Cənubi azərbaycanlı tədqiqatçılar Şuşada
Digər xəbərlər

Cənubi azərbaycanlı tədqiqatçılar Şuşada

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar erməni işğalından azad olunmuş Şuşa şəhərinə səfər edib, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara - Fransada yaşayan Təbriz əsilli yazıçı, tədqiqatçı-jurnalist Maşallah Rəzmi və "Ərk" İnsan Hüquqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizliyə Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara güllələnmiş heykəllər barədə məlumat verilib. Qeyd olunub ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşanın hər məhəlləsində məscid, bulaq və hamam vardı. Ermənilər Şuşanı işğal altında saxladıqları dövrdə qədim abidələri, o cümlədən məscidləri dağıdıblar. Bulaqların suyu qurudulub. Hazırda şəhərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində məscid və bulaqlar da bərpa edilir.

Qonaqlar sonda Cıdır düzünü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib, sonra Füzuli rayonuna yola düşüblər.

AZƏRTAC