Cənub Qaz Dəhlizi: Ölkəmiz Avropaya qaz ixrac etməklə enerji təhlükəsizliyini də artırır
İQTİSADİYYAT

Cənub Qaz Dəhlizi: Ölkəmiz Avropaya qaz ixrac etməklə enerji təhlükəsizliyini də artırır

Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi 2014-cü ilin sentyabrında reallaşıb. 3500 km-dən çox uzanaraq yeddi ölkədən keçən layihəyə təxminən 45 milyard dollar sərmayə qoyulub. Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ-2” layihəsi Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdırmağa imkan verəcək nəhəng bir layihədir.

Azərbaycan regional və qlobal miqyasda nüfuzu və mövqeyi olan bir dövlətdir, beynəlxalq arenada müsbət imici ildən-ilə möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir.

Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan regional məsələlərdə həlledici söz sahibidir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Hazırda mühüm regional və qlobal əhəmiyyətli güclü dövlətə çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Belə ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

Xatırladaq ki, hələ 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Bu Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Bundan sonra 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə o zaman Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar və 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı oldu. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bu kəmərin siyasi və iqtisadi əhəmiyyətini xüsusi qeyd edib vurğulamışdı: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”. Bu qlobal və önəmli layihə vasitəsilə Azərbaycan Avropa və Türkiyə qaz bazarına nəinki “Şahdəniz”, o cümlədən digər qaz yataqlarından da təbii qaz ixrac edə biləcək. Ümumi desək, Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycanın təbii qazı 31 dekabr 2020-ci ildən Avropa bazarına tədarük olunur.

TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlanılıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq, Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans- Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Hazırda TAP üzrə görülən işlər başa çatıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. 2020-ci ilin noyabr ayında Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. 2020-ci il dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Azərbaycan Prezidentinin 29 oktyabr 2013-cü il tarixində “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 25 fevral 2014-cü il tarixində “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Layihənin ikinci fazasını da istifadəyə verməklə, Xəzər dənizindən çıxarılan təbii qazı Avropa bazarına ixrac etmək mümkün olacaq. Belə ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Layihəsi üzrə işlərin yekunlaşmasından və iki layihənin birləşməsindən sonra 2020-ci ildən etibarən Azərbaycan qazının 10 milyard kubmetri Avropa, qalan hissəsi isə Türkiyə qaz bazarına çatdırılacaq. TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq. Bu mənada, ölkə üçün əsas prioritet qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bütün layihələr göstərir ki, Azərbaycan uğurla enerji siyasətini həyata keçirir, regional əməkdaşlığa təkan verir və milli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində doğru addımlar atır. “Şahdəniz Mərhələ-2” layihəsi “Şahdəniz Mərhələ-1” layihəsindən hasil olunan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. “Şahdəniz” qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək, 3500 km məsafə boyunca nəql ediləcək. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə, İtaliyanın cənubuna qədər uzanacaq.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də yekunlaşdırılması və bu nəhəng layihənin tam sistem kimi işə salınması Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Prezident İlham Əliyev çıxışında 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin mövcud olan ən yüksək ekoloji standartlara cavab verdiyini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin etməklə, Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Mustafa KAMAL,

Respublika”.