Cənubi azərbaycanlı tədqiqatçılar Füzulidə erməni barbarlığı barədə ətraflı məlumatlandırılıblar
Digər xəbərlər

Cənubi azərbaycanlı tədqiqatçılar Füzulidə erməni barbarlığı barədə ətraflı məlumatlandırılıblar

Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar erməni işğalından azad edilmiş Ağdam və Şuşa şəhərlərindən sonra noyabrın 29-da Füzuli rayonunda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Ərk" İnsan Hüquqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi əvvəlcə Füzuli şəhərinin mərkəzinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhəri və rayonun kəndləri tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Rayonun təbiəti - ağaclar və yaşıllıqlar, su mənbələri, o cümlədən kəhriz və bulaqlar məhv edilib.

Qonaqlar sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Cənubi azərbaycanlı tədqiqatçılar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Məlumat verilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan dövləti tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli Beynəlxalq Hava Limanının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir. Həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.

Qonaqlar sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olublar. Onlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, Yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Erməni barbarlığına şahid olan qonaqlara, həmçinin Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə də məlumat verilib.

AZƏRTAC