgədə yetişdirilən bitkilərin milli mətbəxdə rolu, cənub mətbəxinin turizmin inkişafına təsiri və digər mövzularda məruzələri dinlənildi. Qeyd olundu ki, Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti dərindən araşdırılmalı, konfransa təqdim edilən elmi məruzələr kitab şəklində çap edilməli, milli mətbəximizin bir qolu olan cənub mətbəxi təbliğ olunmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.