CƏNUBİ QAFQAZDA SÜLHÜN BƏRQƏRAR OLMASI AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ ŞƏRTLƏR ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR
Siyasət

CƏNUBİ QAFQAZDA SÜLHÜN BƏRQƏRAR OLMASI AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ ŞƏRTLƏR ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına müsahibəsində bir çox mühüm məsələlərdən danışdı, Azərbaycanın Qarabağla bağlı mövqeyini əhatəli şəkildə açıqladı, Qarabağ məsələsində qətiyyətli mövqeyini bir daha ifadə etdi və Ermənistana, onu himayə edənlərə çox mühüm açıqlamalar verdi. Dövlət başçısı bu günə qədər dəfələrlə irəli sürdüyü şərtləri, təklifləri bir daha beynəlxalq ictimaiyyətə, region ölkələrinə, bölgədə maraqları olan qlobal dünya güclərinə çatdırdı. Bununla bir daha göstərdi ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq məhz Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlər çərçivəsində təmin edilə bilər.

Bununla yanaşı, cənab Prezidentin müsahibəsi təkcə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə formalaşmış regional geosiyasi vəziyyətə həsr olunmamışdır. Cənab İlham Əliyev həmçinin bir sıra qlobal, beynəlxalq münasibətlər kontekstində xüsusi önəm daşıyan məsələlərə də toxundu, Azərbaycanın gələcək siyasi xətti ilə bağlı vacib açıqlamalar verdi.İstər Azərbaycan cəmiyyəti, istərsə də regional və qlobal güc mərkəzləri sözügedən müsahibədə olduqca əhəmiyyətli fikirlərin yer aldığını aydın görür.

Xüsusilə qeyd edilməlidir ki, dövlət başçısı həyata keçirdiyi siyasətin ulu öndərin siyasi xəttinin davamı olmasını bildirdi: "Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim". Əlbəttə, Azərbaycanı qələbəyə aparan müdrik və uzaqgörənliklə düşünülmüş siyasi strategiyanın müəllifi Heydər Əliyev, həmin strategiyanı gerçəkləşdirə biləcək yeganə lider isə ulu öndərin ən layiqli siyasi davamçısı Prezidentimiz cənab İlham Əliyevdir. Haqqında danışdığımız siyasi strategiyanın açar elementlərindən biri Türkiyə və Azərbaycan arasında dərin strateji tərəfdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.Dövlət başçısı bu məsələdə də Heydər Əliyev siyasi irsinə istinad etməyi vacib bildi:  “Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın məşhur kəlamı vardı: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq. Siz burada insanlarla təmaslar əsnasında görürsünüz ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma İkinci Qarabağ müharibəsində daha da artdı”,- deyən cənab İlham Əliyev ulu öndərin siyasi strategiyasına sadiq qaldığını bir daha ifadə etdi. Eyni zamanda, bu o deməkdir ki, xalqların etnik yaxınlığı, eyni dinə mənsubluğu onların daimi dostluğuna zəmanətin olması anlamına gəlmir, dostluq və qardaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsi üçün möhkəm siyasi iradənin sərgilənməsinə ehtiyac var.  Bunun nə demək olduğunu isə, ulu öndər şəxsən özü, sonra isə dövlət başçımız bütün dünyaya hər zaman nümayiş etdiriblər.

“CNN Türk” kanalına müsahibədə dövlət başçımız yenidən Paşinyana, onun ətrafında olan siyasi qüvvələrə və Ermənistan cəmiyyətinin özünə mühüm açıqlamalar etdi. Belə ki, Azərbaycan Prezidenti mənasız iddialardan, revanşizmdən imtina etməyin vacibliyini vurğuladı. Ermənistanın, ermənilərin həm öz gələcəkləri, həm region xalqlarının gələcəyi naminə gərəksiz, heç bir perspektivi olmayan iddialardan geri çəkilmələri mühüm şərtdir. Əks halda, dəmir yumruğu bir daha başlarında hiss edəcəklər. Bu dəfə daha amansız və acı məğlubiyyət yaşayacaqlar. Cənab Prezident bununla həm də son aylar baş qaldıran revanşist meyillərlə bağlı da xəbərdarlığını ciddi formada ifadə etdi. Yəni Azərbaycan tərəfindən yenidən antiterror əməliyyatının həyata keçirilməsi Ermənistan üçün acı bir reallığa çevrilə bilər.

