Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib
Siyasət

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib

Pərviz Şahbazov: Bizim istənilən qədər qaz rezervuarımız var

Azərbaycanın qaz rezervləri sual altında deyil. Bizim istənilən qədər qaz rezervuarımız var.

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Bizim Avropa İttifaqı ilə birlikdə bir hədəfimiz var. TAP-ın genişləndirilməsi 2026-cı il üçün nəzərdə tutulub. Başqa imkanlar da var. Sadəcə biz bunları Avropaya uyğun planlaşdırmalıyıq. Eyni zamanda, uzunmüddətli layihə yerinə spot bazarlarda müəyyən qaz satışları həyata keçirilir. Biz bütün bu faktları nəzərə alaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini həyata keçiririk", - deyə nazir qeyd edib.

Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək

Bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək: "İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək".

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün 10-cu ildönümündə Cənub Qaz Dəhlizi Məşvərət Şurası tarixində indiyə qədərki ən böyük iclası keçirilib, bu gün iclasda 23 ölkə iştirak etdi.

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Bu bizə bir çox mesajlar verir. İkinci ildir ki, Azərbaycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Bu gün, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi sevindirir. Azərbaycanda Prezident İlham Əliyev sayəsində bu sahə ciddi inkişaf edir", - deyə nazir qeyd edib.

O bildirib ki, bu görüş çərçivəsində Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr imzalanıb.                                

Kadri Simson: Avropa Azərbaycandan daha çox qaz almaq istəyir

Biz Rusiyadan təbii qaz idxalını tamamilə dayandırmaq istəyirik. Ukraynada baş verən silahlı toqquşmadan əvvəl Avropa Rusiyadan 135 milyard kubmetr təbii qaz idxal edirdi. Bu gün Rusiyadan təbii qaz idxalı 40 milyard kubmetrə qədər azalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. Aİ nümayəndəsi nəzərə çatdırıb ki, Avropa Norveç, ABŞ və Azərbaycanın hesabına alternativ mənbələrdən qaz tədarük edir.

"Biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində işlərimizi davam etdiririk", - deyə K. Simson əlavə edib.

Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib

Mən həmişə Azərbaycana məmnuniyyətlə gəlirəm. Avropa Azərbaycandan təbii qaz almağa davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson energetika naziri Pərviz Şahbazov ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda Avropa Azərbaycandan 11 milyard kubmetr təbii qaz idxal edir.

"Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq əlaqələrini daha da artırmaq fikrindəyik və 2027-ci ilə kimi Azərbaycandan qaz idxalının həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Avropa ilə Azərbaycan 2020-ci ildən başlayaraq enerji sahəsində əməkdaşlığa başlayıb. Bu illər ərzində bir çox layihələr həyata keçirilib və Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Biz yaşıl enerji sahəsində də Azərbaycan ilə əməkdaşlığı davam etdirəcəyik", - deyə Kadri Simson vurğulayıb.

Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm

Azərbaycanın böyük həcmdə yaşıl enerji istehsal etmək potensialı var. Avropanın 150 Qvt yaşıl enerjiyə ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib.

O bildirib ki, Azərbaycanın alternativ enerji mənbələrinin həcmi böyükdür.

"Günəş və külək enerjisinin əldə olunması üçün işlərimiz davam edir. Mən Avropa dövlətlərində fəaliyyət göstərən bir sıra şirkətləri Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm", - deyə K. Simson vurğulayıb.

Komissarın sözlərinə görə, Avropa İttifaqı yaşıl enerjiyə olan tələbatının bir qismini Azərbaycanda istehsal olunan alternativ enerji hesabına ödəməyi planlaşdırır.