Cənubi Qafqazdakı reallıqlar, ermənilərin başına endirilən “Dəmir yumruq
Siyasət

Cənubi Qafqazdakı reallıqlar, ermənilərin başına endirilən “Dəmir yumruq" İranın canına vəlvələ salıb

Azərbaycan sülhsevər, tolerant, humanist, ölkələrlə səmimi dostluq münasibətlərinə önəm verən müstəqil dövlətdir. Lakin çox böyük təəssüflə qeyd etməliyik ki, regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verən ölkəmiz İran, Ermənistan kimi işğalçı, terrorçu ölkələrlə qonşudur. Azərbaycanın tarixi torpaqlarını zəbt edən hər iki dövlət bütün dövrlərdə ölkəmizə düşmənçilik münasibəti bəsləmiş, fürsət tapdıqca xalqımıza zülmlər vermiş, ərazilərimizi işğal etmişdir. İran və Ermənistanı birləşdirən bu cəhətlər onları iki "qardaş" ölkəyə çevirmişdir. Eyni məqsədə xidmət edən, oxşar siyasət yürüdən dost ölkələr həm də "iş ortağıdırlar".

Ölkəmizə qarşı ikiüzlü siyasət yürüdən İran əvvəllər bunu gizli saxlayır, Azərbaycanı özünə yaxın qonşu, dost ölkə hesab etdiyini vurğulayırdı. Belə ki, Ermənistanın 30 il ərzində ərazilərimizi işğal altında saxladığı dövrdə üzdə Azərbaycanı dəstəklədiyini bildirsə də, əməldə bunun tam əksini edir, Ermənistanı silahlandırır, işğalçı ölkə ilə işbirliyi quraraq Azərbaycanın təbii sərvətlərini talan edirdi. İkinci Qarabağ müharibəsində öz gücünə, heç bir ölkədən dəstək ummadan torpaqlarını ermənilərdən geri alan Azərbaycanın Ermənistan üzərində qalibiyyətindən sonra İranın iç üzü açıldı. Ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqlar, ermənilərin başına endirilən "dəmir yumruq" İranın canına vəlvələ saldı.

İranı sarsıdan səbəblərdən biri İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsidir. Lakin cənub qonşumuzun keçirdiyi sarsıntı təbii ki, Ermənistanın rüsvayçı şəkildə məğlubiyyəti ilə bağlı deyil, 30 ilə yaxındır ki, ermənilərlə birləşib narkotik maddələrin istehsalı, ticarəti və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə etdiyi, qazanc mənbəyinə çevirdiyi münbit torpaqların əlindən çıxmasıdır. Hətta İran bundan o qədər hiddətləndi ki, əsrlər boyu Azərbaycana düşmən kəsilən, işğal etdiyi Azərbaycan torpaqlarında İslam dini abidələrini təhqir edən, məscidlərində donuz saxlayan Ermənistanın sərhədlərini özünün qırmızı xətti, təhlükəsizliyini özünün təhlükəsizliyi elan etdi.

İran ölkəmizin nəinki regionda, bütün dünyada artan nüfuzundan narahatlıq keçirir. Türkiyə ilə Azərbaycan birliyi isə İranı sözün əsl mənasında qorxuya salıb. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olmasının əsasında da bu faktor dayanır. Belə ki, İran Azərbaycan və Türkiyənin Zəngəzurda möhkəmlənməsi nəticəsində onun Ermənistan vasitəsilə Gürcüstana, oradan da Avropaya çıxış imkanlarına əngəl yaranacağından ehtiyat edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə İranın Cənubi Qafqaza təsirinin minimuma enəcəyindən qorxur. Lakin nə İran, nə də onun yaxın dostu Ermənistan anlamır ki, Zəngəzur dəhlizinin açılması heç bir ölkəyə qarşı yönəlməyib, əksinə, bu dəhlizin işləməsi ümumilikdə bütün regionun inkişafına səbəb olacaq.

