Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır
İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır

Koronavirus pandemiyasının iqtisadi fəallığa mənfi təsirinə baxmayaraq, bu layihə uğurla reallaşdı

"Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazovun Azərbaycanın Qərbi Balkan regionunu çoxşaxəli enerji qarışığı ilə təmin etmək gücünə sahib olması barədə dedikləri məni çox ruhlandırır". Bu sözləri Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasındakı çıxışında deyib.

O.Varhelyi qeyd edib ki, Avropa İttifaqı "EU4 Energy" fəaliyyəti ilə Azərbaycana və regiondakı digər ölkələrə enerji tənzimlənməsi və əlaqələnmə məsələlərində dəstək verib: "Təmiz enerjiyə keçidi dəstəkləyərək enerji istehlakını, çirklənməni və istixana qazı tullantılarını azaldaraq bu dəstəyə davam edəcəyik. İqtisadiyyatımıza dərindən təsir edən, davam etməkdə olan COVID-19 pandemiyası kontekstində dayanıqlılıq, bərpa və islahatlar üzərində çalışmaq vacibdir. Bunu investisiyaların kilidini açmağa və səfərlər etməyə yönələn səylərimizi inkişaf etdirməklə reallaşdıra bilərik".

Avropa İttifaqının komissarı onu da deyib ki, təbii qazın Qərbi Balkanlarda keçid yanacağı kimi xüsusi rolu var: "Hazırda regiondakı enerji təhlükəsizliyi məsələləri iqtisadi problem yaradır. Regionda qaz istehlakının artırılması kömürdən imtina etməyi asanlaşdıracaq".

Aİ rəsmisi Trans-Adriatik Qaz Boru Kəmərinin yekunlaşmasını və Azərbaycandan Avropa İttifaqına təbii qazın ticari tədarükünün başlanmasını alqışlayaraq bildirib ki, Cənub Qaz Dəhlizi "Şərq tərəfdaşlığı"nın "2020-ci il üçün 20 nəticə" siyasətinin bir hissəsi olub. Bu nailiyyətlərə əsasən "Şərq tərəfdaşlığı"nın gələcək siyasət prioritetləri barədə Birgə Kommunikasiya təsdiqlənib ki, bu əməkdaşlığın mərkəzində iqtisadi və enerji təhlükəsizliyi sahəsində dayanıqlılıq dayanır. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün görülən işlər təqdirəlayiqdir.

Avropanın əsas problemlərindən biri də enerji təhlükəsizliyi, daha dəqiq desək, avropalı istehlakçıların enerji təhlükəsizliyinin təminidir. Bu gün qitənin istifadə etdiyi əsas enerji daşıyıcısı təbii qazdır. Başqa sözlə, Avropa İttifaqı ölkələrinin əksəriyyəti "mavi yanacaq" idxalından asılıdır.

Avropa İttifaqı "Yaşıl saziş" layihəsini 2019-cu ildə təqdim edib. O, gələcək 5 ildə müxtəlif istiqamətlərdə 15 addımın atılmasını nəzərdə tutur. Bununla, Aİ 2050-ci ilə qədər iqlim neytrallığına hazırlaşmalıdır. Bu o deməkdir ki, Aİ istixana qazının emissiyalarının azaldılması sayəsində dayanıqlı inkişafı planlaşdırır. Təşkilatın dekarbonlaşma siyasəti ilə yanaşı, qitənin qaza tələbatının artacağı da gözlənilir. Odur ki, Aİ enerji, xüsusən qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Avropa artıq elektrik sahəsində kömürdən qaza keçid prosesinə start verib. Proses gələcəkdə də davam etdiriləcək. Sonda Aİ elektrik istehsalında bərpa olunan enerji mənbələrindən istifadə etmək niyyətindədir.

Bir sözlə, Aİ-nin enerji təhlükəsizliyi üçün etibarlı qaz mənbələri mühüm əhəmiyyət kəsb edir və təşkilat bir mənbədən asılılığın azaldılmasında, qaz mənbələrinin şaxələndirilməsində maraqlıdır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir və bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsinə çevrilib. Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası 2020-ci ildə qlobal təcridlə nəticələnib, iqtisadi fəallığa zərbə vurub. Bütün bunlar qeyri-müəyyənliyə səbəb olub. Nəticədə çox sayda layihə və iqtisadi təşəbbüs müvəqqəti olaraq təxirə salınıb. Bütün bunların fonunda Cənub Qaz Dəhlizi layihəsilə bağlı işlər isə plan üzrə davam etdirilib. 2021-ci ildə Azərbaycan Gürcüstana 1 milyard, Türkiyəyə 8 milyard, Avropaya isə 5 milyard kubmetrdən çox qaz tədarük etməyi planlaşdırır. 2023-cü ildə isə artıq TANAP ilə TAP kəmərlərinin tam gücü ilə işləyəcəyi planlaşdırılır.

Beləliklə, qaz layihələrinin enerji bazarında mühüm rol oynayacağına heç bir şübhə yeri qalmır. Xəzər qazı isə enerji mənbələri və marşrutlarının şaxələndirilməsində mühüm əhəmiyyətə malikdir. Bundan başqa, Cənub Qaz Dəhlizi Mərkəzi Asiyada qaz hasil edən dövlətlər, xüsusən Türkmənistan üçün də yeni pəncərə açır. Türkmənistan öz qazını Transxəzər kəməri vasitəsilə nəql edə bilər.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ardıcıl və müəyyən məqsədə yönəldilmiş beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq, siyasi iradə və ümumi maraqlar sayəsində mümkün olub. Odur ki, mövcud infrastrukturdan istifadə etmək istəyən digər ölkələr bu əməkdaşlıqdan faydalanmaq imkanı qazanır. Bu, bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermək üçün böyük potensiala malikdir. Amma bu, birgə fəaliyyətdən keçir. Odur ki, Avropa İttifaqının layihəyə dəyişməz dəstəyi də mühüm əhmiyyət kəsb edir.

Azərbaycan Avropa üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir.

Cənub Qaz Dəhlizi bir çox parametrlərə görə çox nadir layihələrdən biridir. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasaydı, onu reallaşdırmaq mümkün olmazdı. Cənub Qaz Dəhlizinin hazırda yeganə təbii ehtiyat mənbəyi Xəzərin "Şahdəniz" yatağıdır, ancaq digər yataqlardan da əlavə qaz hasilatı da proqnozlaşdırılır.

Cənub Qaz Dəhlizi region üçün əhəmiyyətlidir və onun reallaşdırılmasında regionun bütün dövlətləri maraqlı olmalıdırlar. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi -Trans-Adriatik boru kəməri istismara verilib ki, bu da Azərbaycan, onun qonşuları və Avropa üçün tarixi nailiyyətdir. Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır, onda bu layihənin tarixi dəyəri də aydın görünər. Yəni bu kəmər şaxələndirmə üçün əsas, mühüm alət kimi əhəmiyyətlidir. Cənub Qaz Dəhlizi isə tək marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini vəd edir. Bakıda Beynəlxalq Nizami Mərkəzində keçirilən VIII Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti bununla bağlı demişdir: "Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi, - hazırda tək neft deyil, qazı da ixrac edirik, - gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq".

Azərbaycan enerji resurslarını bundan sonra da inkişaf etdirmək niyyətindədir. Birgə fəaliyyət nəticəsində yeni plan və ideyaların həyata keçirilməsi layihəni təmin edən mənbələrin və onu həmin ölkələrə çatdıran marşrutların şaxələndirilməsinə imkan yaradacaq. Strateji üstünlüyə malik olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin qarantıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".