Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları sayəsində bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə bir daha əmin olduq. Əmin olduq ki, bu həsrəti daim yaşayan Güney Quzeydən heç bir vaxt ayrılmayıb. Bu gün də belədir. Vətən müharibəsində dünyanın bir sıra ölkələrindən ölkəmizə dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, amalı uğruna canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, xüsusilə də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Onun təşəbbüsü və planı əsasında 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimizin də dediyi, "Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri, bir daha Azərbaycan dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizin bu sayından etibarən "Cənubdan gələn səslər" rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edəcəyik. Beləliklə, rubrikanın ilk qonaqlarını təqdim edirik:

 

RƏHMAN ARAZ

Rəhman Məşədi Məhəmməd oğlu Cəfəri 1961-ci ildə Qaradağın Diklə bölgəsinin Əhər-Kəleybər kəndində dünyaya göz açıb. Orta məktəbi doğma kəndində bitirib. 1971-ci ildə ailəsi ilə Təbrizə köçüb. 1981-ci ildə Tehrana - Kərəcə köçüb və burada corab toxuma atelyesi açıb. 25 il bu işdə çalışıb.

1991-ci ildən isə yaradıcılıqla məşğuldur. O, bu müddətdə heç bir dərnəkdə ədəbi fəaliyyət göstərməyib, yalnız öz dərin mütaliəsinə güvənərək yazıb yaradıb...

Şairin ilk şeirlər toplusu "Könül, yolun sal Təbrizə" başlığı altında 2015-ci ilin birinci yarısında "Avay Münci" nəşriyyatında çap edilib və oxucu kütləsinin rəğbətini qazanıb. Tehran, Kərəc və Urmiyada kitabın təqdimat mərasimləri keçirilib. Bir çox ədəbiyyatşünaslar onu Azərbaycan poeziyasının görkəmli, parlaq nümayəndəsi kimi dəyərləndiriblər.

Rəhman Araz əsərlərini "Yaddan çıxmaz Ağca qışlaq, Sarıbulaq" (2016), "Araz haqda kim nə dedi?" başlıqlı kitablarında oxuculara çatdırıb. Daha sonra, o, "Dədə Qorqud boyları" (2017), "Ozan Dədəm" (2021) kitabları ilə oxucuların görüşünə gəlib.

Bir gözüm ağladı,

bir gözüm güldü

Şuşa alınanda sevgi, sevincdən,

Bir gözüm ağladı, bir gözüm güldü.

Dolanbac, qeyqacı yurd yollarında,

Bir izim ağladı, bir izim güldü.

 

Qarabağı qarış-qarış alanda,

El ordusu zəfər marşın çalanda.

Üzeyir, Vaqifi yada salanda,

Bir sözüm ağladı, bir sözüm güldü.

 

Ağrıda, Qafqazda şimşək şaxanda,

Arazboyu bulutları yaxanda,

İki yüz il geri dönüb baxanda,

Bir üzüm ağladı, bir üzüm güldü.

 

Gəldi

Torpaq itkisindən Azərbaycanım,

Silaha sarılıb özünə gəldi.

Aşıb Dəlidağdan, keçib Murovdan,

Qarabağda Cıdır düzünə gəldi.

 

Qarış-qarış aldı torpağın, daşın,

Sildi Qarabağın qanlı gözyaşın.

Əzdi minbir üzlü düsmənin başın,

Zəngilan, Zəngəzur özünə gəldi.

 

Alışdırdı külə dönmüş ocağın,

Arıtdı Şuşada İsa bulağın.

Aldı Oğuz, Xaqan, Qorqud sorağın,

İçdiyi andına, sözünə gəldi.

 

BƏHRAM ƏSƏDİ

1965-ci ildə Urmiyada Qoşaçaylıda dünyaya göz açıb. İlk və orta təhsilini Urmiyada bitirdikdən sonra, pedaqogika üzrə ali təhsil alıb. 1986-cı ildən 2015-ci ilədək əvvəlcə Soyuqbulaqda, sonra isə Urmiyanın fərqli mədrəsələrində müəllimlik edib.

Bəhram Əsədi istedadlı uşaq yazarıdır. Urmiyada fəaliyyət göstərən "Yaz" mətbuat evinin direktorudur. "Yaz" nəsriyyatında əsərlər yalnız Azərbaycan türkcəsində çap olunur. Urmiya kitabxanasının kiçik bir guşəsində nəşr etdiyi kitabların nümayişini təskil edib.

Burada Azərbaycan şairlərindən Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Məhəmməd Füzuli, Nizami Gəncəvi, İmadəddin Nəsiminin əsərlərinə, "Dədə Qorqud", "Koroğlu" dastanlarına, Qarapapaq tayfalarının tarixinə dair kitablara rast gəlmək mümkündür. Bu kitablar isə Azərbaycan türkcəsində, həm ərəb, həm də latın qrafikası ilə çap edilib.

Bəhram Əsədi bu gün də Urmiyada yaşayır.

Tanı məni

Azərbaycan evladıyam,

Bu ocağın közü mənəm.

Kəskin dilli bir şairəm,

Millətin haqq sözü mənəm.

 

Terrordur sənin niyyətin,

Qan tökmək olmuş adətin,

Tarix boyu həqiqətin,

Astarı sən, üzü mənəm.

 

Kabus olub qalacağam,

Başın üstün alacağam,

Gözlərinə dolacağam,

Qarabağın tozu mənəm!

 

Xarıbülbül

İllər oldu ayrılığın,

İtirdinmi arı, bülbül?

Yoxsa köksünü deşdimi?

Ayrılığın xarı, bülbül?!

 

Otuz il hicranın sonu,

Çağırdı bir sevən onu,

Gördü vətən ordusunu,

Çiçəkləndi xarıbülbül.

 

İlin gözəl çağlarında,

Qarabağın bağlarında,

Gözəl Şuşa dağlarında

Axtarıram yarı, bülbül...

 Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.