Ermənistanın işğalı altında olan 132 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizləyən ölkəmizə qarşı İran rəsmilərinin əsassız ittihamlar irəli sürməsi, Azərbaycanla İsrailin diplomatik əlaqələrindən təşvişə düşərək "Azərbaycan bu bölgələrə İsraili gətirib" deməsi və s. şər-bötan xarakterli iftiralarla çıxış etməsi erməni havadarı olan İranın bütün başqa dövlətlərlə, eyni zamanda qonşu ölkələrlə münasibətlərini müstəqil siyasət əsnasında quran Azərbaycanın gündən-günə güclənməsindən, qüdrətlənməsindən ehtiyat etdiyinin isbatıdır. Hərbi gücünü Azərbaycana göstərmək üçün ölkəmizlə sərhəddə bir-birinin ardınca təlimlər keçirən İran əməkdaşlığın, tərəfdaşlığın, qardaşlığın mücəssiməsi olan Türkiyə-Azərbaycan birliyindən, həmçinin Azərbaycanın cənubda yaşayan 40 milyon vətəndaşına sahib çıxmasından hürkür. Azərbaycan-Türkiyə birliyi İranı qorxuya salıb, çünki cənub qonşumuz yaxşı bilir ki, türk xalqlarının həmrəyliyi daha böyük çevrəni əhatə edə bilər. Ta bir ucu Güney Azərbaycanda olan 40 milyona yaxın azərbaycanlıya qədər…

Terror yuvası olan, din pərdəsi altında minlərlə cinayət hadisəsi, təxribat törədən terrorçu İran hər zaman anti-Azərbaycan siyasəti yürütmüş, düşmənimizlə yaxın dostluq münasibətləri quraraq ölkəmizə qarşı alçaq siyasətlərini birləşdirmişlər. İran belə alçaq niyyətli əməlini bir neçə gün əvvəl, yanvar ayının 27-də bir daha həyata keçirməyə müvəffəq oldu. Belə ki, yanvar ayının 27-də səhər saatlarında İranın xüsusi xidmət orqanı SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum etmiş, qanlı terror aktı törədərək səfirliyin təhlükəsizlik xidmətinin rəisini öldürmüş, daha iki əməkdaşı isə yaralamışdır. İran tərəfinin hadisənin ailə-məişət zəminində baş verdiyini uydurması, cəmiyyəti bu ağ yalana inamdırmaq üçün terrorçunu televiziya ekranlarına çıxararaq ona guya Azərbaycan səfirliyində "itirdiyi" həyat yoldaşını axtardığını söylətməsi hadisənin terror olmadığı ilə bağlı beynəlxalq ictimaiyyətdə rəy formalaşdırmağa xidmət edir. Lakin bu terror aktı açıq-aydın bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsidir. Azərbaycan hökuməti İrandakı daimi nümayəndəliyində baş vermiş hadisəni pisləyir, səfirliyimizin mühafizə xidməti rəisinin ölümü ilə nəticələnən terror aktında birbaşa İran hökumətinin məsuliyyət daşıdığını bildirir və rəsmi İrandan obyektiv araşdırma gözləyir. Fevral ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən Tehranda yerləşən Azərbaycan səfirliyində baş verən terror aktının hərtərəfli şəkildə araşdırıldığını bildirmiş və hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı bir ciddi tədbir görülmədiyini diqqətə çatdırmışdır.

Onu da qeyd edək ki, ölkəmizin Tehrandakı diplomatik nümayəndəliyinə edilən hücuma da ilk rəsmi bəyanat verən ölkə məhz İkinci Qarabağ müharibəsi başlayan gündən Azərbaycanın yanında olan, ona siyasi-mənəvi dəstək göstərən Türkiyə oldu. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş verən hadisədən dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək hadisəni terror aktı olaraq qiymətləndirmiş, bununla bağlı narahatlığını ifadə etmişdir. Bir çox dövlətlər də İranda Azərbaycan nümayəndəliyinə edilən silahlı basqını lənətlədi, bunu Azərbaycan dövlətinə qarşı təxribat, terror aktı kimi qiymətləndirdi.

Azərbaycan dövləti bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Belə ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Mehparə ƏLİYEVA,

"Respublika".