Cənub Qaz Dəhlizi layihəsi daha da şaxələndirilir
Siyasət

Cənub Qaz Dəhlizi layihəsi daha da şaxələndirilir

Azərbaycanın qaz boru kəmərlərinin Albaniya üçün də əhəmiyyəti artır

Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən ən yüksək və peşəkar səviyyədə həyata keçirilir. Səmərəli xarici siyasətin həyata keçirilməsi üçün, xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısı səviyyəsində baş tutan xarici səfərlər də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə Prezident İlham Əliyevin Belçika, İtaliya, Gürcüstan, Çexiyaya etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiyasının və yaxın münasibətlərinin göstəricisidir. Bu baxımdan, dövlət başçısının bu ilin noyabrında Albaniyaya səfəri də olduqca əhəmiyyətlidir.

Hər iki ölkə prezidentinin görüşündə, həmçinin digər dövlət rəsmiləri ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. Məlumdur ki, Albaniya ilə çoxşaxəli əməkdaşlığımızda əsas yeri iqtisadi və xüsusən də enerji sahəsində əməkdaşlıq tutur. Enerji sahəsindəki bu əməkdaşlıq həm də iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan TAP və TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniya da TAP layihəsinin üzvlərindən biridir və Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Yəni Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır.

2022-ci il fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək".

Prezident həmçinin Cənub Qaz Dəhlizinin iştirakçıları olan dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdarlığını bildirib.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib ki, Albaniya enerji təchizatının təhlükəsizliyi və yerli tələbatın qarşılanması ilə bağlı ciddi problemlərlə üzləşib. O deyib: "Qazın digər fosil yanacaq mənbələri ilə müqayisədə daha təmiz enerji mənbəyi olduğunu nəzərə alaraq qaz sektorunun inkişafı gündəliyimizdə mühüm yer tutur. Cənub Qaz Dəhlizi Albaniya, eləcə də enerji mənzərəsinin yaxın və uzunmüddətli gələcəyi üçün çox mühüm alternativdir. Biz bu yenilikləri tam dəstəkləyəcək, ortaq plan və layihələrimizin icrasına sadiq qalacağıq".

Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün yaradılan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və "Albğaz Sh.a" şirkəti arasında "Fier South" qaz çıxışı nöqtəsinin təhvil verilməsi ilə bağlı əməkdaşlıq haqqında saziş imzalanıb. Razılaşmaya əsasən, "Fier South"un inşası başa çatdıqdan sonra çıxış nöqtəsi Albaniyaya təhvil veriləcək və Albaniya hökuməti tərəfindən tam mülkiyyətə alınacaq, idarə ediləcək və istismara veriləcək. Belə ki, TAP nəqliyyat sistemi ilə Albaniyaya nəql ediləcək qaz infrastrukturu arasında qarşılıqlı əlaqə nöqtəsinə imkan yaradacağından yeni qurğu Albaniyanın qazlaşdırılması üçün əhəmiyyətli bir mərhələdir.

Albaniyanın Baş naziri Edi Rama müqavilənin imzalanmasını Albaniyanın enerji ixracatçısına çevrilməsinə yönəlmiş bir addım kimi qiymətləndirib. TAP-ın Albaniya üzrə meneceri Malfor Nuri isə əlavə edib ki, TAP Albaniya üçün böyük bir qatqıdır: "Fier" çıxış nöqtəsi ölkədəki enerji infrastruktrunun inkişafına xidmət etməklə yanaşı, Albaniyanın bölgədəki coğrafi-strateji və ticarət rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək".

Xatırladaq ki, "Fier" qaz çıxış nöqtəsi TAP-ın Qərbi Balkanlar bölgəsindəki rolunu təkcə etibarlı bir Nəqletmə Sistemi Operatoru kimi deyil, həm də Avropanın enerji keçidində aktiv tərəfdaş kimi gücləndirir.

2020-ci ilin dekabrında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 2 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda da əsas rol oynayır.

TAP Cənub Qaz Dəhlizinin Avropaya qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində Kipoi Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

2020-ci il dekabrın 31-də Avropaya təbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitəsilə Avropaya 10,9 milyon kubmetr təbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Bolqarıstan təbii qaz tələbatının 33 faizini TAP vastiəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirəcək ki, bu da öz növbəsində ölkədə təbii qazın əhəmiyyətini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Zümrüd QURBANQIZI,

"Respublika".