Dövlət başçısı Ermənistan müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verməsinə - əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar, -- deməsinə də diqqət çəkdi  və xəbərdarlıq etdi: “Yəni görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq”. Bu olduqca vacib və Azərbaycanın hər bir vətəndaşının ürəyindən xəbər verən mövqedir ki, dövlət başçımız da bunu qətiyyətlə bəyan etdi. Prezident Şuşadan Xankəndinin, Laçın dəhlizinin tam nəzarətdə saxlanıldığını, oraya daxil olan və geri dönənlərin statistikasının da Azərbaycanda olduğunu konkret rəqəmlərlə vurğuladı. Bununla da erməni revanşistlərə ağıllarını başlarına yığmağın zəruriliyi mesajını vermiş oldu.

Bu açıqlama çox böyük önəm daşıyır, təkcə ona görə yox ki, cənab İlham Əliyev qalib ölkənin Prezidenti, rəşadətli ordunun Müzəffər Ali Baş Komandanıdır. Ən əsası ona görə ki, cənab Prezidentin, Azərbaycanın təklif etdiyi sülh variantı ən ədalətlidir. Burada Ermənistana kifayət qədər geniş imkanlar tanınır.

Beləliklə, Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalı və təxribatlara yol verməməlidir. Yəni bədnam qonşumuz müharibə barədə yox, sülh barədə düşünməlidir, vaxt azdır. Prezident müsahibədə açıq qeyd etdi ki, Azərbaycan sülh danışıqlarına hazırdır və rəsmi Bakı hesab edir ki, bölgədə sülhü və əmin-amanlığı təmin etmək üçün Ermənistan mütləq təxribatlara son qoymalıdır. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi məlumdur. Əgər Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır.

Sirr deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun lideridir. Odur ki, respublikamızın yerləşdiyi bölgədə burada yaşayan bütün xalqların əmin-amanlığını və yüksək rifahını təmin edə biləcək beynəlxalq əməkdaşlıq da ölkə Prezidentinin hər zaman diqqət mərkəzində olmuşdur: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq" deməklə, cənab İlham Əliyev yenidən öz liderlik xüsusiyyətlərini nümayiş etdirdi və bu çağırışla region dövlətlərini, hətta Ermənistanı da sözdə deyil, gerçək reallıqda əməkdaşlıq etməyə çağırdı.

Dövlət başçısı müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa Bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq İlham Əliyev Türkiyə haqqında danışarkən ilk dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”. Həqiqətən, Azərbaycan müstəqillik qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub.

Söhbət təbii ki, həm də Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyindən və bu tərəfdaşlığın gələcəkdə yarada biləcəyi qlobal miqyaslı siyasi gücdən gedir. Bu güc Çindən Avropaya uzanan qlobal ticarət yolunun sülh və əməkdaşlıq yoluna çevrilməsinə imkan verəcək. Məhz bu səbəbdən, ermənilər Azərbaycan ilə Türkiyə arasında olan bu strateji tərəfdaşlığı bəri başdan pozmağa çalışırlar ki, geniş anlamda qlobal gücə malik Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyi oturuşmasın, onlar da öz məkrli əməllərini, sahiblərinin sifarişlərini yerinə yetirməkdə davam etsinlər.

Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyev qardaş Türkiyə ilə müttəfiqliyimizdən, Şuşa Bəyannaməsindən, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyindən məmnunluqla bəhs etdi və yanğınların söndürülməsində Azərbaycan tərəfinin iştirakını qeyd etməklə birliyimiz və qardaşlığımızın əbədi olduğunu vurğuladı. Bu mənada erməni terrorizminin qalıqlarını məhv etmək üçün də Şuşa Bəyannaməsinin konkret müddəalarına istinadən birgə qərarlar verilə bilər.

Beləliklə, Cənubi Qafqazda sülhün bərqərar olması ancaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü şərtlər əsasında mümkündür. Dövlət başçısı Azərbaycanın birmənalı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bölgədə davamlı sülh üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsi imzalamasının zəruriliyini vurğuladı.

Emin QASIMOV,

“Respublika”.